Azərbaycan Avropa Şurasına "MEYDAN OXUDU?"
Tarix: 12-01-2020, 15:01
Azərbaycanda erkən parlament seçkilərinə qatılmağa qərar vermiş bəzi keçmiş "siyasi məhbuslar" parlament seçkisindən kənarda qaldı. Buna onların keçmiş məhkumluğu səbəb olub.
CivilAzerbaijan.com bildirir ki, Avropa Məhkəməsi hələ sentyabrda keçmiş 8 "siyasi məhbus"un həbsdən öncəki statusunun saxlanmasının təminatı ilə bağlı Azərbaycana dekabrın 31-dək vaxt vermişdi.
"Keçmiş siyasi" məhbuslardan bəziləri - İlqar Məmmədov, Rəsul Cəfərov və başqaları hesab edirlər ki, indiyə qədər üzərlərindən məhkumluq statusunun götürülməməsi "siyasi məsələdir".
"Bütün prosesdən göründü ki, hökumətin bizi seçkiyə buraxmaq niyyəti olmayıb", Zaur Qurbanlı BBC News Azərbaycancaya deyib.
Azərbaycan Nazirlər Kabinetinə göndərdiyi cavabda vurğulayıb ki, Ali Məhkəmə bununla bağlı qərarını verəcək və yerli qanun apellyasiyaya baxılma müddətini uzatma hüququ verir.
Yerli və beynəlxalq hüquq müdafiəçiləri Azərbaycan hökumətinin bu addımını pisləyir və ölkənin bununla Avropa Şurası Parlament Assambleyası qarşısında götürdüyü "öhdəliyini yerinə yetirmədiyini" bildirir. Human Rights Watch-un Qafqaz üzrə direktoru Giorgi Gogia BBC News Azərbaycancaya deyib ki, "önümüzdəki həftələrdə Azərbaycana qarşı hansı ölçülərin götürüləcəyi ilə bağlı qərar veriləcək".
Azərbaycan Parlamentinin V çağırış deputatı Səməd Seyidov deyir ki, heç kim Azərbaycanın Ali Məhkəməsinə təzyiq göstərə bilməz, qurum məsələ ilə bağlı öz qərarını hər hansı formada bildirəcək.
Dekabrın 2-də ölkə parlamenti buraxılıb.
Cümə axşamı erkən parlament seçkilərində iştirak etmək üçün namizədlərin imzatoplama kampaniyası başa çatıb.
"Diplomatik skandaldır"
BBC News Azərbaycancaya danışan keçmiş "siyasi məhbuslar"dan bəziləri sənədlərini Dairə Seçki Komissiyasına (DSK) təhvil vermək istəsə də, sənədləri qəbul olunmayıb, bəzilərisə imza vərəqi ala bilməyib. Onlardan imza vərəqəsi alan olsa da, sonradan Mərkəzi Seçki Komissiyası (MSK) bunu geri alıb.
Hüquq müdafiəçisi, parlament seçkilərinə qatılmaq üçün 15 saylı Yasamal seçki dairəsindən sənədlərini verməyə çalışmış Rəsul Cəfərov hesab edir ki, "onların seçki hüququnun tanınması" ilə bağlı Avropa Məhkəməsinin qərarının icra edilməməsi "siyasi qərardır".
"Avropa İnsan Hüquqları Məhkəməsinin 18-ci maddənin pozuntusunu - bizim həbsdən öncəki statusumuzun saxlanmasının təminatı ilə bağlı Azərbaycana dekabrın 31-dək (2019-cu il) vaxt verdiyi halda Azərbaycan bu öhdəliyini yerinə yetirmədi. Aralarında namizədliyini vermiş Zaur Qurbanlı, İlqar Məmmədov və mənim olduğum 8 iş sentyabrın 12-də Ali Məhkəməyə göndərilib. Bu müddət ərzində Ali Məhkəmənin plenum iclası olmalı idi. Olmadı".
Rəsul Cəfərov onu da deyir ki, Avropa Məhkəməsinin bu qərarı olmasaydı, onlar seçkiyə getməzdilər: "Azərbaycan hökuməti tərəfindən bizə qarşı irəli sürülmüş ittihamlar AİHM tərəfindən əsassız elan edildiyi üçün buna imkan yarandı və biz seçkiyə qatılmaq istədik".
O bildirib ki, Avropa Şurası Nazirlər Kabinetindən qurumun verdiyi qərarın icrasını təmin etməyi istəyəcəklər: "Əgər bir ölkə götürdüyü öhdəliyi pozubsa, o zaman müvafiq addımlar atılmalıdır".
Real-ın sədri İlqar Məmmədov BBC News Azərbaycancaya deyib ki, Avropa Məhkəməsində bəraət qazanaraq seçki haqqını bərpa etsə də, Azərbaycan hökuməti Avropa Məhkəməsinin bu qərarını rəsmiləşdirməyə tələsməyib və "həmişəki kimi vaxtı uzatmağa" çalışıb.
İlqar Məmmədov vurğulayıb ki, Azərbaycan hökuməti onun bəraətini təmin etməsə, bu, artıq ona deyil, Avropa İnsan Hüquqları Konvensiyasına "meydan oxumaqdır".
"Tarixdə Azərbaycana qarşı verilən bu qərar heç bir ölkəyə qarşı verilməyib. Təbii ki, bunun hüquqi nəticələri olacaq. İstisna deyil ki, Azərbaycanın Avropa Şurasından çıxarılması ilə bağlı ya eyham vurula bilər, ya da ki, bu, artıq belə bir prosesin başlanğıcı ola bilər, çünki əgər Konvensiya işləmirsə, illərdir yerinə yetirilmirsə, deməli, ölkə onu pozur. Bu pozuntunu da Avropa İnsan Hüquqları Məhkəməsi aydın ifadə edib", - cənab Məmmədov deyib.
2019-cu ilin may ayında Avropa Şurası (AŞ) Nazirlər Komitəsi qurumun Böyük Palatasına Azərbaycandan şikayət edib. Bu qurumun tarixində üzv dövlətə qarşı qəbul edilmiş ilk belə qərardır.
Azərbaycanın Ali Məhkəməsindən spiker hakimlərindən biri - Fərhad Kərimov BBC News Azərbaycancaya İlqar Məmmədovla bağlı "plenum iclasının keçirilmədiyini" bildirsə də, bunun səbəbini izah etməyib.
İlqar Məmmədov 2013-cü ildə ictimai-siyasi sabitliyi pozmaqda təqsirli bilinib və yeddi il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci ildə o, vaxtından öncə azadlığa buraxılıb.
Digər bir keçmiş "siyasi məhbus" Zaur Qurbanlı AİHM-in qərarına əsasən ona ödənməli olan kompensasiyanı alsa da, məhkumluğu götürülməyənlərdəndir.
O deyir ki, imza vərəqi alsa da, imzatoplamağı davam etdirə bilməyib, çünki keçmiş məhkumluğu buna mane olub:
"Ümumiyyətlə, gedən proseslərdən göründü ki, Azərbaycan hökumətinin bizi seçkiyə buraxmaq niyyəti olmayıb", - Zaur Qurbanlı əlavə edir.
"MSK-nın qərarı fakta uyğundur"
Hüquqşünas Əsabəli Mustafayev BBC News Azərbaycancaya deyib ki, Mərkəzi Seçki Komissiyası fakta uyğun davranıb.
"Qanuna görə, məhkumluğu olan şəxslər seçkidə iştirak edə bilməzlər. Hökumət üç ay müddətində qərarların icrası məsələsinə baxmalı idi. Azərbaycan isə fərdi qərarları icra edib, ancaq hüquqi reabilitasiya məsələsində öz öhdəliyini yerinə yetirmir".
Bəzi keçmiş "siyasi məhbusların" vəkili olmuş Əsabəli Mustafayev deyir ki, Avropa Şurası Azərbaycanla bağlı "lazımi ölçülər götürməyə hazırlaşır".
"Azərbaycan öz öhdəliklərinə ... hörmətlə yanaşır"
"Heç kim heç kimə meydan oxumur. Avropa Şurası bu qərarı AİHM vasitəsilə verib. Məsələ Azərbaycanın Ali Məhkəməsindədir. Heç kim Azərbaycanın Ali Məhkəməsinə təsir göstərə bilməz. Ali Məhkəmədə bu məsələdən agahdırlar və qurum məsələ ilə bağlı öz qərarını hər hansı formada bildirəcək", Milli Məclisin V çağırışda deputatı olmuş Səməd Seyidovun sözlərinə görə, Azərbaycan daima Avropa Şurası ilə münasibətlərini qarşılıqlı hörmət və müzakirə əsasında təşkil edib.
"Siyasi məhbuslarla bağlı hazırlanmış son məruzə Azərbaycanda konstruktiv qarşılandı. Baxmayaraq ki, orada tənqidi məqamlar da xeyli vardı. Ona görə də hesab edirəm ki, Azərbaycanın Ali Məhkəməsi Avropa Şurasının müvafiq təsisatları ilə əlaqədədir və hesab edirəm ki, bir qərarın yerinə yetirilib-yetirilməməsindən söhbət gedə bilməz. Qərar olacaq, nə vaxt olacaq, bunu da təsir və təzyiq göstərmədən Ali Məhkəmədən gözləməliyik", cənab Seyidov BBC News Azərbaycancaya deyib..
Azərbaycanın öz öhdəliklərinə yüksək səviyyədə və hörmətlə yanaşdığını deyən Səməd Seyidov hesab edir ki, "ölkə ilə bağlı hər hansı ölçü götürülməsi Azərbaycan və həmin təşkilat arasında olan münasibətlə bağlı olmalıdı".
"Hər hansı məsələni vasitə kimi istifadə edib ölkəyə təzyiq göstərmək heç vaxt hansısa müsbət nəticəyə gətirmir. Təcrübə dəfələrlə göstərib ki, konstruktiv yanaşma daha effektiv və daha xeyirli nəticə verir, nəinki hansısa təzyiq. Elə dırnaqarası siyasi məhbuslarla bağlı məruzə buna bir misaldır. Məruzədə olan bəzi məsələlərlə biz razılaşırıq, bəzi məsələlərdə isə hər kəs öz mövqeyində qalır", o əlavə edir.
Cənab Seyidov inanır ki, Azərbaycan və AŞPA arasında indiyədək olan "konstruktiv dialoq belə də davam edəcək".
Öhdəliklərin icra olunmaması ilə bağlı qərar nə olacaq?
Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia hesab edir ki, Azərbaycanın İlqar Məmmədov, Rəsul Cəfərov və digər 6 nəfər haqqında Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarını icra etməməklə "qurum qarşısında götürdüyü öhdəliyini pozub".
"Qərarların icra olunmaması Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının pozulmasıdır, onun Nazirlər Şurasının verdiyi xəbərdarlığa qarşıdır. Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərin pozulmasıdır. Bu, həmçinin Azərbaycanın öz vətəndaşlarının hüququnun pozulmasıdır", - cənab Gogia BBC News Azərbaycancaya deyib.
Cənab Gogia Azərbaycanla bağlı hansı ölçülərin götürüləcəyini təxmin etməyin çətin olduğunu bildirib.
"Avropa Şurası Azərbaycana vaxt vermişdi, lakin ölkə öz öhdəliyini yerinə yetirmədi. İndi önümüzdəki həftələrdə Azərbaycana qarşı hansı ölçülərin götürüləcəyi ilə bağlı qərar veriləcək. Qurumun hansı siyasi qərarı verəcəyini öncədən təxmin etmək çətindir. Gələn həftənin əvvəli biləcəyik verilən qərar nə olacaq. Bilinən odur ki, onların Azərbaycanla bağlı xəbərdarlıqlarını Azərbaycan diqqətə almayıb.
Azərbaycan parlamenti buraxılıb və yeni seçkilərə hələ var. Və bu məqamda qurumda Azərbaycanın nümayəndəsi varmı, yoxmu, bilmirəm. İstənilən halda yanvarın sonunda keçiriləcək sessiya çox önəmli plenar sessiya olacaq. Orada Azərbaycanın siyasi məhbusları olmuş şəxslərlə bağlı xüsusi hesabat və qətnamə qəbul olunacaq", - Giorgi Gogia vurğulayıb.
Mərkəzi Seçki Komissiyasının namizəd olmağa cəhd edən, lakin müvəffəq olmayan şəxslərlə bağlı bütün qərarları qurumun saytında əksini tapıb.
Keçmiş "siyasi məhbuslar"dan bəziləri ilə bağlı da qurumun saytında "Rəsul Cəfərov... Zaur Qurbanlı... İlkin Rüstəmzadə üzərlərində məhkumluq olduğuna və qanunvericiliklə müəyyən edilmiş müddət keçmədiyindən məhkumluğu ödənilmədiyinə görə, onlar seçkidə iştirak edə bilməzlər" yazılıb. (BBC)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər