Seyfəddin Dağlı - Əlvida, məqalə! Salam, şeir!

Xəbərin çap versiyası
Tarix: 9-11-2024, 13:34


Seyfəddin Dağlı (Abbasov Seyfəddin Əliağa oğlu) 1921-ci il avqustun 27-də Xızıda anadan olub. O, yaradıcılığa məktəbdə oxuyarkən şeir və satirik hekayələrlə başlayıb. Sənaye texnikumunda oxuyanda "Kommunist" qəzeti ilə əməkdaşlıq edib, sonradan bu qəzetin ədəbi işçisi, şöbə müdiri, məsul katibi olub. İkinci Dünya müharibəsi i başlayanda o, Sovet Ordusu sıralarına çağırılıb və ömrünün on beş ilini hərbi xidmətə həsr etdi. "Ordu" qəzetinin ədəbi işçisi, "Diviziya" qəzetinin redaktoru oldu. 1944-1946-cı illərdə Sovet qoşun hissələrinin tərkibində İranda xidmət keçib.

Seyfəddin Abbasov jurnalistikaya 1938-ci ildə maraqlı felyetonları ilə gəlib. İlk kitabı “Dəniz kəşfiyyatçısı” 1948-ci ildə işıq üzü görüb. İkinci Dünya müharibəsi dövründə felyetonları və satirik hekayələri "Vətən uğrunda" jurnalında, "Ədəbiyyat", Təbrizdə çıxan "Vətən yolunda" qəzetlərində çap olunub. S.Dağlı 1952-1956-cı illərə Lenin adına Moskva Hərbi-Siyasi Akademiyasının redaktorluq fakültəsinin müdavimi olub. 1956-cı ildə Moskvada təhsilini başa vurandan sonra ordu sıralarından tərxis olunub və Vətənə qayıdıb. Bakıda o, jurnalist və ədəbi fəaliyyətini davam etdirib. 1956-1959-cu illərdə Dövlət Radio Komitəsinin baş redaktoru, Bakı televiziya studiyasının baş redaktoru, sədr müavini işləyib.

"Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır", "Bahar oğlu" romanı (Cəfər Cabbarlının həyatı haqqında), "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" adlı əsərləri böyük marağa səbəb olub. S.Dağlı daha çox həm satirik, həm də yumoristik povestlər, hekayələr ustası kimi tanınıb. 1959-cu ildən 1976-cı ilədək bu jurnalın baş redaktoru kimi fəaliyyət göstərib.

Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.


Civilazerbaijan.com
tanınmış yazıçı Seyfəddin Dağlının "Əlvida, məqalə! Salam, şeir!" hekayəsini təqdim edir:

Seyfəddin Dağlı
ƏLVİDA, MƏQALƏ! SALAM, ŞEİR!
hekayə


Şair dostumla o qədər yaxınıq ki, aramıza bir futbol topu vursalar hər ikimizi yerə yıxar. Dostlarımın nə birincisi, nə də sonuncusu olan onunla bu yaxınlığımız ilk növbədə zövqlərimizin uyğunluğuna əsaslanır. Həqiqətən, dostluğun əsas şərtlərindən biri olan həmin zövq ümumiliyi cəhətdən mənimlə bu gəncə çoxları həsəd apara bilər. Tək-tük dost-aşna, yar-yoldaş tapılar ki, bir şeydə rəyləri heç olmazsa, yetmiş beş faiz bir-birinə uyğun gəlsin. Mənimlə şair dostum isə bu rəqəmi yetmiş beş nədir, lap doxsan doqquza çatdırmışıq. Cəmisi bir faiz kəsirimiz qalır. Bütün məsələlərdə zövqlərimiz eynidir, yalnız bircə şeydən savayı...

Şair dostumla mənim belə qaynar münasibətimi bir dərəcə sərinləşdirən, hətta bəzən aramızda mübahisə doğuran həmin yeganə şey – şeirdən ibarətdir. Əgər onun məndən bir incikliyi olursa (dost dostdan inciməməlidir), məhz bu cəhətdən olur, əgər mənim də ondan bir xahişim olursa (dost dostdan xahiş etməlidir), yenə yalnız bu barədə olur.

Birdən, kefimizin lap kök çağında – o vaxtda ki, dostumun ilhamı xüsusilə coşur (ona görə “xüsusilə” deyirəm ki, dostumun ilhamının, ümumiyyətlə, coşmadığı vaxt heç olmur), şair amiranə bir səslə bağırır:

– Nəhayət, sən mənim bir şeirimi oxuyacaqsan, ya yox?

Mən dərhal əllərimlə gözlərimi qapayıram.

Başqa bir vaxt isə qanımızın lap qara vaxtında, xüsusən, mənim hansı bir işimsə düz gətirmədiyi zaman, mən yazıq-yazıq yalvarıram:

– Mən ölüm, daha şeir yazma!

O da dərhal barmaqlarını qulaqlarına tıxayır...

Siz elə bilməyin ki, mən şeirə biganəyəm, şair dostumun dediyi kimi, “ruhum yoxdur”. Xeyr, xahiş edirəm, belə düşünməyəsiniz. Vaxtilə mən də şeir düşkünü idim, yaxşı da “ruhum” var idi. Heç elə gün olmazdı ki, şeir oxumayaydım. Əzbərdən nə qədər şeir bilərdim. Hətta cavanlığımda bəzən özüm də şeirlər yazar, öz ürəyimdə özüm üçün oxuyardım.

Lakin şairlə dost olandan sonra, daha o şeir yazmağa başlayandan bəri, mənim şeirə olan həvəsim məhv olub getdi, dostumun dediyi kimi, o “rübabi-ruhum” öldü. Mən nəinki özüm-özüm üçün şeir yazmağı tərgitdim, hətta özgələrinin, şairlərin, bir oxucu kimi mənim üçün yazdıqları şeirləri də oxumamağa başladım. Bəli, məhz dostum şeir yazmağa qurşanandan bəri! Çünki mən onunla dost olanda, hələ şair deyildi zavallı. Kim bilir, əgər mən onu ilk dəfə şair kimi tanısaydım, bəlkə heç biz dost olmaz və mən də şeir həvəsindən düşməzdim. Ancaq nə edəsən ki, iş belə gətirdi. Dostum şairlər dəstəsinə qədəm qoyan kimi, məni şeir oxucuları sırasından çıxardı.

Bu cəhətdən də şair dostumla tanışlığımızın qısaca tarixçəsini və onun müxtəsər şairlik tərcümeyi-halını nəql etsəm, məncə, maraqsız olmaz.

...Biz qəzet redaksiyasında əməkdaşlıq edirdik. Hər ikimiz ədəbi işçi idik; lakin başqa-başqa şöbələrdə – mən ədəbiyyat və incəsənət, o isə kənd təsərrüfatı şöbəsində çalışırdıq. Mən redaksiyaya birbaş orta məktəbdən, o isə aqrotexnikumu qurtardıqdan sonra bir az kolxozda işləyib gəlmişdi. İstehsalatda çalışdığı həmin qısa müddətdə kənddən qəzetə bir neçə yaxşı məqalə yazmış, sonra isə şəhərə gəlib qəzetçiliyi özünə ikinci peşə etmişdi. Kənd təsərrüfatından bilavasitə jurnalistikaya keçdikdən sonra isə, dostumun müxbirlik fəaliyyəti nədənsə zəifləmişdi. İndi o da mənim kimi, səsi qəzet səhifələrindən daha çox, “letuçka” deyilən redaksiya iclaslarından gələn ədəbi işçilər qəbilinə mənsub idi.

Biz əsas etibarilə müxbir məktublarını işləyib capa hazırlar, müxtəlif təşkilatlara və şəxslərə məktublar yazar, yerlərə gedib özümüzdən böyük jurnalistlərin – şöbə müdirlərimizin, katibin, redaktor müavininin, redaktorun məqalələri üçün faktlar toplardıq. Ara-sıra özümüz də xırda məqalələr yazardıq. Lakin bizim yazılarımızın bir qismini şöbə müdirləri “brak” edər, şöbədən keçib gedənlər katibin qovluğunda ilişib qalar, bəzən katibin də əməliyyatında sonra “maketə” düşənlər gecə redaktor tərəfindən səhifədən çıxarılardı. Ayda-ildə bir məqaləmiz dərc olunduqda bu bizim üçün fövqaladə hadisə sayılırdı. Bəli, mənim kimi dostumun da ədəbi fəaliyyəti bundan ibarət idi.

Bir yay fəslində (həmin yay ömrüm boyu nə mənim xatirimdən çıxacaq, nə də şair dostumun) redaksiyamızın binası təmir edildiyindən, iki-üç şöbə müvəqqəti olaraq bir otaqda yerləşməli oldu. Dostumun işlədiyi kənd təsərrüfatı şöbəsi də bizim ədəbiyyat və incəsənət şöbəsinin yanına köçdü.

Bir gün otağımıza sıxıla-sıxıla yeniyetmə bir oğlan girdi və utana-utana şeir gətirdiyini bildirdi. Şöbə müdirim şeiri oxumasını təklif etdi. Sadə geyimli utancaq gənc də yavaşdan öz əsərini oxudu. Şeir hamının xoşuna gəldi – redaksiya işçilərinin də, redaksiyaya gəlmiş başqa müəlliflərin də. Ədəbiyyat və incəsənət şöbəsinin müdiri şeiri oğlandan alıb maşınbüroya göndərdi. İş gününün sonunda isə katibin yanından otağımıza qayıtdıqda bildirdi ki, şeiri bəyəndilər. Dərc olunacaq!

O vaxtadək heç bir şeirə əhəmiyyət verməyən və ümumiyyətlə ömründə şeir oxumayan aqronom dostum yalnız bu zaman, yəni müdirim “Dərc olunacaq!” dedikdə, öz yerindən qalxıb stolumun yanına gəldi və yavaşca məndən soruşdu:

– Nə yazmışdı bəyəm o gədə?

– Şeir, – dedim.

– Yaxşı idi?

– Çox!

– Katib deyib ki, dərc olunacaq, hə?

– Bəli!

– Nə vaxt?

– Nə bilim? Yaxın nömrələrin birində çap edərlər də.

– Doğrudan?

– Bəli!

Bu söhbətdən sonra dostum sakitcə keçib öz stolu arxasında oturdu və dərin fikrə getdi...

İki gün sonra şeir qəzetdə dərc olundu. Kənd təsərrüfatı şöbəsinin ədəbi işçisi səhər redaksiya gələn kimi qəzeti qapıb şeiri oxuyandan sonra gözlərini döyərək mənə dedi:

– Bu o srağagünkü oğlanın yazdığıdır?

– Hə, özüdür ki, var.

– Deyirsən, yaxşıdır?

– Bəs necə! Sən bir qulaq as, gör nə qiyamət yazıb ey! – deyə mən qəzeti alıb şeiri ucadan oxumağa başladım.

O, birdən məndən soruşdu:

– İndi buna nə qədər qonorar verəcəklər?

Təxmini bir məbləğ dedim. Dostumdan qeyri-adi bir bağırtı qopdu:

– Nəə?! Bu on-on beş xətt məqaləyə o qədər pul?

– Əvvəla, məqalə yox, şeir; ikincisi isə xətt yox, misra! – dedim.

– Şeir?! Misrey?! – deyə dostum başına iki əlli qapaz vurdu. – Bəs, onda kül mənim başıma!.. Get dünyanı gəz, axtar nöqsan tap, material düzəlt, yüz xətlərlə məqalə yaz; ya getsin, ya getməsin. Gedəndə də əlli-altmış manat qonorar versinlər. Amma uşağın biri evdə oturub faktsız-maktsız beş-on dənə yarımçıq xətt yazsın, gəlib bir aləm pul aparsın?! Bəs, sənin xətlərinin beşi bir manata olsun, onunkuların biri on manata? Yenə də xətləri bütöv ola, adamı o qədər yandırmaz; heç cərgəni də doldurmayıb, qalıb ortada, yanları da çılpaq – misrey...

Onun sözünü kəsdim:

– Elə demə dostum, şeir başqa, məqalə başqa.

– Nə başqa, axı? O da həmin hərfləri yazır, mən də; o da həmin sözləri deyir, mən də. Daha şair durub özündən təzə dil, ya əlifba icad eləmir ki?

– Sən elə niyə düşünürsən? – dedim. – Şeirin öz xüsusiyyəti, öz qayda-qanunu var.

– Eh, qoy bizi görək, a! Güya biz məqaləni qayda-qanunsuz yazırıq bəyəm?

– Hər halda, biz məqaləni vəznsiz-qafiyəsiz yazırıq.

– Nə? Nəsiz?

Mən şeirin ən ibtidai ünsürləri haqqında bildiklərimi ümumi səpgidə və müxtəsər sürətdə dostuma söylədim. O da əllərini havada yellədib dedi:

– Elə bu?! Ay-hay!.. Mən də deyirəm bu vəzn-qafiyə nə imiş! Ali riyaziyyat deyil, biologiya deyil! Bir şeyin ki, vəzni cəmi-cümlətanı yeddi ilə on altının arasında olsun, onu hesablamağa nə var; bir məqalənin ki, bütün faktları vur-tut beş-on dənə tutaş kəlmə toplamaqdan ibarət olsun, onu yazmağa nə var! Əclafam, əgər şair olmasam!.. Əlvida məqalə, salam şeir!..

Həmin gündən etibarən o, şeir oxumağa başladı. Şöbəmizə gələn və şeirdən az-çox başı çıxan bir şairi, aşığı, tənqidçini, hətta artisti belə sual-cavabsız buraxmadı. Oradan-buradan özünün dediyi kimi “şeir texnikası” haqqında cürbəcür kitablar tapıb mütaliəyə girişdi. Maraqlandığı da ikicə şey idi: vəzn və qafiyə...

Artıq nəinki idarədə öz stolu arxasında oturarkən, hətta aşxanada xörək yeyərkən, küçədə yol gedərkən belə dostumun dodaqları tərpənərək qafiyə pıçıldayır, barmaqları fasiləsiz sürətdə tək-tək və cüt-cüt açılıb-yumularaq heca hesablayırdı.

Tezliklə onun qoltuğunda səhifələri əlifba sırası ilə hərflənmiş qalın bir dəftər peyda oldu. Onu həmişə özü ilə gəzdirir, evdə, işdə, küçədə, tramvayda, trolleybusda eşitdiyi sözlərdən qeydlər edirdi. Bu – dostumun qafiyə dəftəri idi. Ah, orada nələr yox idi! “Gül” və “bülbül” kimi köhnə qafiyələrdən başlamış, “tom” və “atom” kimi müasir istilahlara qədər nə istəsəniz burada tapa bilərdiniz...

Bir gün redaksiyada iş otağımızda ikilikdə qaldıqda dostum dəftərini çıxarıb stolun üstünə qoyaraq mənə dedi:

– Bir dənə söz de, qafiyələrini sayım sənin üçün!

– Get peşə tap özün üçün, – dedim, – məndən də əl çək!

Amma o, əl çəkmədi.

– Mən ölüm bir kəlmə de!

Mən də naçar qalıb ağzıma gələn ilk sözü onun qarşısına atdım:

– Ağız!

Dostum tez qafiyə dəftərini açıb “qız” deyə vərəqləməyə başladı və bir səhifədə dayandı, sonra üzünü mənə tutub:

– Hə, qulaq as! – dedi və saymağa başladı. Otağı milçək vızıltısı doldurdu:

– Ağız... Kağız, yalqız, mahmız, qarpız, cızbız, baldız, arsız, varsız, tarsız, şarsız, narsız, Nersız – bu isimxasdır, adam adı...

– Yaxşı, bəsdir! – dedim.

– Yox, hələ var, qulaq as: Paprız, Xorız, Arız – bu da isimxasdır, çay adı...

– Sən allah, bəsdir vızıldandın! –deyə qulaqlarımı tutdum.

Dostumun isə dodaqları hələ xeyli tərpəndi...

Bu gündən etibarən daha bizim otaqda sakitlik olmadı. Hər kim yüksəkdən bir söz desəydi, dərhal dostum dəftərini çıxarır və vərəqləyib qafiyə sadalamağa başlayırdı. Tezliklə öz qafiyələrini əzbərdən deməyə alışdı. İndi onun “müştəriləri” də xeyli çoxalmışdı, hətta özləri şəxsən otağımıza gələ bilməyənlər bəzən telefonla da zəng vurub dostumla qafiyə atışması düzəldirdilər.

Bir də görürdük ki, işimizin şirin vaxtında redaksiya işçilərindən biri ahəstə-ahəstə otağımıza girib kənd təsərrüfatı şöbəsi ədəbi işçisinin stoluna yanaşdı və yavaşdan dedi:

– Balqabaq!

Dostum pulemyot kimi uzun bir qafiyə qatarı buraxdı:

– Mayallaq, qırxayaq, qaşqabaq...

Yarım saat sonra başqa birisi ona pıçıldayırdı:

– Heyvan!

Və dərhal cavab alırdı:

– Can, qan, bağban, balaban...

Yaxud telefonla zəng vurub dostumu çağırır və bərkdən çığırırdılar:

– Kasa!

O da telefonun mikrofonuna döşəyirdi:

– Kosa, əsa, masa...

Hətta bəzən redaksiyanın kuryeri otağımıza girib bir elan bildirdikdə belə, mexaniki sürətdə dostumun ağzı açılırdı. Məsələn:

–Yoldaşlar, işin axırında iclas!

– Kolbas, miras, atlas, gilas...

Və sairə və ilaxır bu kimi...

Bu minvalla dostum özünə lazımi qədər qafiyə ehtiyatı tutduqdan sonra, şairlik fəaliyyətinin ikinci pilləsinə qədəm qoydu – sözləri xətlərə düzməyə başladı. O öz qafiyələrini ilk əvvəl səhifənin sağ tərəfindən, hələ yazılmamış misraların sonuna düzür, sonra isə başqa sözlər yığır, barmaqları ilə hesablayır, soldan-sağa misranı başdan qafiyəyədək doldururdu. Nəhayət, “Qulaq as, təzə şeir yazmışam!” – deyə bu misraları mənim üçün oxumağa başlayırdı. Oxuyur və qurtardıqdan sonra rəyimi soruşurdu:

– Hə, necədir?

Mənimsə elə bu zaman şeir zövqüm kütləşməyə başladığından, onu kar-lallar kimi dinləyir və “əsəri” haqqında heç nə deyə bilmirdim. Yalnız, ara-sıra bu vəzn və qafiyə yığınları içində bir misra nəzərimi cəlb edir, qarğa xoru arasından seçilən bülbül zəngüləsi kimi hisslərimi qıdıqlayırdı. Həmin misranı bir də oxumasını xahiş etdikdə görürdüm ki, o, dostumun deyil, başqa şairindir; hərif, misranı çırpışdırıb ya tamamilə olduğu kimi, ya da qol-qanadını sındıraraq öz xətləri arasına sıxışdırmışdır.

Şair dostum mənim rəyimi soruşsa da, sözlərimə əhəmiyyət vermir, şeirlərinin gülü solmamış, redaksiyalara yüyürürdü. Artıq onun qafiyə dəftərindən heç də kiçik olmayan şeir dəftəri yaranmışdı.

Dostumun yalnız bir fikri vardı: tezliklə bir şeirini dərc etdirmək!..

Nəhayət, dərc etdirdi!..

Bir dəfə şöbəmiz gənc şair və nasirlərin əsərlərindən ibarət “Ədəbiyyat səhifəsi” hazırlayırdı. Şöbə müdirimiz nə qədər səy etsə də, gənc dostumun qalın şeir dəftərini dönə-dönə nə qədər vərəqləsə də, oradan qəzetə verilə biləcək heç olmazsa kiçik bir əsər tapa bilmədi. “Ədəbiyyat səhifəsi”ni şair dostumun əşarından məhrum halda katibliyə verməli olduq. Bu səbəbdən də, şübhəsiz ki, dostumun qanı bərk qaraldı. Tərslikdən, həmin ədəbiyyat səhifəsinin gedəcəyi nömrəyə onu növbətçi köməkçisi təyin etmişdilər.

Nağıllarda deyildiyi kimi, gecənin bir aləmində, “Ədəbiyyat səhifəsi” mətbəədən redaksiyaya gətirildikdə, şeirlərdən biri redaktorun xoşuna gəlmir və bu yazı səhifədən çıxarılmalı olur. Lakin, katiblikdə həmin şeiri əvəz edəcək hazır əsər tapılmır. Bizim şöbədə də adam olmur ki, yeni şeir versin. Səhifədə boş yer qalır, qəzet yubanır. Nə etmək? Bu zaman nömrənin növbətçi köməkçisi, yəni mənim şair dostum şir kimi döşünü qabağa verir:

– Şeir məndə, yoldaş redaktor, buyurun; hansını istəyirsiniz seçin, salın səhifəyə getsin! – deyib həmişə yanında gəzdirdiyi şeir dəftərini redaktorun qarşısına qoyur.

Onu deməliyəm ki, redaktorumuz da şeir azarına mübtəla olmamış adamlardan deyildi. Gəncliyində o da şeir yazmış və indi bu peşədən əl çəkmiş olsa da, ilhamının tellərini hələ şeir aləmindən tamamilə üzməmişdi. Artıq redaktorumuz özü şeir yazmasa da, qəzetdə buraxdığı müəlliflərin, xüsusən gənc şairlərin əsərlərinə “əl gəzdirməyə” xüsusi zövqü var idi. Belə bir adamın elə bir məqamda dostumun şeir dəftəri kimi zəngin bir xammal mənbəyinə təsadüf etməsini və bu mədəni necə bir ehtirasla istismara girişməsini təsəvvür etmək, çətin deyildir.

Redaktor, şair dostumun dəftərini tələsik vərəqləyib oradan bir şeir seçir və qələmini qırmızı mürəkkəbə batıraraq elə dəftərçədəcə əsərin üzərində əməliyyata başlayır. O, əvvəl başdan şeirin sərlövhəsini təzələyir. Sonra birinci misradan bir sözü başqa bir sözlə əvəz edir. İkinci misranın tam yarısını dəyişir. Üçüncü misranı isə bütünlüklə pozub yenidən yazır. Daha sonra redaktor, artıq qarşısındakı əsəri və onun müəllifini bilmərrə unudub öz şəxsi təbinə güc verir. Nəhayət, əsər sona yetdikdə müəllifin imzası redaktorun yadına düşür və o, gənc şairin ad və familyasını şeirin altına əlavə edir. Bundan sonra əlyazmasını dostuma verib maşına diqtə etməsini tapşırır. Gənc şair yalnız vəznindən və imzasından başqa heç bir şeyi özünə aid olmayan şeirini təzədən yazdırıb redaktora verir. Redaktor da əsərin yeni yazılmış surətini bir daha oxuyub yenə bir-iki xırda düzəliş etdikdən sonra yığılmağa göndərir.

Dostum şeirini kuryerə qızmayıb, özü mətbəəyə aparır. Şeir yığılarkən müəllif linotipin qarşısında, səhifəyə qoyularkən metranpajın yanında, oxunarkən korrektorun başı üstündə durur. Səhifəni mətbəədən redaksiyaya da özü gətirir. Redaktor çapa icazə üçün imza etdikdən sonra yenə səhifəni mətbəəyə özü aparır. Əlqərəz, qəzet çap olunub qurtaranadək gənc müəllif bütün gecəni çap maşınının yanında ayaq üstə keçirir. Səhər tezdən şair dostum qoltuğuna bir yığın qəzet vurub redaksiyaya yüyürür...

Mən işə gəldikdə dostumda qeyri-adi bir əhval-ruhiyyə gördüm. Bu qəribə hal hər şeydən əvvəl onun gözlərində əks olunmuşdu. Gənc şairin kirpikləri bütün gecəni yumulmadığından nəmli tikanlara dönmüşdü; ancaq ağır göz qapaqları altında bərələn bəbəklərində elə bir parıltı var idi ki, onlara heç vəchlə yuxusuz demək olmazdı. Bəli, hər bir gənc müəllif üçün əsərinin ilk çapı həqiqətən böyük səadətdir!

Mən otağa girən kimi şair dostum qəzeti geniş açıb qarşıma atıldı və kiçik bir şeir altında qaralan imzasını göstərib, getdikcə yüksələn ahənglə gülə-gülə səsləndi:

– Al, bax, oxu!.. Sənə demədimmi şair olmasam, əclafam?!

O gün işdən evə gedərkən şair dostum küçədə gördüyü tanışlarının üzünə uzaqdan hırıldayır, salam əvəzinə çığırırdı:

– Bugünkü qəzeti oxumusanmı?

Və “yox, hələ almamışam” – cavabını eşitdikdə, səsini daha da ucaldardı:

– Hə, ala bilməzsən, bu gün qəzet tapılmaz!

– Niyə, məgər bu gün qəzetdə nə var?

– Mənim şeirim!.. Al, oxu! – deyə qoltuğuna vurduğu qəzet yığınından çıxarıb tanışlarına paylayırdı.

Bu ilk müvəffəqiyyətdənmi, yoxsa təcrübədənmi – deyim, ruhlanan dostum ilhamına qol-qanad verdi, yaradıcılığını eninə-uzununa genişləndirdi. Hər gün yeni bir məsələ haqqında yeni bir şeir yazdı. Redaktorumuz da onu gözdən-qulaqdan qoymadı. Qəzetdə təzə bir kampaniya qaldırıldıqda və şairlər redaksiyanın tapşırığı ilə həmin mövzuda şeir yazmaq üçün heç olmasa, bircə gün vaxt tələb etdikdə, redaktorumuz dərhal öz ədəbi işçisini yanına çağırıb dəftərini alır, oradan bir şeir seçir və istədiyi şəklə salaraq, elə o gün qəzetdə dərc edirdi. Artıq şair dostumun əsərləri bizim qəzetdən başqa digər qəzet və jurnalların da səhifələrində görünməyə başladı. Hətta hansı bir gənc bəstəkarsa onun qəzetimizdə çap edilmiş bir şeirini musiqiyə saldı, xanəndələr radioda, konsertlərdə həmin nəğməni oxumağa başladılar.

Dostum şair oldu...

Bir gün şair dostum yeni dərc edilmiş bir əsərinin qonorarından məni küçədə ət kombinatı qutabına qonaq etmişdi. Kölgəlikdə ayaq üstə durub isti qutab yeyə-yeyə soyuq söhbət edirdik. Birdən o mənə dedi:

– Necə bilirsən, indi mən də bir qıza vurula bilərəm, deyilmi?

Heyrət içində soruşdum:

– Necə yəni indi?!

– İndi də, yəni şair olandan sonra.

– Onun da bir mənası varmı? – dedim. – Məhz sevəndən sonra şair olanlar da çoxdur.

Şair dostum mənalı-mənalı məni süzüb:

– Yox, – dedi. – Məhz şair olandan sonra sevmək lazımdır. Mən bu günü çox gözləmişəm. Əsl eşq sənin vurulmağında deyil, sənə vurulmaqlıqdadır! Şairə isə daha yaxşı bənd olarlar. Əvvəl – şair, sonra – aşiq!..

Bunu deyib şair dostum köhnə bir operetta ariyası musiqisində təzə bir eşq nəğməsi oxumağa başladı. Mən bu mahnı mətninin dostumun qələminin məhsulu olduğunu ilk misradanca müəyyən etdiyimdən, dərhal qulaqlarımı qapadım. Şair dostum hirslənib yediyimiz qutabların pulunu da vermədən məndən uzaqlaşdı. Lakin o, sevgi barədəki fikrindən dönmədi, özünə məşuqə axtarmağa başladı – onun vurulacağı deyil, ona vurulacaq bir qız sorağına düşdü gənc şairimiz.

Və çox keçmədi tapdı!..

Ancaq gənc aşiqlərin bu sevdası baş tutmadı, pozulmasının səbəbi də dostumun məhz şairliyi oldu. Həmin qəribə sevgi macərasını da qısaca nəql etsəm, məncə, maraqlı olar:

Növbəti axtarışlardan birində, hansı institutdasa gənc bir tələbə qız gənc şairin xoşuna gəlir. Dostumun həmin institutda oxuyan qohumlarından biri onları tanış edir. Şair dostum müxtəlif bəhanələrlə bir neçə dəfə qızla görüşdükdən sonra, bir gün öz eşqini ona elan edir. Qız ilk dəfə gənc şairə qəti cavab verməsə də, onun eşqini rədd də etmir, “fikirləşib sonra cavab verəcəyini” bildirir.

Onu da deyim ki, şair dostum sir-sifətdən bəd deyil – boylu-buxunlu, ağızlı-burunlu, gözlü-qaşlı, üstlü-başlı... Necə deyərlər, “anası boyuna qurban olan” oğlanlardandır. Bir sözlə, sevilməyə tam layiq müasir bir gənc...

Göründüyü kimi, buraya qədər şair dostumun eşq macərası adi qaydada cərəyan edir. Amma bundan sonra birdən işlər korlanır. Bunun da səbəbi dostumun özü, bayaq dediyim kimi onun şairliyi olur.

Qız “fikirləşib cavab verərəm!” – dediyi axşam, şair dostum evə qayıdıb rahat yatır. Səhər redaksiyaya gəlib səkkiz saatlıq iş gününü mənzum bir eşqnamə yazmağa sərf edir. Gecə evdə sübhədək hüsnxət ilə şeirin üzünü köçürür, ipək zərfə qoyur və üzərinə “Eşq məktubu” yazıb sevgilisinə göndərir. Qız da şeir oxuyan kimi, bilmirəm, ya fikirləşəndən sonramı, yoxsa heç fikirləşmədənmi, öz cavabını aşiqə bildirir: “Xahiş edirəm, artıq mənimlə görüşməyəsiniz. Əlvida!”

– Qəribə işdir! – deyə şair dostum həmin gün axşamadək deyinib mənə rahatlıq vermədi. – Zalım oğlunun qızı, nə qədər ki, şeirimi oxumamışdı, şair olduğumu bilmirdi – görüşümə də gəlirdi, mənimlə gəzməyə də çıxırdı, fikirləşirdi də... Amma elə ki, şeirimi oxudu, şairliyimdən xəbərdar oldu – fikirləşməyi də qurtardı, mənimlə salaməleyki də kəsdi. Mən ölüm, işə bax bir ey? Bu qızlar da lap xərifləyiblər, a! Eh, cəhənnəmə ki! Nə çoxdur şəhərdə şair düşkünləri!..

Ertəsi gün səhər o, özgə bir sima ilə redaksiyaya girdi və yeni bir əda ilə dedi:

– Qoy o qız mənim şeirimi bəyənməsin. Mən də həmin şeiri çap etdirim, qonorarına da bir şlyapa alıb başıma qoyum, görsün onda ardımca nə qədər qızlar düşür!

Şair dostum “Eşq məktubu” başlığı ilə sevgilisinə göndərib rədd cavabı aldığı, indi isə sərlövhəsini dəyişib “Sövet gəncinin sevgi nəğməsi” adlandırdığı həmin şeiri mənim şöbə müdirimin stolu üstünə qoydu. Müdir şeiri oxuyub, həmişə dostuma bəslədiyi səmimi münasibətlə, lakin sanki başqalarının görüb eşidəcəyindən qorxaraq, yavaşca şeiri ona qaytarıb pıçıldadı:

– Bunu gizlət, bala, çapa vermə!

– Niyə? – deyə şair dostum yüksəkdən səsləndi.

– Çünki bu, şeir deyil!

– ?!

Ancaq gənc şair bu məsləhətə baxmadı. Tərslikdən o günlər redaktorumuz da ezamiyyətdə idi. Dostum öz əsərini şöbə müdirimin əlindən qapıb cəld çölə sıçradı, başqa redaksiylara getdi.

Günün sonunda geri qayıtdı. Ahəstə-ahəstə otağımıza girib, yorğun bədənini kresloya yıxdı və aram-aram öz-özünə danışmağa başladı:

– Heç bir redaksiya qəbul etmir. Hamı deyir ki, şeir deyil. – Sonra üzünü mənə çevirdi. – Düzü başa düşə bilmirəm ki, bunlar şeir nəyə deyirlər, bundan artıq nə istəyirlər? Mövzusu – aktual: kolxoz deyirsən – var, fabrik istəyirsən – var. Hətta çoxişlənən malları da yaddan çıxarmamışam. Neft, traktor, idman, sevgi, düşmənlərlə mübarizə, çox danışanları tənqid... Hamısı əks olunub. Vəzni – düz, qafiyələri yerində. Birinci misradan sonra vergül, ikinci misradan sonra nöqtə. Obraz da, təşbeh də işlətmişəm... Daha bunlardan artıq yenə şeirdə nə olar məgər? Niyə bəyənmirlər, nə üçün dərc etmirlər – anlamıram?! Bəs, bu, gənc istedadları ədəbiyyatdan uzaqlaşdırmaq deyil, nədir?!

Şair dostum dərindən ah çəkib susdu. Lakin mənim cavab vermədiyimi görüb kreslodan qalxdı, gəlib stolumun qarşısında durdu və qoltuq cibindən maşında yazılmış bir vərəq kağız çıxraraq qarşıma qoydu:

– Sən allah, dostcasına xahiş edirəm, heç olmasa, bircə bu şeirimi oxu! De görüm, yəni doğrudan pis yazmışam? Bax gör, azmı belə şeir dərc olunur?!

Mən həmişəki kimi yenə də şair dostuma:

– Mən ölüm, daha bəsdir, şeir yazma! – dedim. Lakin, bu dəfə ona yazığım gəldi. Xahişini yerinə yetirib, başı bu qədər bəla çəkmiş son şeirini oxudum.
Sizin də həmin şeirə ötəri nəzər salmanız, məncə maraqsız olmaz:

İstəmirəm eşqimi yazım sənə kağızda,
Zərbəçi kolxozçular işləyirlər kolxozda.
İdmançılarımız da yaxşı oynar turnikdə,
İstərəm ürəyimi açım sənə fabrikdə.
Gör, qəlbim benzininlə guruldayan bir motor,
O bir polad kotandır, sən isə bir traktor.
Qoşulub saçlarına ardın ilə sürünür,
Torpağı şumlayır o, altında neft görünür.
Bəzən, bir də ki, başım topuğuna toxunur,
O zaman bu qəlbimdə belə nəğmə oxunur:

Traktor, artır xodu.
Sürtmə yarama yodu.
Düşmənin atasına
Vurruq biz çox-çox odu.
Gəl minək velsəbətə,
Tez sürək selsovetə.
Sənə olan bu eşqim
Yerləşməz min səbətə.

Meşədə çaqqal olar,
Bazarda baqqal olar.
Mən sənə çox yazmıram,
Ki, adım naqqal olar.

Sevgilim, bu nəğməni oxuyaram səninçin,
“Belıy noç” ətiriylə qoxuyuram səninçin.
Təbim zəngülə vurur bir dənə tar eşqinə,
Hansı şair əsirgər can bir nigar, eşqinə!
Mən səndən gözləyirəm tezliklə müsbət cavab,
Sən də gözlə muştuluq - “çorni pətkə” bir corab.

1954

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz