Ermənistan hər an qarışa bilər: Polis rəisi müxalifəti hədələdi
Tarix: 2-04-2017, 11:30
Vladimir Qasparyandan Seyran Ohanyana: “Avantüra təkcə qanunla cəzalandırılmır, həm də...”
SİVİL.AZ xatırladır ki, bu gün Ermənistanda altıncı çağırış Milli Məclisə seçkilər keçirilir. Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, səhər saat 08.00-dan ölkə ərazisində 2009 seçki məntəqəsi açılıb. Səsvermə saat 20.00-dək davam edəcək.
Vətəndaşların saxtakarlıq əleyhinə etirazlara başlaya biləcəyindən ehtiyatlanan Ermənistan hakimiyyəti xalqa “polis mesajı” verib. Belə ki, ölkənin polis rəisi Vladimir Qasparyan səs verəndən sonra jurnalistlərin qarşısına çıxıb. Əvvəlcə o, “sülhə və sabitliyə səs verdiyini” deyib. Daha sonra isə etirazçı qüvvələrə xəbərdarlığını da dilə gətirib. Deyib ki, hazırda sülhə və sakitliyə daha çox ehtiyac var. Səslərin əvvəlcədən pulla alınması barədə müxalifətin ittihamlarını təkzib edən polis rəisi harda, kimin rüşvət alması barədə konkret fakt göstərilməsini istəyib.
“Ohanyan-Raffi-Oskanyan” blokunun liderlərindən biri Seyran Ohanyanın “küçələrə çıxacaqları” ilə bağlı bəyanatına reaksiya verən Qasparyan deyib ki, o, ölkəsində avantüraya yer olduğunu düşünmür. Daha sonra isə “sülhdən sonrakı dövr və avantüra təkcə qanunla cəzalandırılmır, həm də...” - deyib. Təhdidinin davamını gətirməyən polis rəisi S.Ohanyana qarşı nə planlaşdırdığını konkretləşdirməyib. Ancaq şübhəsiz ki, bununla o, seçki blokunun liderini qeyri-qanuni yolla “ağıllandırmağı” nəzərdə tutub.
Ardınca polis rəisi maraqlı bir ifadə də işlədib. Deyib ki, yerli avtoritetlərin seçkilərin gedişində rol ala bilməyəcəyinə ümid edir. “Yerli avtoritetlər”i xatırlamaqla onun nəyə işarə vurduğu bəlli deyil.
Seçkinin ilk saatlarındakı müşahidələr göstərir ki, Ermənistandakı seçkilər bu dəfə də qansız ötüşməyəcək. Hər halda seçkiöncəsi həbs olunacağını istisna etməyən Seyran Ohanyanın polis rəisinin dediklərinə reaksiyası da çox maraqlıdır. Bu gedişlə işğalçı ölkə hər an qarışa bilər. Həm də ona görə ki, budəfəki parlament seçkiləri erməni xalqı üçün “ölüm, ya qalım” mübarizəsidir. Xalq hakim partiyaya “yox” deməklə həm də gələcəyini təmin edə, üstəlik müharibə avantürasından imtina edən qüvvələrlə yola davam edə bilər. Ermənistandakı konstitusiya islahatlarından sonra keçirilən bu seçkilərin nəticəsi olaraq ölkə parlamentli idarəetməyə keçiriləcək. 2015-ci ildə keçirilmiş konstitusiya referendumuna görə, Ermənistan Milli Məclisinin növbəti çağırışda 105 nəfər deputatla formalaşdırılmasına qərar verilib. Bu yerlərdən 4-ü ölkədəki “milli azlıqlar üçün” nəzərdə tutulub. Seçkilər baş tutmuş sayılsa, 2018-ci ilin 9 apelində - Serj Sərkisyanın prezidentlik müddəti bitdikdən sonra Ermənistan prezidentini parlament seçəcək.
Ermənistan tarixində ilk dəfə seçkilər ancaq proporsional sistemdə keçiriləcək. Həmçinin qanunvericilik seçkilərin ikinci turuna da icazə verir.
Seçki mübarizəsinə 9 siyasi qüvvə-5 partiya, 4 blok qatılıb. Parlamentə düşmək üçün partiyalar üçün 5 faizlik, bloklar üçünsə 7 faizlik baryeri aşmaq tələb olunur. Erməni mənbələri iddia edir ki, ölkənin seçici siyahılarında 2 mln. 564 min 195 nəfərin adı var. Ancaq erməni müxalifəti vaxtaşırı bəyan edib ki, Sərkisyan rejiminin repressiyaları və ölkədəki yoxsulluq səbəbindən ölkədən xaricə axın sürətlənib və Ermənistan demoqrafik fəlakət qarşısında qalıb. Görünür, seçici siyahısındakı şişirtmələr hakim Respublikaçılar partiyasının “qələbəsini” təmin etmək üçün lazım gələcək.
Qanuna görə, Ermənistan parlamentinin formalaşması üçün 101-dən az olmayaraq mandat qazanılmalıdır. Ermənistan parlamentinin 131 deputatı var. Ermənistandakı seçkiləri 28027 müşahidəçi izləyir ki, onlardan 640 nəfəri xaricilər, o cümlədən, AŞ PA, Avropa Parlamenti, ATƏT və MDB təmsilçiləridir. Olduqca gərgin küçəcəyi, hətta kütləvi saxtakarlıqlar baş verəcəyi təqdirdə Sərkisyan rejiminin sonuna gətirəcək proseslərin başlamasına səbəb olacağı proqnozlaşdırılan seçkilərin yekununu Ermənistan müxalifəti də həssaslıqla gözləyir.
Artıq seçki prosesindəki problemlərlə bağlı ilk məlumatlar yayılmaqdadır. MSK sədri Tiqran Mukuçyan iki məntəqədə problemlərin olduğunu təsdiqləyib, ancaq bunları “texniki problemlər” adlandırıb. Bildirib ki, çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər gedir və səsvermə dayandırılmayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər