Banka borcunu qaytarmayanları bu cəza gözləyir
Tarix: 4-04-2017, 20:25
"Borcluya 10 gün vaxt verilir ki, pulu ödəsin. Vətəndaş bilərəkdən borcunu qaytarmaqdan imtina edərsə, onun barəsində cinayət işi açıla və 3 ilə kimi azadlıqdan məhrum oluna bilər"
Bir neçə gün öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı qeyd edib ki, yüksək gəlirlilik dövründə banklarda izafi gəlirlilik olub: "Həmin dövrdə məsuliyyətsiz borclanma var idi. Düzdür, bununla bağlı qınaqlar haqlıdır. Biz məsuliyyətsiz borclanmanın qarşısını almaq üçün kreditlərdə insanların aylıq ödənişlərinin gəlirlərə nisbətinin nəzərə alınmasını məqsədəuyğun hesab etdik".
O, həmçinin bildirib ki, borcları birdən-birə bağışlamaq olmaz: "Çünki bunun mənbəyində banklarda yatırılmış əmanətlər qalır. Kreditlər ödənilmədiyi təqdirdə banklardakı əmanətləri geri qaytarmaq mümkün deyil. Bu gün məhkəmələrdə 700 min iş var. Bu işlərin 40%-i, yəni 280 mini bank-müştəri münasibətləri ilə bağlıdır".
SİVİL.AZ xəbər verir ki, Sputnik Azərbaycan-ın əməkdaşı bank-müştəri məhkəmələri, bu məhkəmələrdə qalib gələn və uğur qazanan tərəflər haqqında vəkillərdən münasibət alıb. Hüquqşünas Asif Abdullayev bildirib ki, ümumi işlər arasında bank-müştəri məhkəmələri çoxluq təşkil edir: "Mənim də şəxsi təcrübəmdə belə məhkəmələr çoxluq təşkil edir. Təbii ki, qalib gələn tərəf çox zaman bank olur. Çünki bankın müqaviləsi var və bunun vasitəsilə məhkəmədə qalib gəlir. Bankın ixtiyarı var ki, müştəri borcunu qaytarmayanda məhkəməyə müraciət etsin". Vəkil onu da qeyd edib ki, bəzən banklar yalan iddia ilə çıxış edir: "Məsələn, onlar iddia edirlər ki, müştəri banka 10 min manat borcludur, amma məhkəmə prosesi zamanı aydın olur ki, müştərinin 10 min manat yox, 8 min manat borcu var. Belə hallar da çox tez-tez baş verir. Bir sözlə, banklar tərəfindən borclarla bağlı məbləğlərdə qeyri-qanuni şişirtmələr olur". "Bank işlərinə aid olan məhkəmələr adi halda 3 aya bitməlidir. Amma zərurət yarananda, ekspertiza təyin olunanda məhkəmə prosesi bir qədər uzana və məhkəmə prosesi bir ilə kimi çəkə bilər" — deyə A.Abdullayev məlumat verib.
Onun sözlərinə görə, məhkəmə qərar çıxarır və qərar borclunun yaşadığı və ya işlədiyi ərazidəki icra məmuruna göndərilir: "İcra məmuru borcluya 10 gün vaxt verir ki, pulu ödəsin. Əgər borc bu vaxt ərzində ödənmirsə, borclu şəxsin mülkü olduğu sübut olunursa və o, bilərəkdən borcu ödəməkdən yayınırsa, bu zaman borclu inzibati xətalar üzrə cərimə oluna, hətta 15 gündən 1 aya kimi həbs cəzası ala bilər. Borcunu bundan sonra da qaytarmaqdan imtina edərsə, artıq onun üçün cinayət işi açıla və 3 ilə kimi azadlıqdan məhrum oluna bilər".
Vəkil Elyar Həsənov da bildirib ki, hazırda əlində olan məhkəmə işlərinin 70 faizi bank kreditləri ilə bağlıdır: "Banklar daha çox məhkəmələrə müraciət edir. Amma son illər vətəndaşların da banklardan şikayətləri artıb. Məhkəmələr maksimum 1 il çəkir və ən çox banklar qalib gəlir". Vəkilin sözlərinə görə, əmlakı və gəliri olmayan müştərilərlə bağlı məsələ fərqlidir: "Onların adına heç bir mülk olmadıqda və heç bir yerdə işləmədikdə, məhkəmə onun haqqında ölkədən çıxmaq qadağası qoyur. Məhkəmənin bu qərarı 30 il müddətində qüvvədə olur. Bu müddət ərzində vətəndaş ölkədən çıxa bilmir və işlə təmin olunan kimi onun gəlirinin 50 faizi icra məmurları vasitəsi ilə banka ödənilir. Bir sözlə, banka borcu olan vətəndaş gec-tez o borcu ödəməli olur".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər