Ərəstun Oruclu: Bu dəfəki həbslərin səbəbi mülkiyyət bölgüsüdür
Tarix: 20-02-2021, 18:45
Fevralın 1-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan televiziyasına verdiyi müsahibə zamanı bir sıra yüksək ranqlı məmurların adlarını çəkərək tənqid etmişdi. Ölkə başçısı Şuşada özünün filialını açmaq istəyən dövlət qurumlarının rəhbərlərinə xəbərdarlıq etmişdi. Prezident müsahibəsində Mərkəzi Bank, “Azəravtoyol”, AZAL, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi kimi qurumların rəhbərlərinin adlarını çəkərək ünvanlı tənqidə yol vermişdi. “Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin”.
Maraqlı proseslərdən biri də odur ki, bu günlərdə ölkə miqyasında səsli-küylü həbslər baş verir. Yüksək ranqlı məmurlara söykənərək metal monopoliyası yaratmış oliqarx Rasim Məmmədovun həbsindən sonra, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs olundu.Ölkədə baş verənlərlə bağlı siyasi şərhçi Ərəstun Oruclu ASTNA-ya danışıb.
CivilAzerbaijan.com həmin müsahibəni təqdim edir:
- Ərəstun bəy, prezident İlham Əliyev AzTV-yə verdiyi müsahibəsində bir çox məmurların adlarını çəkdi və onları tənqid etdi. Doğrusu, ilk dəfə idi ki, biz ölkə başçısından belə ünvanlı, adlı, məmurlara yönələn tənqid eşidirdik. Sizcə, nə baş verir? Belə çıxır ki, prezident də özünün təyin etdiyi məmurlardan narazıdır?
- Əvvəla, qeyd edim ki, İlham Əliyevin həmin çıxışında səsləndirilən qeyd etdiyiniz ünvanlı tənqidin motivləri və məqsədi tam aydın deyildi, amma görünən bu oldu ki, hakimiyyətin daxilində müəyyən ciddi hadisələr cərəyan edir. Görünən həm də odur ki, həmin hadisələr şəxsi hakimiyyətinə təhdid yaratdığından İlham Əliyev birdən öz komandasının xeyli sayda üzvünü xalq arasında gözdən salmağa yönələn belə bir açıqlama verdi, hətta onları hədələdi. İlham Əliyevin dediklərinə inansaq, maraqlı detal bir də onun gileyləndiyi sadalanan qurumlara rəhbərlik edən şəxslərin həm də hakimiyyətin müxtəlif cinahlarına aid nazir və məmurlar olmasıdır. Belə çıxır ki, hakimiyyətin daxilində çox fərqli qrup və maraq dairələrinə daxil olan şəxslər İlham Əliyevin hansısa qərar və ya addımlarından narazıdırlar ki, bu narazılığı da müxtəlif formalarda ifadə edirlər. Dövlət başçısının həmin narazılığı Şuşada regional mərkəzlər açmaq istəyilə bağlaması isə öz növbəsində bir sıra digər məsələlərə aydınlıq gətirməyə başlayır. Çünki məntiqlə artıq 3 aydan çoxdur ki işğaldan azad olunmuş Şuşada nazirlik, dövlət komitə və şirkətlərinin yerli qurumları çoxdan açılmalı idi. Əvvəla, ona görə ki, dağıdılmış digər ərazilərdən fərqli olaraq Kəlbəcər, Hadrut və Şuşada bunun üçün zəruri olan minimal şərait var, ikincisi, Şuşa Qarabağ bölgəsinin ən strateji əhəmiyyətli məntəqəsidir və deməli, onun məskunlaşdırılması da sürətlə həyata keçirilməlidir. Biz isə bunun tam əksini gördüyümüz azmış kimi, dövlət başçısının dilindən eşitdik ki, bunun qarşısını kəsən onun özüdür. Təbii ki, İlham Əliyevin bununla bağlı əsas gətirdiyi səbəb çox qeyri-ciddi səsləndi. Mən hələ onun həyati əhəmiyyətli bir şəhəri “mədəniyyət paytaxtı” elan etməsini demirəm. Belə göründü ki, sadaladığım yaşayış məntəqələrinin məskunlaşdırılmasına mane olan xarici amillər var və bir daha deyirəm, prezidentin dediyinin həqiqət olduğuna inansaq, belə çıxır ki, məmurları da bunu bilərək İlham Əliyevi faktiki təhdid edirlər. Təhdidin səbəbi isə heç də Şuşa deyil, əlbəttə.
- Belə fikirlər var ki, son vaxtlar bəzi məhsulların qiymətinin qaldırılması fonunda xalqın narazılığını önləmək üçün prezident belə bir yola əl atıb. O, məmurları tənqid etməklə, diqqəti yayındırmaq istəyir. Bu, nə dərəcədə inandırıcı arqumentlərdir?
- Əgər belədirsə, o zaman yüksək əminliklə demək olar ki, belə arqumentlər nəinki gözlənilən effekti vermədi, hətta əks-effekt doğurdu, çünki məsələ ətrafında yürüdülən mülahizələrin mütləq əksəriyyəti İlham Əliyevin xeyrinə olmadı. Bizim sosial mediada apardığımız monitorinq göstərdi ki, məlum çıxış İlham Əliyevin 44 günlük müharibə dövründə qazanmış olduğu və 10 noyabr 2020-ci il tarixli bəyanata imza atmasından sonra itirməyə başladığı siyasi kapitalı bir qədər də xərclədi. Əks effektlərdən biri də yuxarıda qeyd etdiyim kimi, hakimiyyətin daxilində ciddi ziddiyyətlərin olduğunu üzə çıxardı. Əvvəl bunu bir sıra siyasətçilər, jurnalistlər və ekspertlər görürdüsə, indi bütün cəmiyyət gördü və həm də insanlar bir-birilə sıx əlaqələri olmayan həmin sadalanan məmurları birləşdirən səbəbi axtarmağa başladılar. Qaldı ölkədəki ağır sosial-iqtisadi vəziyyətə, ondan diqqəti hansısa populist bəyanatlarla, işdən çıxarmalarla və hətta gurultulu həbslərlə yayındırmaq mümkün olmayacaq. “Çörək olacaq?” sualının iki mümkün cavabı var – ya “hə”, ya da “yox”.
- İndi gözləntilər var ki, yaxın vaxtlarda prezidentin adını çəkdiyi məmurlar cəzalandırılacaq. Bu, sadəlövh yanaşmadır, yoxsa belə bir addımlar gözləniləndir?
- Kimlərsə cəzalandırıla da bilər, amma məsələyə bir qədər geniş rakursdan baxsaq, məncə, yaxın vaxtlarda biz ciddi siyasi böhranın şahidi olacağıq. Atılan addımları, səsləndirilən açıqlama və bəyanatları izləyib təhlil edəndə istər-istəməz qorxulu bir qənaətə gəlirsən: ölkə hakimiyyəti nəyin baş verdiyini ya anlamır, ya da məqsədli şəkildə inkar edir. Baş verən isə budur ki, bu, artıq 3 ay əvvəlki ölkə deyil. Bəlkə siz də bu fikrimə skeptik yanaşacaqsınız, amma ölkə həqiqətən dəyişib. 44 günlük müharibə və onun noyabrın 10-dək əldə olunan uğurlu nəticələri ölkədə yeni ab-hava, yeni ictimai-siyasi reallıq yaradıb. Düzdür, indi çoxları iddia edir ki, heç nə yoxdur, hər şey öz əvvəlki axarına qayıtdı və s. Əlbəttə, kimlərsə belə düşünə bilər. Amma hakimiyyət nümayəndələrinin belə düşünməsi əsl faciədir və görünən də məhz budur. Aldadıcı olan isə həmin dəyişikliyin hələlik latent fazada olmasıdır və bu faza da hakimiyyətə zəruri addımlar atmaq üçün imkan və şanslar verir. Dəyişikliklər açıq mərhələyə keçəndə artıq gec olacaq və ölkə ya saray çevrilişinə, ya xaosa sürüklənəcək, ya da hansısa daha böyük avantüristlərin əlinə keçəcək. Amma biz hansısa effektiv addımların əvəzinə böhranı daha da dərinləşdirən çəkişmələr, bölüşmələr, mənimsəmələr və s. görürük. Bundan başqa az qala bütün səviyyədə məmurlar öz ölkəsi uğrunda döyüşüb qalıb çıxmış xalqa və onun ordusuna qarşı əvvəlkindən daha yaramaz münasibət nümayiş etdirirlər. Bu isə artıq odla oynamaqdır.
- Yeri gəlmişkən, biz son günlər səsli-küylü həbslərin şahidi oluruq. Məsələn, vaxtilə hakimiyyətin yüksək pilləsində qərarlaşmış bir məmura söykənərək “at oynadan”, həmin məmurun iri bizneslərini idarə edən oliqarxlardan biri – Rasim Məmmədov həbs olunub. Bundan başqa keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da həbs olunması ilə bağlı rəsmi xəbərlər yayılıb. Sizcə, bu həbslərin səbəbi nədir? Və niyə məhz indi bu həbslər baş verir? Çünki hər iki şəxs barədə çox ciddi faktlar olsa da həmin şəxslər barədə həmin vaxtlar heç bir ölçü götürülmürdü.
- Əslində, həmin şəxslər, sizin də qeyd etdiyiniz kimi, bəziləri çoxdan həbsxanada olmalı idilər, amma artıq çoxdan məlumdur ki, belə həbslər adətən, iki məqsəddən birinə xidmət edir: ya toplanmış oğurluq sərvəti almaq zərurəti, ya da siyasi konyunkturanın tələbi. Zənnimcə, hər iki halda bu məqsədlər tam üst-üstə düşdü, üstəlik də bir növ xofyaratma tədbiri kimi göründü. Amma xofyaratma məqsədilə belə həbslərin effekti düşünüldüyündən qat-qat aşağıdır, çünki cəmiyyət belə həbslərə daxili “razborkalar” kimi baxır, məmurlar isə onların əsl səbəbini bilirlər. Bu dəfəki həbslərin əsas səbəbi, zənnimcə, ilk növbədə mülkiyyət bölgüsüdür. Ölkədə mülkiyyətin birdəfəlik bir əldə cəmləşməsinə qərar verilib və bütün bu mübarizə fonunda da ölkə əhalisi sürətlə yoxsullaşır, sosial-iqtisadi vəziyyət ağırlaşır. Bu cür dinamika elə bir vəziyyət yarada bilər ki, sabah həmin mülkiyyətin kimin nəzarətində olmasının heç bir əhəmiyyəti olmaz.
- İndi beyinlərdə maraqlı bir sual yaranıb. Növbədə kimlərdir? Yaxın günlərdə biz daha kimlərin vurulmasının, həbsinin şahidi ola biləcəyik? Və bu prosesin arxasında hansı səbəblər və məqsədlər dayanır?
- Sərvətlərin bir əldə cəmləşməsilə paralel siyasi hakimiyyətin də tam mərkəzləşməsi baş verir ki, bu da öz-özlüyündə iqtisadi təmərküzləşmədən də təhlükəli haldır. Diktaturalara xidmət edən uydurma nəzəriyyələr xaric istənilən siyasi nəzəriyyə hakimiyyətin mərkəzləşməsilə onun effektivliyi arasında tərs mütənasiblik olduğunu deyir. Əslində bu, elə Azərbaycanda da müşahidə olunur. Məsələn, hakimiyyətin bugünkü effektivliyi 5 il əvvəlkindən daha aşağıdır. Amma görünən budur ki, bu yoldan çəkilmək istəyi yoxdur: oyuncaq hökumət, oyuncaq parlament, oyuncaq məhkəmələr, oyuncaq vətəndaş cəmiyyəti, media və hətta bir binaya toplanmış oyuncaq müxalifət əslində siyasi sistemin elementlərinin dağıdılması deməkdir. Siyasi sistem isə institusional vahid orqanizmdir ki, onun obrazlı desək, hər bir orqanı müvafiq funksiyanı yerinə yetirməlidir. Bir orqanın sıradan çıxması orqanizmi öz funksiyasını yetirməyə qoymadığı kimi, təsisatlardan birinin sıradan çıxması da siyasi sistemin işini ciddi şəkildə pozur. Bizim halda isə söhbət az qala bütün təsisatların sıradan çıxmasından gedir. Bir növ bütün orqanlar ölüb, amma biz israrla deyirik ki, orqanizm sağdır, yaşayır və fəaliyyət göstərir. Odur ki, prosesin arxasında hansı məqsədlərin durmasına rəğmən, nəticə məncə, iflasdır və o, artıq sürətlə yaxınlaşmaqdadır.
- Son olaraq, baş verənlərdən nəticə çıxararaq hansı rəyə gəlmək mümkündürmü? Yaxın vaxtlar ölkədə hansı siyasi, hakimiyyətdaxili proseslər gözlənilir?
- İqtisadi resessiyanın dərinləşməsi, sosial gərginliyun artması, siyasi böhran və son nəticədə hakimiyyəti xilas etmək məqsədilə əl atılan, amma əks nəticə verən daxili rotasiya. Lakin hələ toxunmadığımız, amma olduqca güclü təsirə malik olan xarici və ya beynəlxalq amil də var ki, onun hərhansı müdaxiləsi ən gözlənilməz nəticələrə səbəb ola bilər. Hərçənd mən düşünürəm ki, bizim durumumuzda olan ölkədə gözlənilməz nələrinsə mümkünlüyünə ümid etmək özü yanlışdır. Xüsusilə də dünya düzəninin sürətlə dəyişdiyi bir vaxtda hər şeyə hazır olmaq lazımdır. Hələlik müşahidə olunan isə köhnə düzənin dağılmasıdır və deməli, biz həmin yolun hələ heç başlanğıcında da deyilik.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər