İlham İsmayılın saxlanıldığı bildirilir - YENİLƏNİB

Xəbərin çap versiyası
Tarix: 26-09-2025, 12:28


***
18.09 - 26.09.2025


Haqqında dələduzluq əməlinə görə saxlanılması ilə bağlı məlumatlar yayılan təhlükəsizlik məsələli üzrə ekspert İlham İsmayıl hazırda azadlıqdadır. O, yerli medialara bildirib ki, onun haqqında yayılan məlumatların əksəriyyəti həqiqətəuyğun deyil və əsassızdır.

Civilazerbaijan.com
bildirir ki, İ.İsmayıl vurğulayıb ki, heç kimə qarşı dələduzluq əməli həyata keçirməyib və bu iddialar tamamilə yalandır.

Onun sözlərinə görə, hazırda məsələ ailə üzvlərindən birinin biznesində yaranan çətinliklərlə bağlıdır və bu çətinliklər nəticəsində mövcud olan borcla əlaqədardır. Vurğulamasına görə, məhz həmin borc məsələsi çərçivəsində ondan da izahat alınıb.

İ.İsmayıl əlavə edib ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı mediaya geniş açıqlama veriləcək.

***

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın saxlandığı bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə yerli saytlar məlumat verib.

Həmin məlumatlarda onun dələduzluqda ittiham olunduğu qeyd edilir. Belə ki, İlham İsmayıl oğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan “Range Rover” imiş.

İ.İsmayıl E.Məmmədzadədən ilkin olaraq 20 min ABŞ dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E.Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.

Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O, ötən gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, İ.İsmayıl 1957-ci il oktyabrın 22-də Tərtər rayonunun Sarıcalı kəndində doğulub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib.

1982-ci ildən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sistemində xidmət edib. DTK-nın Gəncə şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında çalışıb. Birinci Qarabağ müharibəsi iştirakçısıdır.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (Azərbaycan müstəqillik əldə etdikdən sonra DTK Milli Təhlükəsizlik Nazirliyi adlanıb) Şəmkir və Göyçay bölmələrinin rəisi, nazirliyin özündə şöbə rəisi olub.

1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Vaxtaşırı təhlükəsizlik məsələləri ilə bağlı mətbuata açıqlamalar verir.

MTN 2015-ci ildə ləğv edilib, onun əsasında Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz