Seymur Həzi: Bu, çox ciddi repressiyadır

Xəbərin çap versiyası
Tarix: 3-09-2020, 10:40
Seymur Həzi: Bu, çox ciddi repressiyadır


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində bu partiyanın fəallarının həbsi, məhkəmə prosesləri, hökumətlə dialoq məsələlərindən danışıb.

CivilAzerbaijan.com
həmin müsahibəni təqdim edir:

- Son həbslər nəticəsində AXCP-nin nə qədər fəalı məsuliyyətə cəlb edilib? Bu hadisələr partiyanızın fəaliyyətinə hansı təsirlər edib?

- Əlbəttə ki, cəmiyyət üçün, AXCP üçün çox mühüm mövzudur. AXCP-nin 40-a yaxın fəalı həm cinayət həm də inzibati məsuliyyətə cəlb olunub. On yeddi nəfər partiya üzvü son hadisələrlə bağlı cinayət məsuliyyətinə cəlb edilib. Təbii ki, bunlar əsassızdır və qondarmadır. Ancaq biz düşünürük ki, hökümət bununla bağlı heç bir tutarlı açıqlama vermədi və bu həbslərin səbəbini izah edə bilmədi. Təbii ki, bütün xalq ayağa qalxıb Qarabağ məsələsində orduya, dövlətçiliyə dəstək verirdilər və Azərbaycan Xalq Cəbhəsinin də mövqeyi bundan ibarət idi ki, orduya və dövlətə dəstək verməlidir. AXCP sədrinin də belə bir bəyanatı olmuşdur. Hökümətin AXCP-yə qarşı addımları başa düşülən deyil. Əlbəttə ki, rəyasət heyətinin 6 üzvü həbsdədir. Bu, partiyanın qərarlarının verilməsinə müəyyən təsirlər göstərib. Ancaq AXCP böyük təşkilatdır və öz fəaliyyətini demək olar ki, daim plana uyğun davam etdirir. Bizim orduya, dövlətə, vətənə münasibətdə siyasətimiz təbii ki, dəyişməyib. Eyni zamanda, hökümətə münasibətdə siyasətimiz dəyişməyib. Biz dinc, demokratik və qanuni yollarla mübarizəmizi aparırıq. Bu cür həbslər, hətta dəfələrlə çox olsa belə, partiyanın ümumi işini saxlaya bilməz.

- Sizcə, həbslərin səbəbləri nədir? AXCP özünü müdafiə üçün hansı tədbirlər həyata keçirmək istəyir?

- Sözün açığı mən partiyanın işini aparan şəxslərdən biri kimi bir məntiqli və ağıllı səbəb görmürəm ki, bu həbslər olsun. Burada yeganə səbəb siyasi səbəbdir və hakimiyyət hər fürsətdə AXCP-ni, əsas müxalifəti, Milli Şuranı sıradan çıxarmaq istəyir. Çox təəssüflər olsun ki, bu məsələni də bir fürsət bildi. Düşünürəm ki, bu AXCP-dən çox cəmiyyətə vurulmuş bir zərbə oldu. Cəmiyyət özünü necə müdafiə edirsə, biz də o yolu təbii ki, tutmuşuq. Hüquqi yolla hüquqlarımızı qorumağa çalışırıq. Eyni zamanda AXCP-yə dəyən ziyan daha çox cəmiyyətə vurulan zərbədir. Cəmiyyətin özü də bizi tək qoymur. Azərbaycan xalqından kifayət qədər ciddi dəstək alırıq. Təşkilati dəstək alırıq. Bütün bunların hamısı cəmiyyətin özünün immunitetinin formalaşması kimi qiymətləndirirəm. Düşünürəm ki, hökümət bu məsələdə bir daha aydın və yenidən düşünməlidir ki, bu həbslər bizim cəmiyyətimizə və hökümətin özünə nə verdi. Hökümət bundan nə qazandı? Cəmiyyətlə münasibətlərində nələri əldə elədi və yaxud nələri itirdi? Nələr hakimiyyət üçün problemə çevrildi? Hansı etimadsızlıqlar yarandı? Xüsusilə, Dağlıq Qarabağ kimi həssas məsələdə meydana çıxmış insanları, hökümətə dəstək verən insanları ittiham eləmək və tutmaq mənə elə gəlir ki, hakimiyyətin özü üçün də yaxşı olmadı. Açıq demək lazımdır ki, çox pis oldu. Təbii ki, həbslər insanlarda üzücülük yaradır. Ancaq AXCP bunu birinci dəfədir yaşamır. AXCP mütəmadi bu prosesi yaşayır. 1993-cü ildən bu tərəfə elə bir il olmayıb ki, AXCP-nin hansısa bir üzvünün və rəhbərinin adı siyasi məhbus kimi beynəlxalq təşkilatların siyahısında olmasın. Bu təbii ki, məyusedicidir. Eyni zamanda AXCP üçün bu məsələlərlə bağlı bir təcrübə var. Biz, sözün açığı, bəzən düşünürdük ki, hətta bütün rəhbərlik həbs oluna bilər. AXCP psixoloji olaraq buna hazırdır. Əsas məsələ cəmiyyətin proseslərə münasibətidir. Cəmiyyət bu məsələlərdə bizə hansı dəstəyi verir? Cəmiyyətdən necə impulsu alırıq? Bayaq mən onu demək istəyirdim ki, cəmiyyətin özünün münasibəti də əsas verdi ki, ruh düşkünlüyü olmasın. Bu məsələlərlə bağlı partiyada xroniki immunitet daha da gücləndi.

- AXCP sədri Əli Kərimli internet, telefon əlaqələrinin uzun müddətdir kəsildiyini bildirir. O bir neçə gün əvvəl Tofiq Yaqublunun məhkəməsi zamanı insanlarla təmasda olub. İndi durum necədir?

- Əli bəyin bu il aprel ayının 13-dən internetə çıxışı bağlanıb. Bir dəfə bir neçə saat interneti olub. Yenidən bağlanıb interneti və təbii ki, hazırda interneti yoxdur və canlı yayımlar edə bilmir. Online proqramlara qatıla bilmir. Mobil telefonu axşam saat 8-də söndürülür. Səhər saatlarında açılır. Cəmiyyətlə münasibətləri bu qədər məhdudlaşıb. Ancaq indi bilirsiniz ki, kəskin karantin dövrü deyil və o müəyyən tədbirlərə qatıla bilir. Əvvəlki kimi sərt izolasiyada deyil. Ancaq məlumat almaq və məlumat vermək, ötürmək, verilişlərə qatılmaq imkanları məhdudlaşıb. Təbii ki, Avropa Şurasının üzvü olan bir ölkədə siyasi partiyanın liderinə qarşı bu, çox ciddi repressiyadır. Hələ də davam etməkdədir. Birbaşa təzyiq yoxdur, ancaq, onların özü özlüyündə təzyiq və repressiya işidir.

- Prezident Adminsitrasiyasının şöbə müdiri son aylarda siyasi partiya rəhbərləri ilə mütəmadi görüşlər keçirir. AXCP-nin bu görüşlərə münasibəti necədir? Siz necə, belə görüşlərə hazırsınızmı?

- Bizim bu görüşlərlə bağlı mövqeyimiz var. Çox təəssüf ki, hakimiyyət orqanları hakimiyyətə yaxın partiyalar və mətbuat bunu bizim görüşdən imtinamız kimi qiymətləndirir. Ancaq bu, belə deyil. Biz düşünürük ki, dialoq vacibdir. Dialoq predmetli olmalıdır və kompetent şəxslərin arasında olmalıdır. Belə şəraitdə səlahiyyətli şəxslərin konkret məsələ ətrafında hər hansı bir dialoqu məqbuldur və məsələlərdən bir neçəsini biz təklif etmişdik. Biz siyasi məsələləri, insan haqqları ilə bağlı məsələləri, sərbəst toplaşmaq azadlığı məsələlərini, seçki islahatı məsələlərini təklif etmişdik. Biz demişdik ki, hökümətin təklifi varsa edə bilər. Bu ətrafda da danışıqlar davam edə bilər.

- Siz necə düşünürsünüz, Azərbaycan hakimiyyəti dialoqa hazırdır?

- Bilirsiniz, dialoqa hazır olmaq həm də dialoqların nəticələrinə hazır olmaq deməkdir. Siyasi islahatlar aparmaq və bunu siyasi iradə ilə etmək, inzibati yolla deyil. Cəmiyyətin gözü qarşısında etmək, ardıcıl, sistemli, planlı şəkildə etmək. Mən düşünmürəm ki, hakimiyyət bu dəqiqə tam olaraq hazırdır. Təbii ki, hakimiyyət müəyyən addımlar atır və bunu islahatlar kimi təqdim edir. Bunu islahatlar kimi qiymətləndirənlər də var. Dekorativ addımlar kimi qiymətləndirilənlər də var. Mən belə düşünürəm ki, hakimiyyət hələ də tam siyasi iradə göstərmir. Əgər, siyasi iradə göstərsə, biz bunun şahidi olsaq, təbii ki, müsbət qiymətləndirərik. Ancaq hələlik bir şey yoxdur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz