Peyvəndlər yalnız bu uşaqlara vurulmalıdır

Xəbərin çap versiyası
Tarix: 22-10-2017, 21:00
Peyvəndlər yalnız bu uşaqlara vurulmalıdır


Valideynləri daim narahat edən mövzulardan biri uşaqlara peyvəndlərin vurulmasından sonra baş verən fəsadlardır. Qeyd edək ki, uşaq xəstəliklərinin profilaktikasında önəmli yeri peyvəndlərin vaxtında və düzgün aparılması tutur. Bəzi valideynlər uşaqda yaranan müəyyən narahatlıqları, xəstəlikləri iynədən sonrakı fəsad kimi qəbul edirlər.

SİVİL.AZ
-ın məlumatına görə, xüsusilə valideynləri narahat edən göyöskürək, difteriya, tetanus (AkDS) peyvəndidir. GDT peyvəndi 2,4,6 ayında vurulur və 18 ayında revaksinasiya olunur. Bəzi hallarda isə peyvənddən sonra uşaqlarda qızdırma halları baş verir.

Bu zaman valideynlər körpələrinə profilaktik peyvəndlərin vurulmasından könüllü olaraq imtina edirlər.

Bəs, peyvəndlərin vurulmaması həqiqətən də körpələrin səhhətinə ciddi təsir göstərə bilərmi? Ümumiyyətlə, hansı hallarda peyvəndlərin vurulması yolverilməzdir?

Bütün dünyada peyvəndin vurulmasına dair məlumatların olduğunu deyən həkim-pediatr Vaqif Qarayev bildirib ki, bu məsələdə valideynlərin son dərəcə diqqətli və məsuliyyətli olması vacibdir. Həkimin sözlərinə görə, sovet dönəmində peyvəndlər məcburi idi və valideynlər uşaqların peyvənd edilməsindən yayınsalar da, bu, mümkün olmurdu. İndiki şəraitdə isə bu sahədə nisbətən azadlıq var:

"Peyvənd altına düşən xəstəliklər son dərəcə yoluxucudur. Hazırda valideyn könüllü olaraq uşağa peyvənd vurulmasını istəmirsə, bununla bağlı iltizam yazır. Beləliklə də bütün məsuliyyət valideynin üzərinə düşür. Lakin bu, təbabətdir, tutaq ki, mən uşağımın peyvənd olunmasını istəmirəm, lakin başqa adam istəyir. Mənim uşağım xəstəliyə yoluxanda, başqalarının övladına da bu xəstəlik keçir.
İnternetin bir ziyanlı tərəfi var - kimin kefi nə istəyir, onu da yazır. Təbabətlə bağlı elə şeylər yazırlar ki, adam tibb elminin üstündən xətt çəkmək istəyir. "O ziyandı, bu ziyandı, dərman qəbul etmək və ümumiyyətlə həkimə getmək olmaz". Bu cür xəbərlər oxuyuram və hiss edirəm ki, insanın başı "şişir". Ciddi bir elmi laboratoriya, elmi tədqiqat institutu peyvəndin ziyanlı olduğunu yazsa, insan bu barədə nəsə fikirləşə bilər. Hətta İngiltərədə bu məsələ ilə bağlı bir neçə məhkəmə işi olub və həkimlər məhkəmədə qalib gəlib".

V.Qarayev həmçinin bildirib ki, peyvəndlər zülaldan ibarətdir, uşaq orqanizminə yeridilir və orda müəyyən reaksiyaların olması mümkündür. Peyvənd vurulan yerdə şişkinlik və qızartıların olması, eyni zamanda hərarətin yüksəlməsi baş verə bilər:

"Amma bütün bunlar 24 saat ərzində keçib gedir. Uşaqlarda qıcolma baş verirsə, bu çox ciddi reaksiyadır. Bəs bunun səbəbi nədir? Peyvənd birmənalı olaraq sağlam uşağa vurulmalıdır. Uşaqların peyvənddən əvvəl müayinə olunması vacibdir. Bizdə belə bir fikir var ki, "niyə uşaqlar hüceyrə səviyyəsində yoxlanılmır?" Avropalı həkimlər isə ümumiyyətlə müayinələri qəbul eləmirlər. Peyvəndin əleyhinə çıxmaq avropalılara çox qəribə gəlir.

Bəzən valideynlərdən nə üçün peyvənd etdirmədiklərini soruşuram. Amma normal cavab verən yoxdur. Elə xəstəliklər olur ki, həftələrlə davam edir, bu zaman valideyn anlayır ki, peyvənd lazımlı imiş. Özəl klinikalarda qiymət bir az baha olur, çünki peyvəndin keyfiyyəti əhəmiyyətlidir. Lakin əlində heç bir fakt olmaya-olmaya kiminsə dövlət poliklinikalarında peyvəndin keyfiyyətsiz olduğunu deməsi çox ciddi məsələdir. Ortada mütləq fakt olmalıdır. Bu problemdən çıxmaq üçün sığorta vacibdir. Bu zaman valideyn pul ödəmədən gedib uşağını peyvənd elətdirə bilir".

Pediatrın sözlərinə görə, bu gün peyvəndin əleyhinə olan həkimlər də var: "Həkimə sual verirəm - "ana sizin yanınıza gəlib deyir ki, filan xəstəlikdən qorunmaq üçün nə etməliyəm? O zaman siz nə cavab verirsiz?". Həkimin cavabı isə budur - "anaya uşağın immunitetini qaldırmasını məsləhət görürəm".

Onsuz da immuniteti hamı qaldırır, hazırda immuniteti gücləndirməklə məşğul olmayan ana var ki? Həkimin cavabı qeyri-ciddidir. Hətta bəzi valideynlər şikayət edirlər ki, poliklinikada tibb işçisi dedi ki, "peyvənd vurdurma". Belə hal qətiyyən qəbulolunmazdır. Bir həkim olaraq deyim ki, uşaqlara peyvəndlərin vurulması mütləqdir. Peyvənd mütləq sağlam uşağa vurulmalıdır. Sovet vaxtı əks göstəriş kimi deyirdilər ki, filan hallarda peyvənd vurdurmaq olmaz. Amma indi bu məsələ çox sadələşib. Təbii ki, uşağın qızdırması olduqda peyvəndin vurulması yolverilməzdir.

Həmçinin soyuqdəymə, qrip və digər xəstəliklər sağalandan bir ay sonra peyvənd vurulmalıdır. Yaxud da mərkəzi sinir sistemində orqanik xəstəliklər varsa, yəni beyində ciddi xəstəliklər olarsa, həmin uşaqlara peyvənd vurulmur. Sadaladığım problemləri çıxmaq şərti ilə, digər hallarda uşaqların peyvənd olunması mütləqdir". ("Şərq")

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz