Ermənistan parlamenti Azərbaycanla sülhün bərqərar olmasına dair bəyanat verib
Tarix: 2-10-2025, 21:15
Ermənistan parlamenti bu gün “Ermənistan və Azərbaycan arasında sülhun təmin olunması” adlı bəyanatı qəbul edib. Sənəd hakim “Vətəndaş Müqaviləsi” partiyasının təşəbbüsü ilə təqdim olunub və 64 deputat lehinə olmaqla qəbul edilib. İki deputat bitərəf qalıb, müxalifət isə iclası boykot edib.
Civilazerbaijan.com bildirir ki, parlamentin müxalifət nümayəndələri bu layihənin həm müzakirəsində, həm də səsverməsində iştirakdan imtina ediblər. Onların fikrincə, bu sənəd yalnız hakim partiyanın mövqeyini əks etdirir və Ermənistanın və xalqının ümumi iradəsini ifadə etmir.
Hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyasının rəhbəri Ayik Kondjoryan isə parlamentdə çıxışında bütün tərəfləri qurulmuş sülhü möhkəmləndirməyə və inkişaf etdirməyə çağırıb.
Bəyanatda vurğulanır ki, Ermənistan Respublikası suverenliyi və ərazi bütövlüyünü müdafiə edərək, regionda iqtisadi tərəqqi və sabitlik üçün qonşularla sülh içində birgəyaşayışın vacibliyini qəbul edir. Sənəd həmçinin 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşdə imzalanan birgə bəyanatı dəstəkləyir.
Parlament Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında sazişin paraflanmasını və imzalanmasına yönələn səyləri alqışlayıb. Sazişə əsasən, kommunikasiya xətləri dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında açılacaq.
Qeyd edək ki, avqustun 8-də Ağ Evdə ABŞ prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında sülh bəyanatı imzalanıb.
Bundan əlavə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında sülh sazişinin mətnini paraflayıblar.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər