Mərkəzi Bank devalvasiyaya hazırlaşır?

Xəbərin çap versiyası
Tarix: 25-06-2020, 13:34
Mərkəzi Bank devalvasiyaya hazırlaşır?


Dövriyyədə olan nağd pul kütləsinin artımını, manatın dövretmə sürətinin aşağı düşməsini, eləcə də banklarda kənarda olan valyuta ehtiyatlarının çoxalmasını tənzimləyə bilməyən Mərkəzi Bank valyuta bazarında sərt nəzarət qaydalarının tətbiqinə qərar verib. Bununla əlaqədar olaraq kommersiya banklarına ünvanladığı təlimatda bildirilir[1] ki, onlar valyuta dəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərdən daha detallı məlumatlar toplamlıdırlar. Bundan sonra valyuta alan müştərilər ad və soyadla yanaşı, vəsaitin mənbəyi və alınan xarici valyutanın təyinatını da (yəni hansı məqsədlə alındığı və necə sərf ediləcəyi) açıqlamalıdırlar. Bu məqsədlə müştərilər 500 dollardan yuxarı əməliyyatlar üçün xüsusi blankı doldurmalıdırlar.

İl ərzində alınan valyutanın məbləği 20 min manatı keçdikdə isə müştəri Maliyyyə Monitorinq Xidmətinin qaydalarına uyğun olaraq təqdim etdiyi məlumatları sənədlərlə də təsdiqləməlidir. Məsələn, müştəri hansısa əmlakının satışından əldə etdiyi manatı dollar çevirmək istəyirsə, onda dollar çevurmək istədiyi manatın mənbəyinə dair notariusun təsdiqlədiyi alqı-satqı müqaviləsini təqdim etməlidir. Bu zaman müştəri müqavilədə göstərilən məbləğdə manatı dollar dəyişə biləcək. Əgər müştərinin dollar çevirmək istədyi manatın mənbəyi kimi əmək haqqı göstərilirsə, son bir ilin əmək haqqı barədə möhürlü arayış təqdim etməlidir.

Bundan sonra müştərilər bir gün ərzində bir neçə yerdən limitdən artıq xarici valyuta alarsa onda həmin şəxsdən vəsaitin mənbəyi soruşulacaq. Vəsaitin mənbəyini sənədlərlə təsdiq edə bilməyən müştərinin gəlirləri araşdırılacaq və mənbəyi göstərilə bilməyən vəsait isə qeyri-sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən vəsait hesab edilərək, həmin məbləğ Vergi Məcəlləsinin 101.2-ci maddəsinə[2] uyğun olaraq vergiyə cəlb ediləcək. Vergi Məcəlləsinin 101.2. maddəsində göstərilir ki, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.

Gəlin görək, Mərkəzi Bank iqtisadiyyata xarici sərmayə cəlb etmək üçün onun liberallaşdırmasını, kapitalın və əmlakın amnitsiyasını gələcək dövrün əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirən hökümətin planlarına nədən əks olan valyuta siyasəti müəyyənləşdirir. Nə baş verir? Narahatlıqlar nələrdən ibarətdir? Bu yazıda bu suallara cavab axtaracağıq.

Mərkəzi Bank devalvasiyaya hazırlaşır?


Əvvala, Mərkəzi Bank hazırda yığılan xarici kapitalın post pandemiya dövründə ölkədən qaçırılmasının qarşısını almaq üçün indidən tədbirlər görməyə çalışır. Bu narahatlıq ölkədə siyasi durumun və sosial-iqtisadi vəziyyətin sürətlə pisləşməsindən qaynaqlanır. Odur ku, Mərkəzi Bank belə həsas dövrdə iqtisadi sabotajların qarşısını almaq üçün banklardan kənarda mövcud olan nağd pul kütləsinin, xüsusilə də xarici valyutanın hərəkətinə nəzarət etməyə çalışır. Mərkəzi Bankın açıqlamalarına görə[3], bu il mayın ayının 1-ə dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 80,5 faiz təşkil edib. Həmin tarixə banklardan kənarda nağd pul (M0) kütləsi 8,705 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü və əvvəlki ayla müqayisədə artımı ifadə edir. Son zamanlar əmanətlərin dollarlaşması səviyyəsinin artması da Mərkəzi Bankın narahatlığını artırmaqdadır.

May ayından etibarən, iqtisadiyyatda enişin başlaması ( Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-may ayları 2019-cu ilin yanvar-may aylarına nisbətən ÜDM 1,7 faiz azalıb[4]), may ayında xarici ticarət saldosunun mənfi olması (Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasına görə may ayında xarici ticarət saldosu -117,024 mln. dollar olub[5]), bu ilin 1-cü rübünün yekunları üzrə tədiyə balansından kəsirin yaranması (Mərkəzi tədiyə balansının ümumi saldosu -1 343.5 mln.dollar olub[6]) hökümətdən yeni dövrün çağırışlarına uyğun olaraq fərqli addımlar atmasını tələb etdiyi halda Mərkəzi Bankın valyuta bazarında sərt tənzimləmə daha çox siyasi məqsədlərə xidmət edir və kapitalı nəzarətdə saxlamaq, valyuta ehtiyatına malik olan şəxsləri nəzarətdə saxlamaq və vergi orqanları vasitəsilə onlara təzyiq etmək məqsədi daşıyır. Əslində post pandemiya dövrü üçün məqbul olan iqtisadi siyasət alətləri valyuta, vergi, gömrük rejimlərində liberallaşdırma və fiscal əsk mərkəzləşdirmə islahatlarının aparılmasıdır. Əks təqdirdə xaricdən sərmayə cəlb edilməsi çətin olacaq. Görünür ki, post-pandemiya dövründə bu istiqamətdə mövcud olan rəqabətli mühitdə önə çıxa bilməyəcəyini proqnozlaşdıran hökümət xarici kapital axının qarşınısın alınması daha çox üstünlük verəcək.

Mərkəzi Bank devalvasiyaya hazırlaşır?


İkincisi, Mərkəzi Bank bu qərarı ilə gələcəkdə həyata keçirəcəyi devalvasiyanın risklərini azaltmağa çalışır və buna valyuta bazarında qaydaları sərtləşdirməklə nail olmaq niyyətindədir.

Mərkəzi Bankın pul icmalı hesabatında[7] göstərilir ki, hazırda manatın dövretmə sürəti son 5 ildə ən aşağı səviyyəyə - 4.08 edib. Müqayisə üçün qeyd edim ki, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayında, yəni ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib.

Eyni zamanda Mərkəzi Bankın məlumatına[8] görə, 2020-ci ilin birinci rübündə Azərbaycanda dollar alış-satışı 60.8 faiz artıb.

Üçüncüsu, Mərkəzi Bank, Maliyyə Monitorinqi Xidməti və Dövlət Vergi Xidməti büdcəyə əlavə vəsait cəlb etmək üçün yeni mənbə müəyyənləşdirir. Bununla da da passiv kapitaldan da vergi tutulması bazasını formalaşdırır.

Bütün bunların nəticəsində birincisi, valyuta əməliyyatlarının qara bazarı formalaşa, yüksək marja ilə qeyri-rəsmi valyuta alqı-satqısı stimullaşa, ikili məzənnə sistemi formalaşa , bir sözlə gizli iqtisadiyyatın miqyasları genişlənə bilər. İkincisi, ən pisi də odur ki, bu qərar post-pandemiya dövründə ölkəyə xaricdən sərmayə cəlb eilməsində ciddi əngələ çevriləcək. Onsuz da investisiya riskləri yüksək olan Azərbaycan iqtisadiyyatı bundan ziyan çəkəcək. Odur ki, Mərkəzi Bank iqtisadi sahədə liberallaşmaya zidd olan bu qərarına yenidən baxmalıdır.

Qubad İbadoğlu

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz