Moskvadakı silahlı hücumla bağlı SON MƏLUMATLAR
Tarix: 23-03-2024, 15:01
Martın 22-də Moskvadakı "Krokus Siti Hall" konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala daxil olaraq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.
Civilazerbaijan.com bildirir ki, Rusiya kəşfiyyatının verdiyi məlumata görə, cümə günü axşam saatlarında Moskva ətrafındakı "Crocus City Hall"da rok konserti zamanı silahlı şəxslərin atəş açması nəticəsində azı 115 nəfər ölüb, 140-dan çox adam yaralanıb.
İŞİD terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Terrorda şübhəli bilinən iki nəfər saxlanılıb, dörd nəfər isə qaçıb. Onlar Tacikistan vətəndaşlarıdır.
Rusiyanın təhlükəsizlik rəhbəri bu gün səhər Prezident Vladimir Putinə istinadən bildirib ki, hücumda birbaşa əli olan 4 nəfər də həbs edilən 11 nəfər arasındadır.
ABŞ bildirib ki, hücumu "İslam Dövləti" qruplaşmasının törədə biləcəyi ağlabatandır. Qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. Ağ Ev həmçinin deyib ki, o, Rusiyaya bu ayın əvvəlində Moskvada “böyük toplantılara” potensial hücum barədə xəbərdarlıq edib. Rusiya bu barədə şərh verməyib.
İnterpol "Krokus Siti Hall"da mülki şəxslərə hücumun araşdırılmasında Rusiya hakimiyyətinə dəstək verməyə hazır olduğunu bildirib. Bu barədə təşkilatın baş katibi Yurgen Stok məlumat verib: "Krokus Siti Hall"dakı hücumu qətiyyətlə pisləyirəm, bu, günahsız mülki şəxslərə qarşı dəhşətli aktdır. İnterpol Rusiya hakimiyyətinə istintaqda dəstək verməyə hazırdır", deyə İnterpol rəhbəri X-da (keçmiş Twitter) yazıb.
Tacikistan Xarici İşlər Nazirliyi Moskva vilayətində törədilən terror aktında respublika vətəndaşlarının iştirakı ilə bağlı məlumatları saxta adlandırıb. Bu barədə nazirliyin "Telegram" kanalında dərc olunan müraciətində deyilir: "Moskvada "Krokus Siti Hall" konsert kompleksində baş vermiş terror aktı ilə əlaqədar olaraq, biz diqqəti bu aktda Tacikistan vətəndaşlarının və ya tacikistanlıların iştirakı ilə bağlı məlumatların yayılmasına məsuliyyətlə yanaşmağın zəruriliyinə yönəldirik", deyə Tacikistan Xarici İşlər Nazirliyindən bildirilib.
Hazırda Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna hər hansı müdaxiləni inkar edir.
Kreml deyib ki, Putin baş verənlərlə bağlı məlumatlandırılıb - o, xalqa birbaşa müraciət etməyib, lakin deputatın sözlərinə görə, yaralananların tezliklə sağalmasını arzulayıb.
Baş verən terror aktı zamanı ölənlər arasında bir azərbaycanlının olması barədə xəbər yayılıb. Bu barədə Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib.
Rusiyanın aparıcı media qurumları - TASS, "RİA Novosti" və "İnterfaks" Rusiya kəşfiyyat xidmətindəki mənbələrə istinadən məlumat yayıb ki, Amerika tərəfi Moskvada terror aktlarının hazırlanması barədə qarşı tərəfə faktiki məlumat verib.
Ölkənin milli qvardiyasının hücumçuları axtarması və müstəntiqlərini əraziyə göndərməsi ilə əlaqədar ölkədə bütün tədbirlər ləğv edilib, Rusiya daxilində təhlükəsizlik tədbirləri gücləndirilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər