ABŞ konqresmenindən Fərid Mehralızadəylə bağlı İlham Əliyevə MƏKTUB
Tarix: 21-05-2025, 15:30
ABŞ Konqresmen Ceyms Makqovern Prezident İlham Əliyevə məktub göndərərək “Abzas Media işi” üzrə həbsdə olan jurnalist Fərid Mehralızadənin azad olunmasını tələb edib.
Civilazerbaijan.com bildirir ki, bu barədə “Azadlıq Radiosu" xəbər verib.
Konqresmen xatırladıb ki, mayın 30-da Mehralızadənin “haqsız həbsinin” bir ili tamam olur və bu müddət ərzində onun qızı dünyaya gəlib, o isə qızını cəmi bir dəfə görə bilib.
"Onun hələ də həbsdə qalması böyük narahatlıq yaradır, onun həyat yoldaşı və qızına qovuşması üçün dərhal azad olunmasına çağırıram", – Makqovern yazır.
O əlavə edib ki, “Abzas Media işi” ilə bağlı həbs olunsa da, istintaq Mehralızadənin bu media qurumu ilə əlaqəsinə dair sübut ortaya qoymayıb.
Makqovern ardınca məktubunda jurnalistin həbsdə zorakılığa və məhkəmədə aşağılanmaya məruz qaldığını yazıb və qeyd edib ki, Mehralızadə və digər təqsirləndirilənlər fevralın 11-də pis rəftarla bağlı şikayətləri araşdırılmadığı üçün məhkəməyə qatılmaqdan imtina ediblər.
"Bu etiraza cavab olaraq, hakimiyyət onu məhkəməyə zorla gətirib ki, bu da həbsdə pis rəftarın daha bir formasıdır", - o vurğulayıb.
“Ümid edirəm ki, Azərbaycan ədalətli məhkəməyə dair beynəlxalq standartlara əməl edəcək, Fəridə qarşı əsassız ittihamları ləğv edəcək və o, dərhal, heç bir məhdudiyyətsiz azadlığa buraxılacaq", – konqresmen Makqovern yazıb.
Fərid Mehralızadə 2024-cü il iyunun 1-də həbs edilib. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittihamlar ağırlaşdırılıb. Əlavə ittihamlar külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, habelə, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırılması və saxta sənədlərdən istifadə ilə bağlıdır. O, ittihamları qəbul etmir, qurama sayır.
Azərbaycan hakimiyyəti ölkədə heç kimin sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs olunmadığını bildirir.
2023-cü ilin noyabrından başlayaraq ölkədə qruplar halında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların çoxu əvvəlcə “AbzasMedia işi” ilə əlaqəli olub. Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və başqaları ilə davam edib. Saxlananlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatları Azərbaycan həbsxanalarında azı 300-dən çox siyasi məhbusun olduğunu bildirirlər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər