Əli Kərimlinin həbsinə BEYNƏLXALQ REAKSİYALAR

Xəbərin çap versiyası
Tarix: 2-12-2025, 18:39


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsinə beynəlxalq təşkilatlar və qurumlardan tənqidi reaksiyalar gəlir.

Civilazerbaijan.com
bildirir ki, həbslə bağlı beynəlxalq təşkilatlardan gələn reaksiyalar Bakının addımlarının ciddi narahatlıq yaratdığını göstərir.

"Amnesty International" beynəlxalq insan haqları təşkilatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı bəyanat verib.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev deyib ki, Ə.Kərimlinin həbsi Azərbaycanda "avtoritar praktikanın möhkəmləndirilməsi prosesində növbəti qəbuledilməz haldır".

"Hakimiyyətin bütün siyasi müxalifəti əzmək və ölkədə hər cür fərqli fikri boğmaq kampaniyasının sərhədsiz olduğu görünür. Az adam açıq şəkildə hakimiyyəti tənqid etməyə cəsarət etsə də, müxalifət liderinin həbs edilməsi, onunla əlaqəni tam kəsmək və ‘hakimiyyəti ələ keçirməyə cəhd’ kimi şübhəli ittihamlar irəli sürmək, Azərbaycan hökumətinin nə qədər irəli gedə biləcəyinə dair tərəddüdü olan hər kəsə qorxuducu mesaj verir", - o qeyd edib.

Krivoşeyev bildirib ki, hakimiyyət orqanları Ə.Kərimli barəsində iddia edilən cinayət əməli ilə bağlı "ağlabatan sübut təqdim edə bilmirsə onu azad etməlidirlər".

"İndiyə qədər isə onu qəfil saxlayıb ünsiyyətdən tam təcrid etməklə, beləliklə də ədalətli məhkəmə hüququnu pozmaqla yalnız bir şeyi nümayiş etdiriblər: müxalifət nümayəndələrini, akademikləri, jurnalistləri və fəalları hədəf alan siyasi motivli həbslər dalğasını daha da irəli aparmaq əzmində olduqlarını", - o əlavə edib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan üzvü Frank Şvabe AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı açıqlama verib. O, AzadlıqRadiosuna bildirib ki, Kərimlinin həbs edilməsi Azərbaycanın Avropa dəyərlərindən daha da uzaqlaşdığını göstərir:

“Əli Kərimlinin həbsi Azərbaycan rejiminin Avropa dəyərlərindən daha da uzaqlaşdığını göstərir. Bununla eyni zamanda Avropa Şurasında bərabər üzvlüyünün bərpası səylərinə özü zərbə vurur. Əliyev öz üzünə Avropa Şurasının qapısını bağlayır”.

Xatırladaq ki, Azərbaycanın AŞPA-dakı səsvermə hüququ 2024-cü ildən dondurulub. Buna rəsmi Bakının insan hüquqları ilə bağlı öhdəlikləri yerinə yetirməməsi səbəb olaraq göstərilib. Cavab olaraq Azərbaycan qurumla əməkdaşlığı dayandırdığını açıqlamış, daha sonra həmin qərara səs verən deputatları “qara siyahı”ya salmışdı. Rəsmi şəxslər deyirlər ki, nümayəndə heyətinin mandatı bərpa olunarsa, əməkdaşlığa qayıtmaq mümkündür.

Avropa İttifaqı da Əli Kərimlinin həbsi ilə bağlı açıqlama yayıb. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hipper bildirib ki, qurum bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə təmas quracaq:

“Biz Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyası da daxil olmaqla, müvafiq beynəlxalq öhdəliklərinə əməl etməsini gözləyirik. Təqsirləndirilən şəxslərə müstəqil hüquqi yardım və adekvat səhiyyə xidməti göstərilməlidir”.

O, Avropa İttifaqının baş verənləri diqqətlə izləyəcəyini vurğulayıb.

Avropadakı “Tərəqqi və Dəyişiklik Tərəfdaşlığı” təşkilatının rəhbəri, “Azərbaycanda Repressiyalara Son” kampaniyasının koordinatoru Florian İrminqer bildirir ki, beynəlxalq ictimaiyyətin passivliyi repressiyaların genişlənməsinə şərait yaradır:

“10 ildir davam edən repressiyanın bir aydın məqsədi var: vətəndaş cəmiyyəti məkanını bağlamaq, medianı tamamilə nəzarətdə saxlamaq, siyasi və ya elmi dairələrdəki tənqidçiləri susdurmaq. Avropa İttifaqı və Avropa Şurası bu eskalasiya ilə bağlı tədbir görməlidir, lakin hələ ki baş verənləri sükut və hərəkətsizliklə qarşılayır. Beynəlxalq ictimaiyyətdə yüksək səviyyədə siyasi sükut Bakıda repressiyaları dərinləşdirmək üçün yaşıl işıq kimi qəbul edilir — bu, son 10 ildə öyrəndiyimiz əsas dərsdir”.

Onun sözlərinə görə, yaxın günlərdə təşkilat Aİ-nin Azərbaycanla münasibətlərində “enerji və geosiyasi maraqların önə çəkildiyini” göstərən yeni hesabat yayacaq.

“Human Rights Watch”un Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Qogiya isə bildirib ki, son həbslər Azərbaycanda uzun illərdir davam edən siyasi təqiblərin davamı kimi görünür:

“Bu addımlar hökumətin əsas mülki və siyasi hüquqlara hörmətinə ciddi şübhələr yaradır. Daha geniş motivlərə nəzər salsaq, həbslər dalğası narazılığı aradan qaldırmaq, hakimiyyətdəkiləri nəzarətdən qorumağa hesablanıb”.

Qogiya xüsusi olaraq Əli Kərimlinin dərhal həbs-qətimkan tədbiri ilə tutulmasını hakimiyyətin “təşkilatlanmış siyasi müxalifəti boğmaqda qətiyyətli” olduğunun göstəricisi kimi qiymətləndirir:

“Xalq Cəbhəsi Partiyası və üzvləri uzun illərdir siyasi motivli təqiblərin hədəfindədir, 20-dək üzvü artıq həbsdədir. Kərimlinin həbsi bir daha Azərbaycanda təşkilatlanmış siyasi müxalifətə təzyiqlərin sistemli xarakterini üzə çıxarır“.

Qeyd edək ki, dekabrın 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri seçilib.

Müxalifət siyasətçilər noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən (DTX) tərəfindən saxlanılıblar.

Əli Kərimli və Məmməd İbrahimə qarşı hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham irəli sürülüb.

Bir çox media orqanları son baş verən hadisələrin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədar olduğunu bildirirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz