ToplumTV-çilərin məhkəməsində qalmaqal: hakimə etiraz etdilər, zaldan çıxarıldılar
Tarix: Bu gün, 15:01
"ToplumTV işi" üzrə 12 ildən 15 ilədək həbs cəzası almış doqquz jurnalist və ictimai-siyasi fəalın apellyasiya şikayəti üzrə ilk məhkəmə iclasında qalmaqal yaşanıb. Bakı Apellyasiya Məhkəməsində sentyabrın 21-də keçirilən ilkin baxış iclasında doqquz nəfərdən yeddisi hissə-hissə məhkəmə zalından çıxarılıb. Nəticədə onlar öz məhkəmələrində iştirak edə bilməyiblər.
Civilazerbaijan.com bildirir ki, bu iş üzrə apellyasiya şikayətinə Zəfər Əhmədovun sədrliyi ilə Faiq Qəniyev və Əfqan Ələkbərovdan ibarət hakimlər kollegiyası baxır. Məhkəmə iclasının əvvəlində həbsdəki jurnalistlərdən Fərid İsmayılov bu heyətlə işə baxılmasına etiraz edib. O yada salıb ki, Z.Əhmədov "AbzasMedia işi" üzrə həbs olunan jurnalistlərin də apellyasiya şikayəti məhkəməsinə sədrlik edib: "Həmin məhkəmə prosesini də biabırçı şəkildə apardınız...".
O işdə də sifarişlə qərar verildiyini və jurnalistlərin hüquqlarının pozulduğunu vurğulayan F.İsmayılov xatırladıb ki, hakim Z.Əhmədov məhkəmə sistemindən əvvəl prokurorluq orqanlarında çalışıb. O, Qaradağ rayonunun prokuroru olub: "Özünüzü hələ də prokuror kimi aparırsınız...".
Z.Əhmədov 20 il (2005-2025) Milli Məclisin deputatı olmuş Vahid Əhmədovun oğludur.
Ötən ilin avqustunda "AbzasMedia işi" üzrə keçirilən apellyasiya məhkəməsində də jurnalistlər prosesə Z.Əhmədovun sədrlik etməsinə qarşı çıxmış, onun hakimlik təcrübəsinin olmadığını demişdilər.
Hakim Z.Əhmədov indiyədək barəsində səslənən bu fikirlərə ictimai şəkildə heç bir münasibət bildirməyib.
Jurnalist digər hakimə də etirazını bildirib
F.İsmayılov kollegiya tərkibindəki digər hakim F.Qəniyevin də sifarişli qərarların qəbulunda iştirakını vurğulayıb, həm də 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olan qardaşı Şakir Qəniyevin fəaliyyətindən danışıb: "Qardaşı da məhbuslara verdiyi işgəncələrlə ad çıxarıb. Mühakimə etməyə qalanda əvvəl elə qardaşından başlamalıdır".
Hakim Z.Əhmədov bu çıxışına görə F.İsmayılovun məhkəmə zalından çıxarılması barədə göstəriş verib. Penitensiar Xidmətin əməkdaşları Fəridi çıxarmaq istəyəndə ToplumTV-nin həbsdə olan digər jurnalistləri buna etiraz ediblər. Onlar bildiriblər ki, bu cür başlanğıc hakimlərin özlərinin mahiyyəti və baxdıqları işə necə yanaşdıqlarının göstəricisidir. F.İsmayılov məhkəmə zalından çıxarılıb. Ardınca ToplumTV-nin video-redaktoru Müşfiq Cabbarov, jurnalistlər Əli Zeynalov və Ramil Babayev də zalı tərk ediblər.
Məhkəmə zalında qalanların anket məlumatları dəqiqləşdirilərkən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov hakim Z.Əhmədovun ona "sən" deyə xitab etməsinə etirazını bildirib: "Etikaya riayət edin, bir qədər tərbiyəli olun, mənə "sən" deyə bilməzsiniz".
Hakim isə ona "tərbiyəsiz özünsən, bura sənin üçün siyasi tribuna deyil, şou göstərirsən" - cavabını verib.
Bu qalmaqal da Qurbanovun zaldan çıxarılması ilə nəticələnib. Ardınca isə təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı, ictimai fəal İlkin Əmrahov zaldan gedib..
"Hətta atanız da etiraf edib ki..."
III Respublika Platformasının qurucularından Ruslan İzzətli hakim Z.Əhmədova xatırladıb ki, atası V.Əhmədov sonuncu deputatlıq dövründə bloqer Mehman Hüseynova müsahibəsində ölkədə siyasi məhbusların olduğunu etiraf etmişdi. Elə buna görə də cəzalandırılaraq ona töhmət vermişdilər: "Hətta atanız da etiraf edib ki, bu ölkədə insanları siyasi sifarişlə həbs edirlər...".
Hakim onun sözünü kəsərək məhkəmənin ata-oğul söhbətlərinin yeri olmadığını deyib.
"Axı siz özünüzü hakim kimi aparmırsınız. Siz özünüzü jandarm kimi aparırsınız", - R.İzzətli cavab verib.
Hakim R.İzzətliyə də "tərbiyəsiz" deyib və qarşı tərəf ona "özünsən" cavabını qaytarıb. Ardından onun da zaldan çıxarılmasına göstəriş verilib və bu əmr yerinə yetirilib.
Məhkəmə zalında təqsirləndirilən şəxslərdən yalnız iki nəfər –ToplumTV-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli və Elmir Abbasov qalıb.
Ə.Məmmədli deyib ki, rahatlıqla "zaldan çıxarın" göstərişi verilən şəxslərin hər biri ali təhsilli, savadlı, ziyalı insanlardır. O yada salıb ki, R.İzzətli Qarabağ döyüşlərinin iştirakçısı olub, buna görə medallarla təltif edilib. A.Qurbanov illərlə Mərkəzi Seçki Komissiyasının üzvü olub. Burada təmsilçiliyinə isə parlamentin deputatları səs verib: "Mən özüm Türkiyədə təhsil almış hüquqşünam. Bu gün siz vəzifədəsinizsə, güc sizin tərəfinizdədirsə, bu sizə ixtiyar vermir ki, belə ziyalı insanlarla yüksək tonla danışasınız. Xüsusən də ədalətsizlik edirsinizsə...".
Vəsatətlərin müzakirəsinə imkan verilməyib
Z.Əhmədov vəkillərə vəsatətlərini səsləndirməyi təklif edib. Vəkillər hakimə xatırladıb ki, təqsirləndirilən şəxslər zalda yoxdur və onlar vəsatətlərin müzakirəsində iştirak edə bilməyəcək. Hakim isə bildirib ki, vəsatətləri müzakirəyə çıxarmağa ehtiyac yoxdur.
Təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması, apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması (bəzi şahidlərin dindirilməsi, müəyyən sübutların araşdırılması və s.) barədə vəkillər vəsatətlər qaldırıblar.
Qanuna görə, qaldırılan hər bir vəsatətə digər vəkillər, təqsirləndirilən şəxslər və prokuror münasibət bildirəndən sonra hakimlər qərar çıxarmalıdır. Lakin ToplumTV-nin məhkəməsində vəsatətlərin müzakirəsinə imkan verilməyib. Hakimlər müşavirəyə gedib, az sonra geri qayıdaraq elan ediblər ki, heç biri təmin olunmadı.
Bu iş üzrə məhkəmə baxışı isə oktyabrın 5-nə təyin olunub.
Qeyd edək ki, "ToplumTV işi" üzrə həbslər 2024-cü il martın 6-dan başlayıb. Həmin gün həm ToplumTV-nin, həm də Demokratik Təşəbbüslər İnstitutunun ofisində, həmçinin əməkdaşların evlərində axtarışlar aparılıb.
Bu cinayət işi üzrə həbsdə olan doqquz nəfər jurnalist və ictimai-siyasi fəala ümumilikdə 121 il həbs cəzası kəsilib. Hökmə əsasən, Akif Qurbanov və Ruslan İzzətlinin hər biri 15 il, Ələsgər Məmmədli və Əli Zeynalov 14 il, Müşfiq Cabbarov, Ramil Babayev və İlkin Əmrahovun hərəsi 13 il, Fərid İsmayılov və Elmir Abbasov isə 12 il azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslərə qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma və s. ittihamlar verilib. Onların heç biri ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 nəfərdən artıq jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 328 nəfər siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs edilmir. Onlar iddia edir ki, həmin siyahılarda yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar. (AzadlıqRadiosu)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər











