Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan yenə geriləyib
Tarix: 2-05-2025, 16:10
Mayın 2-də “Sərhədsiz Reportyorlar” Təşkilatı (RSF) Dünya Mətbuat Azadlığı İndeksini açıqlayıb.
Civilazerbaijan.com bildirir ki, bu il Azərbaycan dünyada mətbuat azadlığına görə üç pillə geriləyərək 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Hər il bu qurum 3 may – Dünya Mətbuat Azadlığı Günündə Dünya Mətbuat Azadlığı İndeksini təqdim edir.
RSF bildirir ki, jurnalistlərə qarşı fiziki hücumlar mətbuat azadlığının ən çox görünən pozuntuları olsa da, iqtisadi təzyiq də böyük problem olaraq qalır. Mətbuat azadlığı indeksində iqtisadi indikator hazırda görünməmiş səviyyədə aşağı həddədir. İndeksin tarixində ilk dəfə olaraq mətbuat azadlığının qlobal səviyyədə çətin durumda olduğu bildirilir.
Bu gün xəbər mediası redaksiya müstəqilliyini qorumaqla iqtisadi baxımdan ayaqda qalmaq arasında qalıb. Bunu indeksin iqtisadi indikatoru üzə çıxarıb.
“Medianın maliyyə müstəqilliyi ictimai marağa xidmət edən azad, etibarlı informasiya təminatı üçün vacib şərtdir”, – RSF-in redaktoru Enn Bokande bildirir.
RSF-in 2025-ci il Dünya Mətbuat Azadlığı İndeksi üçün dəyərləndirdiyi 180 ölkədən 160-ında (88.9 faizində) media qurumları maliyyə sabitliyini çətinliklə əldə edir, yaxud heç əldə edə bilmirlər.
Ölkələrin təxminən üçdə birində xəbər orqanları iqtisadi çətinliklər səbəbindən bağlanır.
Ümumilikdə 34 ölkə media qurumlarının kütləvi bağlanmasına, son illər jurnalistlərin kütləvi mühacirətə getməsinə görə önə çıxır. Bu, özünü Nikaraquada (172-ci yer), Belarusda (166), İranda (176), Myanmada (169), Sudan (156), Azərbaycan (167) və Əfqanıstanda (175) qabarıq göstərir.
Birləşmiş Ştatlar da indeksdə iki pilə geriləyərək 57-ci yeri tutub. Bu ölkədə yerli jurnalistikanın iqtisadi durumun pisləşməsindən əziyyət çəkdiyi vurğulanır. RSF Donald Tramp administrasiyasının ABŞ Qlobal Media Agentliyinin (USAGM) maliyyəsini qəfil kəsməsini də qeyd edir. Bu isə “Amerikanın Səsi” və “Azad Avropa/Azadlıq Radioları” daxil olmaqla bir neçə xəbər qurumuna təsirini göstərib, “nəticədə dünyada azı 400 milyon vətəndaşın etibarlı informasiyaya çıxışı qəfil kəsilib”.
Rusiya doqquz pillə geriləyərək 171-ci, Gürcüstan 11 pillə düşərək 114-cü olub.
Ötən il indeksdə 43-cü olan Ermənistan bu il irəliləyərək 34-cü pillədə qərarlaşıb.
“Sərhədsiz Reportyorlar” Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Cin Kavelyer deyib ki, Azərbaycan daxilində fəaliyyət göstərən “müstəqil media orqanı qalmayıb.
O bildirib ki, Azərbaycanda müstəqil jurnalistika ilə məşğul olmaq demək olar ki, mümkünsüz olub. O əlavə edib ki, Suriya, Şimali Koreya və Eritreya kimi ölkələrdə olduğu kimi, Azərbaycanda da hakimiyyət media resurslarına tam nəzarət edir.
Siyahının ilk pillələrində müvafiq olaraq Norveç, Estoniya və Hollandiya qərarlaşıb. ABŞ iki pillə geriləyərək 57-ci yerə düşüb. Son pilləni isə Eritreya tutub.
2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda 30-a yaxın jurnalist həbs edilib.
“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini, ictimai fəal Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Bundan sonra isə araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib. Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddə ilə onları 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Martın 6-da isə polis “Toplum TV”-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb. Ofisdən 30 min avro, əməkdaşların isə evlərindən 2700, 3100 avro pul vəsaiti tapıldığı bildirilib. Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.
Həbs edilənlərin hər biri bunun sırf peşə fəaliyyətləri ilə əlaqəli olduğunu bildirirlər.
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı həbs ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Xətai Rayon Məhkəməsi martın 1-də istintaq dövrü üçün jurnalistin 1 ay 9 gün müddətinə həbs olunması qərarını çıxarıb.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb. Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.
Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.
Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar, Meydan TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər