Samir Kazımlı: İctimai şuralar formaldır

Xəbərin çap versiyası
Tarix: 13-12-2021, 20:22


Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda vətəndaş cəmiyyətinin hazırkı durumu və xarici donorların ölkədə fəaliyyətinə yaradılan manelərdən danışıb.

Civilazerbaijan.com
həmin müsahibəni təqdim edir:

- Azərbaycanda vətəndaş cəmiyyətinin hazırkı durumunu necə qiymətləndirərdiniz? İctimai sektor üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilirmi?

- Vətəndaş cəmiyyətinin durumu yenə də ağır olaraq qalır. Müsbətə doğru heç bir irəliləyiş yoxdur. Vətəndaş cəmiyyətinə də basqılar, bildiyiniz kimi, hakimiyyət tərəfindən edilib. Qanunvericilik baxımından da vətəndaş cəmiyyətinə böyük zərbə vurulmuşdur. Bu, atılmış addımların aradan qaldırılması üçün real olaraq heç bir addım atılmır. Ona görə, bu, ölkəyə töhvə verə bilmir.

- Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasından sonra bu sahədə hansısa yeniliklər baş veribmi?

- İlkin olaraq müəyyən fikirlər irəli sürüldü. Amma QHT-lərlə bağlı yaradılmış agentliyin özündə bir qeyri-müəyyənlik var. Agentlik faktiki olaraq hələ də ortaya bir addım qoya bilmir. Bilmirik nə baş verir. Agentliyin özündə də qeyri-müəyyən hadisələr baş verir. Buna görə də agentlikdən gözləntilər də yüksək deyil. Çünki, ondan əvvəlki QHT şurasıının fəaliyyəti heç bir səmərə vermədi. Dövlət büdcəsindən bir o qədər vəsait ayrıldı, amma heç bir nəticəsi olmadı. Eyni sözü Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə bağlı da demək olar. Bu gün artıq məhkəmələrdə sübut olunur ki, sadəcə bu qurumlarda dövlət vəsaitini talamaqla məşğul olublar.

- Nazirliklərin nəzdində ictimai şuraların yaradılması dövlət qurumlarının fəaliyyətinə vətəndaş nəzarətinin təmin edilməsi sahəsində müsbət yeniliklər yaradıbmı?

- Xeyr, yarada bilmədi. O, ictimai şuraların özü də formal olaraq həyata keçirilir. Həmin şuraların tərkibinə baxsanız, müstəqil vətəndaş cəmiyyəti təmsilçiləri təmsil olunmur. Mən özüm də bir dövlət qurumuna namizədliyimi irəli sürmüşdüm. Amma seçmədilər. Mən bunu gözləyirdim. Sadəcə bir test edirdim. İctimai şuralar da formal yaradılıb. Heç bir müsbətə doğru irəliləyiş yoxdur.

- Hazırda QHT-lərin fəaliyyəti üçün hansısa maneəler var?

- Təbii var. Təbii ki, qanunvericilik hələ də bərbad vəziyyətdədir. Ondan başqa siyasi münasibət dəyişməyib. Ortaya QHT-lərin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı siyasi iradə qoyulmayıb. Beynəlxalq donor təşkilatların Azərbaycanda fəaliyyətinə əngəllər hələ də qalır. Hələ də qrantlarla bağlı problemlər var. Yəni qanunvericilikdə məhdudiyyətlər qoyulubdur. QHT-lər sadəcə fərdlərin üzərində qalıb. Təşkilat kimi fəaliyyət çətinləşibdir. Əngəllər hələ də qalmaqdadır.

- Xarici donorların Azərbaycanda fəaliyyətini bərpa etməsi üçün hansı işlər görülməlidir? Hazırda xarici və yerli donroların QHT-lərin layihələrini maliyyələşdirlməsi üçün hansı maneələr mövcuddur?

- Birinci, qanunvericilikdə dəyişkiliklər edilməlidir. İkinci, bunun üçün ortaya siyasi iradə qoyulmalıdır. Xarici donorlara, beynəlxalq təşkilatlara qarşı qara qüvvə damğaları deyimləri götürülməlidir. Əməkdaşlıq edilməlidir. Belə olan halda, əgər, xarici donorlar Azərbaycana gəlsə, vətəndaş cəmiyyəti inkişaf eləsə, bu, irəliyə doğru addım ola bilər. Bununla paralel olaraq xarici sahibkarlarda da bir motivasiya yarana bilər ki, azad olunmuş ərazilərdə bərpa işlərinə cəlb oluna bilərlər. Amma xarici donorlara sən ”qara qüvvə” deyib, ölkəyə buraxmamığın, xarici sahibkarların da gözünü qorxuda bilər. Həm də bu siyasət birbaşa dövlətin əleyhinə olan siyasətdir.

- QHT-lərin dayanıqlı maliyyə mənbələrinin olması üçün hansı addımlar atılmalıdır? Bu sahədə qanunvericilikdə hansı dəyişikliklər zəruridir?

Samir Kazımlı: Birinci qeyri-hökümət təşkilatlarına şərait yaradılmalıdır ki, özləri fəaliyyət göstərsin. Azərbaycan hakimiyyəti inanmıram ki, bir donor təşkilatı yarada və müstəqil şəkildə o, istəyər ki, müstəqil qeyri-hökümət təşkilatlarına maliyyə yardımı etsin. Bu, inandırıcı görünmür. Amma yenə də deyirəm, bunun üçün birinci addım beynəlxalq təşkilatların, donor təşkilatların Azərbaycanda fəaliyyətinə imkan verməkdir. Buradan başlamaq lazımdır.

Rəsmilər nə deyir?

Bu deyilənlərə Prezident Administrasiyası və Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb.

Ədliyyə Nazirliyindən "Turan"a bildirilib ki, bu ilin altı ayı ərzində 76 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb və ümumilikdə dövlət qeydiyyatına alınan qeyri-kommersiya qurumlarının sayı 4 min 766-ya çatıb:

"Bu qurumların 3 min 332-si ictimai birlik, 209-u fondlar, 56-sı siyasi partiya, 1 min 169-u isə digər qeyri-kommersiya qurumlarıdır".

Ekspertin sözlərinə görə, son üç-dörd ildə QHT-lərlə bağlı münasibətdə ciddi dəyişiklik yoxdur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz