Dövlət Departamenti: Heydər Əliyev və Robert Koçaryan Dağlıq Qarabağı dəyişdirməyə razılaşıblar

Xəbərin çap versiyası
Tarix: Bu gün, 01:07


ABŞ Dövlət Departamenti Qarabağ danışıqları üzrə bəzi məxfi sənədləri ictimailəşdirib.

Civilazerbaijan.com
bildirir ki, məxfilikdən çıxarılan sənədə görə, 1999-cu ildə Heydər Əliyev və Robert Koçaryan təkbətək formatda keçirdikləri görüşdə 6 rayon və “Zəngəzur dəhlizi” qarşılığında Laçın daxil olmaqla Dağlıq Qarabağı dəyişdirməyə razılaşıblar.

Qarabağ danışıqlarında ərazilərin dəyişdirilməsi variantı ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Pol Qoblun adını daşıyan “Qobl Planı” kimi tanınır. Bu fikri ilk dəfə 1992-ci ildə keçmiş dövlət katibi Sayrus Vens BMT adından Qarabağa səfər edəndə səsləndirib.

Qobl Dövlət Departamentində yüksək vəzifə tutmayıb və onun təklifi rəsmi xarakter daşımayıb. Lakin məxfilikdən çıxarılan sənədlərdən göründüyü kimi, bu məsələ artıq 1990-cı illərin əvvəllərində ən yüksək səviyyədə bağlı qapılar arxasında Qobl deyil, Türkiyə hakimiyyəti tərəfindən müzakirə olunmağa başlayıb.

Ağ Evin məxfilikdən çıxarılan sənədinə görə, Türkiyə Prezidenti Turqut Özal bu təklifi hələ 1992-ci ildə – Ermənistan müstəqilliyini elan edəndən bir il sonra ABŞ Prezidentinə təqdim edib.

“Mənim belə bir fikrim var: Dağlıq Qarabağ əhalisinin 80 faizi ermənilər, 20 faizi azərbaycanlılardır. Onlar əraziləri dəyişdirə bilərlər: Qarabağ Ermənistana gedəcək, Azərbaycan isə Ermənistandan Azərbaycanı iki yerə bölən ərazini alacaq”, -sənəddə Turqut Özala istinadla bildirilir.

Həmin vaxt Corc Buş administrasiyası bu təklifə həvəssiz yanaşsa da, ABŞ-nin növbəti Prezidenti Bill Klintonun dövründə də məsələ yenidən gündəmə gətirilib.

Dövlət Departamentinin məxfilikdən çıxarılmış sənədlərinə görə, 1997-ci ildə Türkiyə xarici işlər nazirinin müavini Onur Öymən dövlət katibinin müavini Strob Telbota zəng edərək yenidən Qarabağ probleminin “sərhədlərin dəyişdirilməsi” ilə həllini təklif edib.

Öymən bildirib ki, o, bu məsələni Türkiyənin keçmiş Baş naziri Bülənt Ecevitlə müzakirə edərək, ərazi mübadiləsi variantını təklif edib: Azərbaycan Dağlıq Qarabağı Ermənistana verir. Ermənistan isə Azərbaycanın xeyrinə ərazi güzəştləri edir.

Öymən Türkiyə tərəfinin artıq Rusiya ilə məsələni müzakirə etdiyini deyib və Vaşinqtonun mövqeyinin necə olduğunu soruşub.

Dövlət katibinin müavini Talbot cavabında bildirib ki, bu variant münaqişə tərəflərini Minsk Qrupunun təkliflərindən yayındıra, problemi daha da kəskinləşdirə bilər.

Talbott əlavə edib ki, tərəflər güc tətbiq etmədən danışıqlara razılaşsalar, Minsk Qrupu və ABŞ bunu dəstəkləyəcək.

Lakin o vaxt Ermənistanda hakim administrasiya 1997-ci ilin sentyabrından diplomatik məktubların birində qeyd edildiyi kimi, bu ideyanı müzakirə etməkdən imtina edib.

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra, məxfiliyi ləğv edilmiş sənədlərə əsasən, Robert Koçaryan və Heydər Əliyevin təkbətək görüşləri sayəsində ərazilərin mübadiləsi ideyası danışıqların gündəliyinə daxil olub. Əvvəllər vasitəçilərin təklif etdiyi addım-addım, paket və “ümumi dövlət” modelləri bu və ya digər tərəfdən rədd edilirdi. Danışıqlar dalana dirənəndə Koçaryanla Əliyev vasitəçisiz görüşməyə başlayıblar.

1999-cu ilin sentyabrında Koçaryan Əliyevin mübadilə təklifi ilə prinsipial olaraq razılaşıb.

Məxfiliyi qaldırılmış sənədlərə əsasən, bu görüş Ermənistan-Azərbaycan sərhədinin Sədərək hissəsində baş verib.

Prezidentlər görüşdən yüksək əhval-ruhiyyə ilə ayrılıblar, hətta sülh sazişi imzalananda neçə qoyun kəsiləcəyini müzakirə ediblər, lakin məsələni dəqiq necə həll etməyi planlaşdırdıqlarını açıqlamayıblar.

Təfərrüatlar ABŞ-nin Ermənistan və Azərbaycandakı səfirləri tərəfindən hazırlanmış görüşdən sonra Vaşinqtona göndərilmiş diplomatik teleqramdan məlum olub.

1999-cu ildə Əliyevlə Koçaryan beşinci dəfə görüşüblər.

Həmin dövrdə ABŞ Dövlət katibinin Qarabağ məsələləri üzrə müavini Strobe Talbot Süleyman Dəmirələ deyib ki, Heydər Əliyev bu məsələyə o qədər həvəslə yanaşır ki, sanki sazişin imzalanması bir neçə həftədən sonra ATƏT-in İstanbulda keçiriləcək sammitində baş tuta bilər.

Lakin 1999-cu ilin oktyabrda Ermənistan parlamentində baş verən terror hadisəsi bu razılaşmanın reallaşmasını mümkünsüz edib. Terror nəticəsində Ermənistanın Baş naziri Vazgen Sarkisyan, parlamentin spikeri Karen Dəmirçyan və daha 6 yüksək rütbəli məmur öldürülüb.

Bu hadisələrlə bağlı diplomatik sənədlərdə də təfərrüatlar var.

Gizli teleqramlardan birində Minsk qrupunun amerikalı həmsədri Keri Kavano iddia edir ki, oktyabrın 27-də günorta saatlarında Baş nazir Vazgen Sarkisyan Prezident sarayında Koçaryanla Əliyev arasında razılaşmanı dəstəkləyib. Bununla belə, başqa bir sənəddən belə məlum olur ki, həmin gün artıq Ankaraya gələn Talbot Türkiyə Prezidentinə deyib ki, Sarkisyan Koçaryanın planlarından tam məlumatlı deyil.

ABŞ Dövlət Departamentinin Qarabağ danışıqları üzrə məxfi sənədlərində yazılanlarla bağlı Azərbaycanın hakimiyyət rəsmiləri hələlik heç bir açıqlama verməyib.

2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib.

2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb.

Ondan sonra Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları fonunda bəzi ərazilərdə sərhədlərin delimitasiyası prosesi həyata keçirilib.

Hazırda danışıqlar davam edir. Danışıqlar ABŞ, Avropa İttifaqı və Rusiya vasitəçilik edir.

Ancaq tərəflər arasında hələ də sülh müqaviləsi imzalanmayıb, Meydan TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz