Cozep Boreldən Azərbaycan hökumətinə XƏBƏRDARLIQ

Xəbərin çap versiyası
Tarix: 14-11-2023, 14:13


Oktyabrda Avropa İttifaqı Ermənistanın demokratik yolla seçilmiş hökuməti və təhlükəsizliyini dəstəkləmək üçün Yerevanla əməkdaşlığın gücləndirilməsini müzakirə edib.

Civilazerbaijan.com
bildirir ki, bunu noyabrın 13-də Brüsseldə Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündə qurumun xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel deyib.

Diplomat Ermənistanla viza rejiminin liberallaşmasını öyrənəcəklərini deyib:

“Biz Ermənistandakı missiyamızı gücləndirmək qərarına gəldik: sərhədin təhlükəli hissələrində daha çox müşahidəçi və daha çox patrul olacaq. Biz həmçinin Avropa Sülh Fondu çərçivəsində Ermənistana mümkün dəstəyi və Ermənistan üçün viza rejiminin liberallaşdırılmasını öyrənəcəyik”.

Cozep Borel Ermənistanın ərazi bütövlüyünün pozulmasını qəbuledilməz hesab edərək Azərbaycana da mesaj verib:

“Ermənistanı daxildən və xaricdən sabitliyi pozmaq cəhdlərinə qarşı sayıq olmağa çağırırıq. Bizim Azərbaycana mesajımız aydındır: Ermənistanın ərazi bütövlüyünün hər hansı formada pozulması qəbuledilməzdir və münasibətlərimizin keyfiyyəti üçün ciddi nəticələrə səbəb olacaq”.

O, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıyla Yerevan arasında danışıqları bərpa etməyə çağırıb:

“Biz sülh müqaviləsi bağlamalıyıq və vasitəçilik rolumuzu davam etdirmək əzmindəyik”.

Azərbaycan Xarici İşlər Nazirliyi Cozep Borelin fikirlərini “regiondakı reallıqları qəsdən təhrif edən ittihamlar tamamilə qeyri-adekvat və qəbuledilməzdir” – deyə qiymətləndirib.

Nazirlik noyabrın 14-də yaydığı şərhində qeyd edib ki, Avropa İttifaqı 30 ilə yaxın müddətdə Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşıb:

“Borelin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktını qınamaqdan çəkinməsi fonunda, Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir. Aİ Xarici Fəaliyyət Xidmətinin bu və digər bölgələrdə sərgilədiyi riyakar yanaşmalardan da göründüyü kimi, bu qurum yanlış addımların qurbanına çevrilib”.

XİN hesab edir ki, Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir addım atmayan Aİ-nin nümayəndəsinin səsləndirdiyi ittihamlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təhdiddir.

“Aİ-in Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır. Bunun məsuliyyəti eyni zamanda Aİ-nin üzərinə düşür. Bu məqsədlə, digər sahələrlə yanaşı hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir. Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaqdır”, – deyə nazirlik əlavə edib.

Bundan başqa noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində hərbi paradda çıxışı zamanı “Bizə yeni müharibə lazım deyil” bildirmişdi:

“Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik”.

“Biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin…”, – deyə Əliyev vurğulamışdı.

Noyabrın 13-də Azərbaycanın dövlət başçısı ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumayla görüşdə deyib ki, regiondakı son hadisələr Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalı və hərbi təcavüzü kontekstində nəzərdən keçirilməlidir:

“Bu işğal və təcavüzün nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı baxışların irəli sürülməsi düzgün yanaşma olmaz. Ermənistan Azərbaycan torpaqlarının işğalını əbədiləşdirməyə çalışırdı. İşğal dövründə həyata keçirilmiş vasitəçilik missiyaları tamamilə uğursuz olub, işğal və təcavüzün nəticələrini aradan qaldırmayıb”.

Ölkə başçısı sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüsü ilə də məhz Azərbaycanın çıxış etdiyini demişdi:

“Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Azərbaycan hazırda birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim etsə də, azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistan inkar edir və bununla əlaqədar olaraq hər hansı bir baxış ortaya qoymayıb”.

O cümlədən, oktyabrın 17-də İlham Əliyev Füzuli rayonunda yerli əhaliylə görüşündə demişdi ki, azərbaycanlılar Zəngəzura sülhlə qayıdacaqlar:

“Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”.

Siyasi şərhçi Sücaət Əhmədzadə Meydan TV-yə deyib ki, Azərbaycanın Ermənistana hücum edəcəyi barədə məlumatlar son vaxtlar müxtəlif platformalarda tezisə çevrilib:

“Nə qədər əsaslı olub-olmaması başqa məsələdir. Amma Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərin intensivləşməsində bu məlumat əsas amil olaraq göstərilir. Xüsusən də Yerevan fəal şəkildə real təhdid qarşısında olduğunu vurğulayaraq Avropa İttifaqının dəstəyinə ehtiyac hiss etdiklərini bildirir. Görünür, Avropa İttifaqının üzv dövlətlərinin müəyyən qismi də Ermənistanla əlaqələrin artırılmasında maraqlıdırlar”.

S.Əhmədzadə hazırda Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Ermənistan-Gürcüstan xəttinin daha da prioritetləşdiyini düşünür:

“Ermənistanda Avropa İttifaqının missiyasının sayını artırmaq planlaşdırılır, sülh təşəbbüsü çərçivəsində müəyyən yardımlar nəzərdə tutulur, həmçinin, humanitar yardımlarda müəyyən artımlar var. Sadaladıqlarım Brüssel-Yerevan yaxınlaşmasının göstəricisidir, Borel də buna əsasən belə bəyanat verib”.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Meydan TV-yə açıqlamasında Borelin bəyanatının əsassız olmadığını qeyd edib:

“Məsələ ondadır ki, Qərbin kəşfiyyatı işləyir və onlar Bakı-Moskva əlaqələrindən, müəyyən planların bir yerdə hazırlanmasından tam xəbərdardılar. Dəfələrlə demişik ki, Qarabağdakı hərbi-siyasi proseslər yalnız İlham Əliyevin şəxsi iradəsi nəticəsində baş verməyib. Rusiya “yaşıl işıq” yandırıb və Azərbaycandan da nələrsə qoparıb. Hələ tam olaraq bunların nədən ibarət olduğunu bilmirik. Ehtimallardan biri də odur ki, Ermənistana Azərbaycan vasitəsilə təzyiq göstərsin. Bunun üçün də yenidən müharibənin olması mümkündür. Əlbəttə, bütün sadaladıqlarım ölkə televiziyalarında hökumətin apardığı təbliğat və “cib müxalifəti”nin çıxışlarından doğan ehtimallardır. Güman ki, Borel başda olmaqla Avropa İttifaqının digər rəsmiləri vəziyyətdən xəbərdar olsalar da, son nöqtə qoyulmayıb”.

Azər Qasımlının sözlərinə görə, Rusiya Azərbaycanın Xankəndidə hərbi parad keçirməsinə elə-belə göz yummamışdı:

“Bunun qarşılığında nəsə var. Təbii ki, Xankəndinin Azərbaycan ərazisi olmasını heç kəs mübahisələndirə bilməz. Amma bunun əvəzində bizdən nə istəyiblər, mənə maraqlıdır. Məsələ ondadır ki, pulsuz pendir yalnız tələdə olur”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz