Səməd Seyidov: "Biz dialoq tərəfdarıyıq"

Xəbərin çap versiyası
Tarix: 15-01-2020, 15:30
Səməd Seyidov: "Biz dialoq tərəfdarıyıq"


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının gündəliyinə «Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş» məsələsinin daxil edildiyi bildirilir.

CivilAzerbaijan.com
xəbər verir ki, Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, islandiyalı deputat Torhild Sunna Evarsdottirin tərtib etdiyi qətnamənin yanvarın 27-də sessiyada müzakirə olunması gözlənir.

«Sonradan dəlillərlə sübuta yetirildi ki,...»

Hüquq müdafiəçisi Rəsul Cəfərov AzadlıqRadiosuna deyib ki, bununla da artıq Azərbaycanda siyasi məhbuslarla bağlı hesabat qəbul ediləcək.

Hüquq müdafiəçisi xatırladıb ki, hələ 2013-cü ilin yanvarında da Avropa Şurası Parlament Assambleyasının iclasında Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı səsvermə olmuşdu, amma sənəd səsvermədə yetərli qədər səs almadığından qəbul edilməmişdi:

«Sonradan dəlillərlə sübuta yetirildi ki, həmin səsvermə ədalətli keçirilməyib. Bu səbəb üzündən yeni siyasi məhbus mandatı yaradıldı. Həmin mandatı da həyata keçirən İslandiyadan olan xanım deputat Torhild Sunna Evarsdottirdir. İki ilə yaxındır ki, bu mandatı həyata keçirir. Hesabatı bitirib, indi də AŞPA-nın müzakirəsinə çıxarır».

R.Cəfərov deyib ki, yeni hazırlanan hesabat hazırda rəsmi statusa malik deyil:

«Sənədin siyasi çəkisi artacaq»

«Hələlik, bir məruzəçi tərəfindən hazırlanmış sənəddir. Amma səsvermədə yetərli səs qazanarsa, bütün Avropa Şurasının sənədinə çevriləcək. Sənədin siyasi çəkisi artacaq. Siyasi məhbus məsələsinin həllində həm istinad nöqtəsinə, həm də istifadə mənbəyinə çevriləcək».

Hüquq müdafiəçisi əlavə edib ki, hesabat qəbul edildikdən sonra məruzəçinin mandatı ən azı daha bir il davam edəcək. Onun sözlərinə görə, bu da ondan irəli gəlir ki, hesabatda əksini tapan məsələlər üzrə tövsiyələrin icra olunub-olunmaması ilə bağlı ümumi monitorinqlər həyata keçirilsin və real vəziyyət qiymətləndirilsin:

«...Hökumətlə dialoq olacaq»

«Bunu gözləyirik ki, bu, müşahidəçilik, tövsiyələrin həyata keçirilməsi istiqamətində susqunluq yox, çağırışlar, fəaliyyət, siyasi məhbus məsələsinin birdəfəlik öz həllini tapması ilə bağlı hökumətlə dialoq olacaq».

R.Cəfərov deyib ki, hazırda ölkədə siyasi məhbus sayı 100-dən yuxarıdır: «2018-ci ildə «Gəncə işi» ilə bağlı kütləvi həbslər olmasaydı, siyasi məhbus sayı indi 60 nəfər çivarında olardı. Amma bu işdə günahı olanlarla yanaşı, çox sayda günahı olmayanlar da həbs edilib və hazırda məhkəmələri gedir».

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə deyib ki, bu sənəd ilk dəfə deyil müzakirə edilir. O xatırladıb ki, həmin sənəd bir müddət öncə Avropa Şurası İnsan Haqları Komitəsində müzakirə edilib və iclasda Azərbaycan tərəfi məruzəyə münasibət bildirib.

«Biz konstruktiv yanaşma və dialoq tərəfdarıyıq»

«Avropa Şurasında hər məsələylə bağlı konstruktiv yanaşmamız mövcuddur. Biz konstruktiv yanaşma və dialoq tərəfdarıyıq. Lakin hər hansı məsələnin dövlətə, onun qurumuna təzyiq kimi təqdim olunmasının həmişə əleyhinə çıxış etmişik», - S.Seyidov belə deyib.

Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, hansısa qeyri-hökumət təşkilatları (QHT), beynəlxalq təşkilatlar siyasi məhbus adı ilə siyahılar təqdim edirlər və müzakirələr insan haqlarının müdafiəsindən çox siyahılar uğrunda mübarizəyə dönür.

«Məruzədə müsbət məqamlar olsa da...»

S.Seyidova görə, məruzədə müsbət məqamlarla yanaşı, xeyli məsələlər var ki, Azərbaycan tərəfdən qəbuledilməzdir: «Dünəndən (yanvarın 14-dən) bu məruzə ilə bağlı bəyanatlar verilməyə başlanılıb ki, Azərbaycan hansısa öhdəlikləri, Avropa İnsan Haqları Məhkəməsinin hansısa qərarını yerinə yetirməyib. Bu isə artıq konstruktiv, normal müzakirəyə ehtiyacı olan məruzənin siyasi məqsəd üçün istifadə edilməsi deməkdir və xoşagələn hal deyil. Qarşıdakı sessiyada gözləyirəm ki, yenə də hansısa qüvvələr bundan sui-istifadə, Azərbaycana təzyiq kimi istifadə edəcək».

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz