Beynəlxalq qurumlardan ToplumTV işi üzrə hökmə REAKSİYALAR

Xəbərin çap versiyası
Tarix: Bu gün, 19:48


Avropa Jurnalistlər Federasiyası (EFJ) və Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) "Toplum TV işi" üzrə verilən məhkəmə hökmünü qınayıb.

Civilazerbaijan.com
bildirir ki, təşkilatların iyulun 27-də verdiyi birgə bəyanatda deyilir ki, iş üzrə həbs olunan şəxslərə azadlıq tələb olunub.

"Məhkəmənin hökmü bu məhkəmə prosesinin siyasi xarakter daşıdığını və hakimiyyətin sadəcə öz işini görən jurnalistləri qorxutmaq və repressiyaya məruz qoymaq niyyətini təsdiqləyir", - deyə qeyd olunub.

EFJ-nin baş katibi Rikardo Qutyerres verilən həbs cəzalarının "tamamilə qeyri-mütənasib və həddindən artıq ağır cəzalar" olduğunu bildirib.

IFJ-nin baş katibi Entoni Bellanjer isə deyib ki, məhkəmə qərarı "jurnalistlərə, o cümlədən qadın media əməkdaşlarına qarşı amansız repressiya siyasətinin tərkib hissəsidir".

"Bunun ədalətlə heç bir əlaqəsi yoxdur. Bu, açıq-aşkar hökumətin repressiyası və qorxutma siyasətidir. Ədalətin bu cür ayaqlar altına atılmasına töhfə verən hər kəs bir gün məhkəmə qarşısında cavab verəcək", - o əlavə edib.


Foto: ipi.media

Beynəlxalq Mətbuat İnstitutu (IPI) da "Toplum TV işi" üzrə verilən məhkəmə hökmü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, IPI "qanunsuz və sui-istifadəyə əsaslanan həbs hökmlərini qətiyyətlə pisləyir".

Təşkilat iş üzrə məhkəmə prosesinin müstəqil jurnalist fəaliyyətini hədəf alan siyasi motivli proses olduğunu bildirib.

Bəyanatda xatırladılır ki, IPI uzun müddətdir "Toplum TV" jurnalistlərinin azadlığa buraxılmasına çağırır və Azərbaycanda həbsdə saxlanılan bütün jurnalistlərlə tam həmrəy olduğunu bir daha bəyan edir.

"Azərbaycan regionda jurnalistləri ən çox həbs edən ölkələrdən biri olaraq qalır. Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platformasının məlumatına görə, hazırda ölkədə 36 jurnalist həbsdədir. IPI onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırışını təkrarlayır və beynəlxalq ictimaiyyəti jurnalistlərin davam edən əsassız həbslərinə son qoyulması üçün Azərbaycan hakimiyyətinə real təzyiq göstərməyə çağırır", - deyə qeyd olunub.


Foto: Açıq mənbə

"Sərhədsiz Reportyorlar" Beynəlxalq Mətbuat Azadlığı Təşkilatı (RSF) da "Toplum TV işi" üzrə verilən məhkəmə hökmü haqda bəyanat yayıb.

RSF hökmü qınayıb və həbs olunmuş şəxslərin dərhal azad olunmasına çağırıb.

"Bu ədalətsiz qərar Azərbaycan məhkəmə sisteminin prezident İlham Əliyev tərəfindən son müstəqil media orqanlarını susdurmaq məqsədilə öz nəzarəti altına alındığını nümayiş etdirir. 14 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan bu hökmlər son dərəcə ağır və biabırçı xarakter daşıyır və ləğv edilməlidir. Sərhədsiz Reportyorlar bu jurnalistlərin, eləcə də əsassız və özbaşına qaydada saxlanılan bütün media həmkarlarının dərhal azadlığa buraxılmasına çağırır. Onlar heç vaxt həbs olunmamalı idilər", - bəyanatda deyilir.

Qeyd edək ki, iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Məhkəmənin hökmü ilə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri Akif Qurbanov 15, "Toplum TV" həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, "Toplum TV" əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz