Türkiyədə referendum hazırlığı

Xəbərin çap versiyası
Tarix: 29-03-2017, 11:46
Türkiyədə referendum hazırlığı


Aprelin 16-da Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təklifi ilə ölkə Konstitusiyasına dəyişikliyi nəzərdə tutan ümumxalq səsverməsi keçiriləcək. Bununla əlaqədar ölkədə ciddi hazırlıq işləri aparılır.

Səsvermə günü yaxınlaşdıqca ölkənin siyasi müstəvisindəki münasibətlərin gərginliyi sürətlə artır. Əsas mübarizə AKP ilə Cümhuriyyət Xalq Partiyası (CHP) arasında gedir. Ümumxalq səsverməsi ilə bağlı təbliğat kampaniyası “hə” və ”yox” şüarları əsasında aparılır.

SİVİL.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, bu referendumda Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının hakimiyyətlə eyni mövqedə dayanması AKP iqtidarı dövründə keçirilən bütün səsvermələrlə budəfəki ümumxalq səsverməsi arasında köklü fərq yaradıb. Eyni zamanda, MHP sədrinin bu mövqeyi onsuz da partiyadaxili münasibətlərdə gərginlik yaşayan MHP-dəki qütbləşməni daha da gərginləşdirib. Məhz bu səbəbdən ekspertlər səsvermənin nəticələri ilə bağlı proqnozlar verməyə tələsmirlər.

Referendum qabağı maraqlı məqamlardan biri də Prezident Rəcəb Tayyib Ərdoğanın gözlənilmədən təbliğat çadırlarına baş çəkməsi olub. Sarıyerdə yerləşən Metronun “Hacı Osman” stansiyası ətrafında qurulan “yox” kampaniyası tərəfdarlarının çadırına daxil olan Türkiyənin dövlət başçısı sistem dəyişikliyi əleyhinə olan vətəndaşlarla səmimi söhbət edib, onların qərarlarının səbəbi ilə maraqlanıb, ölkənin idarə edilməsi üçün nəzərdə tutulan yeniliklərə dair fikir və mülahizələrini bölüşüb.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) qəbul etdiyi yeni qanunda yalnız iki dəfə dalbadal seçilmək hüququ alan ölkə prezidentinin, o cümlədən TBMM-nin hər dəfə üçün fəaliyyət müddəti 5 il olacaq, parlamentdəki deputatların sayı 600 nəfərə çatacaq. Həmçinin millət vəkili seçilmək üçün aşağı yaş həddi 18-ə endiriləcək, dövlət başçısı statusu ilə fəaliyyət göstərəcək prezident partiyanın üzvü olmaqda davam edəcək, vitse-prezidentlər parlament qarşısında and içəcək, prezident Türkiyə Silahlı Qüvvələrinin Ali Baş Komandanı olacaq, parlament deputatların beşdə üçünün səsi ilə ölkədə növbədənkənar seçkilər barədə qərar qəbul edə biləcək, 2019-cu il noyabrın 3-də ölkədə prezident və parlament seçkiləri keçiriləcək və s. kimi idarəetmə sistemində mühüm dəyişikliklər əksini tapıb. Ölkədə nəzərdə tutulan referendum bu qanunu təsdiq etmək üçündür.

Xatırladaq ki, Türkiyə kənarında olan vətəndaşlar təmsil olunduqları ölkədəki diplomatik nümayəndəliklərdə yaradılan səsvermə məntəqələrində siyasi iradələrini ifadə edəcəklər. Xaricdəki səsvermə 19 ölkədə nəzərdə tutulub.

Matın 27-də ölkənin beynəlxalq hava limanları, dəniz limanları da daxil olmaqla gömrük-keçidlərində 31 səsvermə məntəqəsində səsverməyə start verilib. Həmin gün Almaniya, Avstriya, Belçika, Danimarka, Fransa və İsveçdəki diplomatik nümayəndəliklərdə də səsvermə başlanıb. Diplomatik nümayəndəliklərdə səsvermə aprelin 9-na, gömrük-keçid məntəqələrində isə referendum gününədək davam edəcək.

Azərbaycanda yaşayan, işləyən və səfərdə olan türkiyəlilər aprelin 9-da Türkiyənin Bakıdakı səfirliyində, eləcə də qardaş ölkənin Gəncə və Naxçıvandakı baş konsulluqlarında təşkil olunan səsvermə məntəqələrində səs verə biləcəklər. Bu məntəqələr saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək. Rəsmi məlumata görə, Azərbaycanda altı mindən çox Türkiyə vətəndaşı yaşayır.

Aprelin 16-dək xarici ölkələrdəki səsvermə başa çatacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz