Heyvan haqlarının müdafiəçisi Elxan Mirzəyev həbs olunub

Xəbərin çap versiyası
Tarix: Dünən, 14:58


Heyvan haqları qoruyucusu Elxan Mirzəyevə iki ay inzibati həbs cəzası verilib. Oktyabrın 1-də saxlanılan fəal haqqında iki gün sonra Lerik rayon Məhkəməsində qərar çıxarılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə AzadlıqRadiosuna onun ailəsi məlumat verib.

Məhkəmənin qərarına görə, E.Mirzəyev İnzibati Xətalar Məcəlləsinin 206-cı (qanunsuz olaraq narkotik maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi və s.) maddəsiylə cəzalandırılıb.

Ailəsi bildirir ki, E.Mirzəyev narkotik ittihamını qəbul etmir: "Özünü qətiyyən təqsirli bilmir. Məhkəmə qərarından apellyasiya şikayəti veriləcək".

E.Mirzəyev oktyabrın 6-da vəkili və ailəsiylə əlaqə saxlayıb.

İctimai fəalın yaxınları oktyabrın 3-də ondan üç gündür xəbər ala bilmədiklərini, polis şöbəsində zorakılığa məruz qalmasından narahatlıqlarını AzadlıqRadiosuna bildirmişdilər. E.Mirzəyevin özü Lerik rayon Polis Şöbəsində saxlandığı müddətdə ona qarşı zorakılıq olmadığını söyləyib.

Qeyd edək ki, E.Mirzəyev Lerik rayonu, Günəşli kəndindəki evinin həyətində 20-dən çox sahibsiz itə baxır və Azərbaycanda 10 ildən çoxdur heyvan haqları fəalı kimi tanınır. O, zaman-zaman heyvan haqları barədə sosial mediada tənqidi çıxışları, etiraz aksiyaları ilə gündəmə gəlib.

2019-cu ildə Heydər Əliyev Fondunun və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yaranmış "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi 2022-ci ildə, E.Mirzəyev də daxil, bir neçə heyvan haqları fəalını cərimələtdirmişdi. Mərkəz iddia edirdi ki, fəallar onların nüfuzuna zərər vurublar. İctimai fəallarsa özlərini təqsirli saymayaraq məhkəmə iddiasının və çıxarılmış hökmün sifarişli olduğunu deyirdilər. Onlar "Toplan"da saxlanılan heyvanlara işgəncə verildiyini iddia edirdilər.

E.Mirzəyevin məmurların müxtəlif problemlərlə bağlı davranışlarından dövlət qurumlarına vaxtaşırı şikayət ünvanlandığı da bilinir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz