Elm siyasətinə zidd addımlar
Tarix: Dünən, 13:05
Civilazerbaijan.com Coğrafiya elmləri üzrə fəlsəfə doktoru, dosent Natiq Babayevin "Elm siyasətinə zidd addımlar" məqaləsini təqdim edir:
Elm siyasəti və Coğrafiya İnstitutunun taleyi: suallar cavab gözləyir
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025-ci il tarixli, 545 nömrəli "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı ölkədə elmin inkişafında yeni mərhələnin əsasını qoydu. Sərəncamın əsas məqsədi elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi, elmi potensialın qorunması və dövlətin elm siyasətinin daha səmərəli həyata keçirilməsidir.
Lakin hazırda Coğrafiya İnstitutunda müşahidə olunan proseslər istər-istəməz belə bir sual doğurur: Prezidentin müəyyən etdiyi elm siyasəti praktikada həyata keçirilir, yoxsa onun mahiyyətinə zidd addımlar atılır?
Söhbət adi inzibati dəyişiklikdən getmir. Söhbət Azərbaycan coğrafiya elminin onilliklər ərzində formalaşmış maddi-texniki bazasından, elmi laboratoriyalarından, zəngin kitabxana və arxiv fondundan, bütöv bir elmi məktəbin fəaliyyət mühitindən gedir.
Hazırda Coğrafiya İnstitutunun balansında olan inzibati binanın Azərbaycan Memarlıq və İnşaat Universitetinin istifadəsinə verilməsi istiqamətində ciddi hazırlıq işlərinin aparıldığı müşahidə olunur. Ən narahatedici məqam isə odur ki, institut əməkdaşlarının iş otaqlarını boşaltması, şəxsi və xidməti əşyalarını toplaması artıq prosesin nəzəri müzakirə mərhələsini keçərək praktik müstəviyə qədəm qoyduğunu göstərir.
Bu vəziyyət qarşısında haqlı sual yaranır: əgər məqsəd elmi müəssisələrin fəaliyyətinin səmərəliliyini artırmaqdırsa, nə üçün Azərbaycanın aparıcı elmi müəssisələrindən biri öz yeganə inzibati binasını itirmək təhlükəsi ilə üz-üzə qalıb?
Yeganə bina niyə başqa quruma verilməlidir?
Coğrafiya İnstitutunun balansında olan bina bu elmi müəssisənin yeganə müstəqil inzibati binasıdır. Söhbət istifadəsiz qalan və ya alternativi mövcud olan əmlakdan getmir. İnstitutun elmi fəaliyyəti, laboratoriyaları, kitabxanası, arxivləri və inzibati strukturu uzun illər ərzində məhz bu binada formalaşıb.
Belə olan halda tam əsaslı sual yaranır: institutun balansında olan yeganə binanın başqa bir qurumun balansına verilməsi hansı elmi, hüquqi və ya idarəetmə zərurətindən irəli gəlir? Bu addım Prezidentin 545 nömrəli Sərəncamında müəyyən edilmiş məqsədlərə necə xidmət edir?
Elmi irsin qorunması məsələsi
Fotolarda görünən kitabxana sadəcə kitab rəflərindən ibarət deyil. Burada Azərbaycan coğrafiya elminin müxtəlif istiqamətlərini əhatə edən minlərlə elmi jurnal, monoqrafiya, xəritə, atlas və arxiv materialları qorunur. Bu fond uzun illər ərzində formalaşdırılmış qiymətli elmi irsdir.
Belə bir elmi bazanın parçalanması və ya müxtəlif ünvanlara köçürülməsi yalnız fiziki daşınma məsələsi deyil. Bu, elmi informasiyanın idarə olunmasına, tədqiqat prosesinin təşkilinə və elmi mühitin bütövlüyünə birbaşa təsir göstərə biləcək ciddi məsələdir.
Laboratoriyaların gələcəyi
Coğrafiya İnstitutunun laboratoriyaları uzun illər ərzində yaradılmış elmi infrastrukturun əsas tərkib hissəsidir. Burada müasir elmi avadanlıqlar, cihazlar, reaktivlər və tədqiqatların aparılması üçün zəruri iş şəraiti mövcuddur.
Hazırda laboratoriyaların sıxlaşdırılması istiqamətində görülən işlər belə bir sual doğurur: bu dəyişikliklər elmi fəaliyyətin keyfiyyətinə, laboratoriyaların funksionallığına və gələcək inkişafına necə təsir göstərəcək? Təəssüf ki, bu suala indiyədək ictimaiyyətə açıq və əsaslandırılmış cavab verilməyib.
Faktlar artıq göz önündədir
Təqdim olunan fotolar fərziyyə deyil, mövcud vəziyyətin vizual təsdiqidir. Kitabxana fondu, laboratoriyalar və boşaldılan otaqlar göstərir ki, proses artıq başlayıb.
Bu səbəbdən məsələni yalnız Coğrafiya İnstitutunun daxili işi kimi qiymətləndirmək doğru olmaz. Söhbət dövlət vəsaiti hesabına formalaşdırılmış elmi infrastrukturun, Azərbaycan elminin strateji potensialının və Prezidentin müəyyən etdiyi elm siyasətinin praktikada necə həyata keçirilməsindən gedir.
Cavab gözləyən əsas sual
Əgər Prezidentin 545 nömrəli Sərəncamının əsas məqsədi elmi müəssisələrin maddi-texniki bazasını gücləndirmək, onların fəaliyyətinin səmərəliliyini artırmaq və elmi potensialı qorumaqdırsa, Azərbaycanın aparıcı elmi müəssisələrindən biri olan Coğrafiya İnstitutunun öz balansında olan yeganə binasının başqa qurumun balansına verilməsi bu məqsədlərə necə xidmət edir?
Bu sual təkcə Coğrafiya İnstitutunun kollektivini deyil, Azərbaycan elminin gələcəyinə biganə olmayan hər bir vətəndaşı düşündürməlidir.
Natiq Babayev
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Coğrafiya İnstitutu PHŞ-nin sektor müdiri
Coğrafiya elmləri üzrə fəlsəfə doktoru, dosent
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər















