Bəhruz Həsənlinin Ukraynada həbs olunduğu bildirilir
Tarix: Dünən, 13:24
Avqustun 6-da AXCP üzvü Bəhruz Həsənlinin Ukraynada 30 sutkalıq həbs olunduğu bildirilir. Bu barədə sosial mediada ukraynalı jurnalist Leonid Şvets, həmçinin AXCP üzvləri məlumat yayıb. Növbəti məhkəmənin bir ay sonraya təyin edildiyi xəbər verilir.
Civilazerbaijan.com bildirir ki, məlumata görə, B.Həsənli özünə qarşı ittihamın uydurma və siyasi motivli olduğunu bildirib. O, iyulun sonlarında Ukraynanın Xarkov şəhərində Azərbaycan hakimiyyətinin sorğusu əsasında saxlanılmış, bir neçə gün sonra məhkəmə onu azad etmişdi.
AzadlıqRadiosu son məhkəmə qərarı barədə hələlik əlavə informasiya əldə edə bilməyib.
Ukraynalı jurnalist və siyasi şərhçi L.Şvets yazır ki, Xarkov Apellyasiya Məhkəməsinin qərarının hansı əsaslarla qəbul edildiyi vəkillərə bildirilməyib: qərarın yazılı mətni yalnız beş gün sonra hazırlanıb təqdim olunacaq. Jurnalist müxalifətçinin saxlanılmasının Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun avqustun 6-da Ukraynaya səfəri ilə üst-üstə düşməsinə diqqət çəkir:
"Sadəcə belə alınıb, həyatda hər şey olur. Xatırladım ki, Xalq Cəbhəsi Partiyasının üzvü olan Bəhruz vətənində dövlət çevrilişi təşkilində əli olmaqda, partiya sədri Əli Kərimliyə böyük məbləğdə pul ötürməkdə ittiham olunur. Nəzərə alsaq ki, 2022-ci ildən Ukraynada yaşayan bu gəncin hətta vəkil tutmağa belə pulu yoxdur, ittihamlar inandırıcı görünmür. Azərbaycanda məhkəmənin onun xeyrinə nəticələnəcəyinə isə heç inanmaq olmur".
Qeyd edək ki, Bəhruz Həsənli iyulun 27-də Azərbaycanın sorğusu əsasında Ukraynanın Xarkov şəhərində saxlanılıb. Daha sonra məhkəmənin qərarı ilə Həsənli sərbəst buraxılıb.
Hazırda AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox partiya üzvü və fəalı həbsdədir. Partiya onların da siyasi motivlərlə təqib olunduğunu bəyan edir.
Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısında 328 siyasi məhbusun adı var. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir. Rəsmi qurumlar bildirirlər ki, həbs olunan şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər











