ABŞ Azərbaycan və Ermənistan arasında mümkün eskalasiyanı önləməyə çalışır - MARKO RUBİO
Tarix: 23-05-2025, 20:40
ABŞ dövlət katibi Marko Rubio mayın 21-də bildirib ki, onun ölkəsi Bakı ilə Yerevan arasında sülh sazişinə vasitəçilik etməyə və beləliklə, Azərbaycanın Ermənistanı işğal etməsinin qarşısını almağa çalışır.
Civilazerbaijan.com bildirir ki, Rubio ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə komitənin ermənipərəst iki üzvünün suallarını cavablandırarkən belə bir eskalasiyanın "real risk" olduğunu deyib. Həmin konqresmenlərdən biri, demokrat Cim Kosta, ABŞ-nin Azərbaycana hərbi yardımının birdəfəlik dayandırılmasını tələb edib.
"Biz hələ bu barədə yekun qərar verməmişik, çünki hazırda diqqətimizi onların sülh sazişinə razılaşmasına yönəltmişik – elə bir saziş ki, bu da onların qonşu ölkə olan Ermənistanı işğal etməsinə səbəb olmasın",– Rubio cavab verib.
"Biz bunun baş verməsinin qarşısını almaq istəyirik. Prezident (Tramp) müharibələrin qarşısını almağa çox çalışır", - dövlət katibi əlavə edib.
"Və biz hər iki tərəfə, xüsusilə də Azərbaycana, sülh sazişi imzalamağın və dağıdıcı, ziyanlı və region üçün hazırda ən arzuolunmaz saydığımız müharibəyə girməməyin böyük faydalarını izah etməyə çalışmışıq", – o bildirib.
"Komandalarımız müəyyən nəticəyə nail olunması və orada silahlı müdaxiləni önləmək üçün bu istiqamətdə çox fəal çalışır", – Rubio digər konqresmen Kris Smitin sualına cavabında bildirib. O, ABŞ-nin bu istiqamətdəki səyləri barədə əlavə açıqlama verməyib.
Rubio martın 14-də Ermənistan və Azərbaycanın sülh sazişi layihəsinin mətninin razılaşdırıldığını elan etdikdən bir gün sonra bu iki ölkəni alqışlamışdı. Rəsmi Bakı sülh razılaşması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi də daxil olmaqla, müxtəlif şərtlər irəli sürüb.
Ermənistan baş naziri fevralda Azərbaycanın onun ölkəsinə mümkün hücum ehtimalı barədə xəbərdarlıq edib. Buna cavab olaraq isə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, Yerevanın Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı iddiaları dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.
XİN qeyd edib ki, "konstitusiyasında... davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq, Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir", AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər