Avropa Birliyi Breksitin müddətini bir daha uzatdı
Tarix: 28-10-2019, 15:50
Avropa Birliyi (AB) Breksiti gələn il yanvarın 31-dək təxirə salmağı razılaşıb.
CİVİLAZERBAİJAN.COM bildirir ki, Avropa Şurasının Prezidenti Donald Tusk Twitter-də yazıb ki, AB-nin 27 üzvü Böyük Britaniyanın birlikdən çıxmasını 2020-ci il yanvarın 31-dək uzatmaq xahişinə razılaşıb.
Onun sözlərinə görə, bu həftə “qərar yazılı prosedurla rəsmiləşəcək”.
Tusk “çevik uzadılma” ifadəsini işlədib. Bu o deməkdir ki, əgər Breksit razılaşmasını hər iki tərəf ratifikasiya etsə, Britaniya birlikdən yanvarın 31-dən qabaq da çıxa bilər.
Bu arada AB diplomatları Brüsseldə görüşərək Breksitin yenidən təxirə salınmasını müzakirə edirdilər.
Əslində marta planlaşdırılan Breksit oktyabrın 31-dək təxirə salınmışdı. Yəni, müddət artıq ikinci dəfədir uzadılır. Böyük Britaniyanın AB-dən çıxmasıyla bağlı referendum 2016-cı ildə keçirilib.
Britaniya parlamenti Breksit çıxmazının həlli üçün erkən seçki keçirməyi səsverməyə çıxaracaqlar.
Baş nazir Boris Johnson dekabrın 12-də seçki keçirməyi təklif edib, ancaq onun deputatların üçdə ikisinin dəstəyini qazanacağı real görünmür.
Johnson-un təklifi keçməsə, iki müxalifət partiyası dekabrın 9-da seçki keçirməyi təklif edir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər