Azərbaycanda insanlara at əti yedizdirilir? - RƏSMİ
Tarix: 1-04-2017, 20:47
Azərbaycanda ev heyvanlarından olan uzunqulaqla yanaşı, atlar da azalır. İnanıram ki, bir müddət əvvəl ölkədə eşşəklərin azaldığını açıqlayan Dövlət Statistika Komitəsi Azərbaycanda atların azalması barədə də məlumat verəcək. Bu yerdə bir fakta diqqət yetirmək istəyirəm.
Atlar rayonlarda həqiqətən azalmaqdadır. Qusar statistika idarəsindən öyrəndim ki, bu rayonda atların sayında azalma var: 2016-cı ildə Qusarda 1497 baş at vardısa, indi bu rəqəm 1401 baş təşkil edir, keçən ildən bəri 96 baş yoxa çıxıb. Niyə azalır bu atlar? Suala cavabı da özüm verəcəyəm. Ət satışı ilə məşğul olsn "işbazlar"ımız, maşallah, yaxşı işləyirlər. Az qala gündə oxuyuruq ki, filan yerdə Dövlət Baytarlıq Nəzarəti Xidməti qadağan olunmuş, insan səhhəti üçün zərərli at əti aşkar edərək müsadirə edib. Elə fevral ayında Xaçmazda kanaldan at bədəni hissələrinın tapılması və Armudpadar kəndində DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin 3-cü taqım əməkdaşlarının 2 sakinin avtomobilindən 170 kq at ətini aşkar etməsi dediklərimə nümunədir.
Elə bu gün Kürdəmir rayonunda da at əti satmaq istəyən şəxs saxlanılıb. Rayonun Xınıslı kənd sakini Anar Bağırov özünə məxsus həyətyanı sahədə iki atı kəsərək Kürdəmir rayonunun Yenikənd kənd sakini Tahir Kərimova məxsus "Mercedes" markali avtomobillə satmağa apararkən polis əməkdaşları tərəfindən tutulub.
SİVİL.AZ xəbər verir ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli İstiPress-in şimal bürosuna məlumat verib ki, 2016-cı ildə qurumun xəttilə aşkar edilmiş 70 ton ətin 5 tonu at əti olub. Yolçu Xanvəli bu ilin statitiskasının hələ tam dəqiqləşmədiyini desə də, 2017-ci ildə də xeyli çəkidə at ətinin müsadirə edilərək zərərsizləşdirildiyini dedi.
Bu yerdə Novruz bayramı qabağı Şabranda cıdır yarışı keçirilməsini xatırladım. Yarışın keçirilməsində əsas məqsəd yerli at cincləri ilə yanaşı, Qarabağ atlarının sayını da artırmaqdı. Qazanc əldə etmək istəyən mal alverçilərimiz günlərin bir günündə Qarabağ atlarının bizneslərinə girişsələr, necə olar bəs? Kəndlərimizdə at, demək olar ki, çoxluq təşkil edir, indi sayı azalsa belə.
At ta qədimdən insanın ən yaxın dostu, silahdaşı olub. Qaçaq Nəbinin Qıratını xatırlayaq, at onunçün hər şey deyildimi? Yaxşı ki, ölkəmizdə atçılığın inkişafına xüsusi diqqət yetirilir, atçılıq federasiyamız var, xidməti atlar dövlət sərhədlərimizi qoruyan cəsur sərhədçilərimizin yaxın köməkçiləridir. Bəs indi kəndlərimizdə camaat atları niyə saxlamaqdan usanıb, yorulub? Bu sözü hələlik Qusar rayonunun timsalında atların sayında azalmaya əsasən deyirəm, sözsüz ki, digər rayonlarda da belədir.
İnsanların həmişə əlindən tutan, yükünü və özünü daşıyan atları niyə alverçilərə dəyər--dəyməzinə satırıq axı...? Məncə, atını satmaq və onu almaq istəyən hər kəs bu sualı özü özünə verməlidir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər