İdman etmək Artur Rasizadənin həyatına təhlükə yaradırmı?

Xəbərin çap versiyası
Tarix: 15-03-2017, 11:48
İdman etmək Artur Rasizadənin həyatına təhlükə yaradırmı?

Yaşlı adamlar üçün tövsiyə olunmayan idman növləri...

“Artur Rasi-zadə hər gün idman edir”. Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əlinin bu sözləri ictimaiyyətdə, sosial şəbəkələrdə böyük maraq doğurub. Bəziləri 80 yaşlı baş nazirin hər gün idmanla məşğul olmasının inandırıcı görünmədiyini, digərləri isə idmanın onun sağlamlığı üçün təhlükəli olduğunu qeyd ediblər. Məlumdur ki, 50-60 yaşdan sonra insanlarda qan təzyiqi və ürək təzyiqi artmağa başlayır.

Ekspertlər dəfələrlə qeyd ediblər ki, yüksək təzyiqi və ürək problemi olan şəxslərin bu yaş dövründə idmanla məşğul olması, kəskin hərəkətlər etməsi təhlükəlidir və bu səbəbdən onlar idman etməməlidir. Xüsusilə ürək problemi olanlar damar sərtləşməsi və tıxanması kimi ölümcül hadisələr yaşaya bilər. Dəfələrlə yaşlı insanların idman zallarında məşq edərkən və yaxud parkda yürüş edərkən qəfildən dünyasını dəyişdiyi haqda məlumatlarla rastlaşmışıq.

Bəs yaşlı insanlar hansı idman növü ilə məşğul ola bilər?

Tibb elmləri doktoru, professor Adil Qeybulla bununla bağlı “Yeni Müsavat”a danışıb: “Əslində təbiətin insana verdiyi fizioloji imkanlara görə insan 100 yaşadək yaşaya bilər. Amma heç birimiz bu yaşadək yaşaya bilmirik. Səbəb isə tənbəllik, düzgün qidalanmamaq, genetik və digər xəstəliklər və sairə çoxsaylı faktorlardır. Dünyanın əksər ölkələrində bu yaşda insanlar idmanla məşğul olur, velosiped sürür. Özüm dəfələrlə İngiltərədə bunun şahidi olmuşam. İdman bir vərdişdir. Birdən-birə idmanın hansısa növü ilə məşğul olmaq olmur.

Müəyyən vərdişləri mənimsədikdən sonra orqanizm buna alışır. Əgər insan uzun müddət idmanla məşğuldursa, təbii ki, müəyyən yaşda da məşqlərini davam edə bilər, hətta 80 yaşında da. Amma baxır, hansı idman növü ilə məşğul olur. Bu idmanda fiziki güc çox olmamalıdır, çünki həddən ziyadə fiziki işlənmə ürəyə əlavə yükdür. Bu da ağır fəsadlara, fəqərə sütununda zədələnmələrə gətirib çıxara bilər. Piyada gəzmək daha məsələhətlidir. Əgər yaşlı insan qəfildən qaçış edərsə, bu, ürək üçün təhlükəlidir. Ən məsləhətlisi gündə 4-5 kilometr piyada sakit addımlarla gəzməkdir. Ağırlıq qaldırmaq, müxtəlif gimnastik hərəkətlər, oynaqların həddən artıq gərilməsi təhlükəli ola bilər. Yıxılma təhlükəsi olan idman məşqlərindən uzaq qaçmaq lazımdır. Çünki yaşlı adamlarda bud sümükləri tez sına bilir”.
Mənbə: Musavat.com

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz