Samir Kazımlı: Azərbaycan hökuməti ölkədə insan haqqlarını təmin etmir

Xəbərin çap versiyası
Tarix: 10-12-2019, 14:47
Samir Kazımlı: Azərbaycan hökuməti ölkədə insan haqqlarını təmin etmir


Dekabrın 10-u Beynəlxalq İnsan Haqları Günüdür.

CİVİLAZERBAİJAN.COM
Hüquq müdafiəçisi Samir Kazımlının Amerikanın Səsinə müsahibəsini təqdim edir. Samir Kazımlı müsahibədə ölkədəki insan hüquqları sahəsində olan problemlərdən danışıb.

- Dekabrın 10-u Beynəlxalq İnsan Haqları Günüdür. Azərbaycan bu günü necə qeyd edir? Beynəlxalq reytinqlərdə ölkə hansı yerdədir?

- Azərbaycan yenə də İnsan Haqları Gününə ifadə azadlğı, sərbəst toplaşmaq azadlığının, birləşmək azadlığının pozulması ilə və yüzdən çox siyasi məhbusla gedir. Əvvəlki ildə də belə olmuşdu. Təəssüflər olsun ki, bu problemlər hələ də qalır və dərinləşir.

- Azərbaycan hökuməti insanların fundamental hüquqlarının tam təmin edildiyini bəyan edir? Siz necə düşünürsünüz?

- Bunun əksinədir. Azərbaycan hökuməti ölkədə insan haqqlarını təmin etmir,əksinə pozur. Mən bayaq da qeyd elədim, siyasilərlə, jurnalistlərlə yanaşı, həm də sadə vətəndaşların hüquqları pozulur. Çox ciddi hüquq pozuntuları var. Bunların aradan qaldırılmasında hakimiyyət praktiki olaraq addımlar atmır. Ona görə də problemlər dərinləşir.

- Beynəlxalq təşkilatların insan hüquqlarına dəstəyini yetərli hesab edirsinizmi?

- Əgər Azərbaycanda bu qədər hüquq pozuntuları varsa, 100-dən çox siyasi məhbus varsa, demək, problem çoxdur. Əgər bu problemlər həll olunmayıbsa yerli və beynəlxalq təşkilatların demək olar ki, səyləri yetərincə hesab oluna bilməz. Ona görə də həm yerli təşkilatlar, həm beynəlxalq təşkilatlar səylərini artırmalıdırlar ki, bu problem aradan qaldırılsın.

- Bəs siyasi məhbus probleminin kökündə nə dayanır?

- Siyasi məhbus probleminin kökündə müxtəlif səbəblər ola bilər. Birinci, hakimiyyətin repressiya siyasəti, hakimiyyətin insan hüquq və azadlıqlarına baxışı dayanır. Digər məsələdə hakimiyyətin özbaşınalıqları var. Yəni, siyasi məhbuslar nədən yaranır? Hakimiyyətin etdiyi özbaşınalıqlardan. Yəni, müxtəlif dövlət qurumları tənqid olunur. İstər fəal vətəndaşlar, istər sadə vətəndaşlar bu siyasəti tənqid edir. Onlar öz özbaşınalıqlarını ört-basdır etmək üçün həmin tənqid edən insanları həbsə atır. Siyasi motivli həbslər yaranır. Ona görə də birinci səbəb öz özbaşınalıqlarını ört-bastır eləmək. İkinci qorxu mühiti yaratmaqdır ki, insanlar kütləvi şəkildə bu hüquqsuzluğa, qanunsuzluğa etiraz etməsin.

- Ölkədə insanların hüquqlarının təminatı baxımından hansı sahələrdə daha çox islahatlara ehtiyac duyulur?

- Burada, birinci məsələ, hakimiyyətin yanaşması dəyişməlidir. Hakimiyyət hər bir insanın hüquq və azadlıqlarının olmasını qəbul etməlidir. Digər tərəfdən məmurların baxışı dəyişməlidir. Məhkəmə-hüquq sistemində islahatlar getməlidir. Məhkəmələr müstəqil olmalıdır. Hüquq-mühafizə orqanları bu məsələdə çox həssas olmalıdır. İnsanı həbs edir və onu cinayətkar kimi təqdim olunması ilə bağlı açıqlamalar yayır. Bu təqsirsizlik prezumpsiyasının pozulmasıdır. Eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafına, müstəqil medianın inkişafına şərait yaradılmalıdır ki, bu, insanların hüquqi maarifləndirmə işləri ilə məşğul olsun. Amma, təəssüf ki, məhkəmələr burada müstəqil deyil. Hakimiyyətin özü mahiyyətini dəyişməyib. Repressiya siyasətini davam etdirir. Fəalların özünə, qohumlarına qarşı repressiya siyasətini həyata keçirir və vətəndaş cəmiyyətinin inkişafının fəaliyyətinə heç bir şərait yaradılmır. Müstəqil media isə qapadılır. Hər zaman təzyiqlər altında olur. Ona görə, də bu problemlər mövcuddur. Dərk etməlidirlər ki, hər bir insanın hüquq və azadlıqları var. Buna hörmətlə yanaşması dövlətin borcudur ki, təmin olunmasına yardımçı olsun.

Qeyd: Azərbaycan rəsmiləri ölkədə fundamental hüquqların tam təmin edildiyini bildirir. Tənqidləri qəbul etmir və qərəzli sayır. Rəsmi Bakı ölkədə insanların siyasi iradəsibnə görə təqib edilmədiyini və siyasi məhbusların olmadığını bəyan edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz