Bertold Brext. Kafirin plaşı - HEKAYƏ

Xəbərin çap versiyası
Tarix: 16-11-2024, 13:00


Alman yazıçı, şair, dramaturq və teatr rejissoru Bertold Brext (Bertolt Brecht) 10 fevral 1898-ci il də Almaniya imperiyasının Bavariya Krallığının Auqsburq bölgəsində anadan olub. O, 20-ci əsr alman poeziyasının və teatrının ən önəmli simalarından biri hesab olunur. Onun əsərləri dünya capında səs salmış və bir sıra mükafatlara layiq görülüb O, əvvəllər Ervin Piskator tərəfindən əsası qoyulan “epik teatr”, başqa sözlə, “dialektik teatr” ideyasını özünəməxsus şəkildə inkişaf etdirib. Bertold Brext 14 avqust 1956-cı ildə Şərqi Berlində ürək tutmasından vəfat edib.

CivilAzerbaijan.com
Bertold Brextin "Kafirin plaşı" hekayəsini təqdim edir:

Bertold Brext
Kafirin plaşı
hekayə


Əslən Noladan olan, Roma inkvizisiyasının 1600-cü ildə kafir kimi tonqalda yandırılmağa məhkum etdiyi Cordano Bruno bəşəriyyətin yaddaşında yalnız səma cisimlərinin hərəkəti haqqında irəli sürdüyü və sonda öz təsdiqini tapmış hipotezləri ilə deyil, həm də inkvizisiya hakimlərinə qarşı cəsarətli dirənişi ilə qalmışdır, belə ki, o, hakimlərə demişdi: "Mənə hökm oxuyarkən siz, mənim o hökmü dinlədiyim zaman qorxduğumdan daha çox qorxursunuz”.

Brunonun ona verilən dahi adına nə qədər layiq olduğunu anlamaq üçün onun kitablarını oxumaq və elmi disputlardakı çıxışları barəsində olan hekayələri ilə tanış olmaq kifayətdir; lakin bu günümüzə qədər gəlib çatan bir əhvalat var ki, bizim ona daha dərin ehtiram bəsləməyimizə səbəb ola bilər.

Bu əhvalat onun plaşı barəsindədir.

Brunonun necə inkvizisiya məhkəməsinin əlinə keçməsi haqqında danışacağıq.

Moçeniqo adlı bir Venesiyalı patrisi fizika və mnemonikanın sirlərinə bələd olmaq üçün alimi öz evinə dəvət edir. Bir neçə ay ərzində Bruno, onun evində bəslənir, qarşılığını isə ona verdiy idərslərlə ödəyir. Lakin Moçeniqonun yiyələnməyə ümid etdiyi qara magiyanın əvəzinə ona yalnız fizikanı öyrədir ki, Moçeniqo bundan heç də məmnun deyildi, çünki bu məşğələlərdə heç bir fayda görmürdü. Öz qonağına havayı xərc çəkdiyi barəsindəki fikirlər onu təngə gətirmişdi.

Ona öyrətməli olduğu gizli və gəlir gətirən o biliklərlə, nəhayət, bölüşməsi üçün onu dəfələrlə yanına çağırmışdı. Bu qədər məşhur olan insan şübhəsiz ki, o biliklərdən hali idi. Bunun kömək etmədiyini görəndə isə o, Brunonu inkvizisiya məhkəməsinin əlinə verdi. O bu ləyaqətsiz, nanəcib adamın onun yanında guya İsanı danmasını, rahibləri uzunqulaq adlandırmasını, onların xalqı səfeh yerinə qoyduğunu, bundan başqa, İncildə yazıldığı kimi bir Günəşin yox, saysız-hesabsız Günəşin olduğunu israr etdiyini və s.və i.a. bildirmişdi.

Bu əsnada da Moçeniqo Brunonu evinin çardağına salıb qapını bağlayır və onu aparmaq üçün mühafizə dəstəsinin mümkün qədər tez göndərilməsini xahiş edir. Və doğrudan da bazar günündən bazar ertəsinə keçən gecə mühafizə dəstəsi peyda olur və onu inkvizisiyanın zindanına aparırlar.

Bu, 1592-ci il mayın 25-i səhər saat üçdə baş vermişdi. Və o gündən 1600-cü il, fevralın 17-nə - tonqala atılan günədək nolalı Bruno məhbəsdə qalmışdı.

Məşəqqətli proses səkkiz il davam etdi və Bruno öz həyatı üçün qəhrəmanlıqla mübarizə apardı, lakin Romaya təhvil verilməsi əleyhinə Venesiyada birinci il apardığı mübarizə bu mücadilənin ən gərgin tərəfi idi.

Plaşla əlaqəli əhvalat da elə bu zamanlara aiddir.

1592-ci ilin qışında, hələ mehmanxanada yaşayarkən o, Qabriel Tsunto adlı dərzidə özünə isti plaş tikdirmişdi. Həbs edilərkən Bruno dərzinin pulunu ödəməyə imkan tapmamışdı. Sifarişçisinin həbs edilməsi xəbəri yayıldığı zaman dərzi öz zəhməthaqqısını tələb etmək üçün cənab Moçeniqonun müqəddəs Samuil kilsəsində yerləşən evinə soxulur, lakin artıq gec idi. Moçeniqonun qulluqçusu ona qapını göstərir.

- Biz bu fırıldaqçının ucbatından kifayət qədər soyulmuşuq - o, kandarda dayanaraq elə bağırırdı ki, yoldan keçənlər çevrilib ona baxırdılar. - Müqəddəs tribunala gedin və bu kafirlə haqq-hesabınız olduğunu deyin.

Dərzi eləcə ölü kimi durub baxırdı. Düşən hay-küyün diqqətini cəlb etdiyi küçə uşaqlarından ibarət bir dəstə onu dövrəyə aldı və sir-sifətində alabəzək yara-xoranın sanki çiçək açdığı küçə avaralarından biri ona bir daş tolazladı. Hərçənd, qonşuluqdakı evdən miskin geyimli qadın özünü yetirərək o uşağı bir şapalaqla cəzalandırdı, amma buna baxmayaraq qoca dərhal başa düşdü ki, "bu dinsizlə hər hansı bir münasibətdə olmaq” nə qədər təhlükəli ola bilər. Qorxa-qorxa ətrafına boylanaraq o, küçəni döndü və arxa yollarla öz evinə tərəf qaçmağa üz qoydu. Öz uğursuzluğu barəsində arvadına heç nə demədiyi üçün arvadı onun bütün həftə ərzində davam edən əzgin əhval-ruhiyyəsinə təəccüb qaldı.

Lakin bir iyun günü, hesab qəbzlərini yazarkən o, aşkar etdi ki, bir plaşın pulu ödənməyib və bu məhz o adamdır ki, adı dillər əzbəridir, çünki nolalı haqqında bütün şəhər danışırdı. Hər tərəfdə ən dəhşətli şaiyələr dolaşırdı. O adam yalnız kitablarında izdivacın mübhəm tərəfinə rişxənd etmir, İsanın özünü də şarlatan adlandırır, günəş haqqında da ağzına gələni sayıqlayırdı.

Belə bir adamın plaşın pulunu ödəməməsi təəccüblü deyildi.

Lakin xeyirxah qadın ziyana düşmək istəmirdi. Əri ilə mübahisə edən yetmiş yaşlı bu qarı bayram libasını geyinərək müqəddəs tribunala yollandı və çox əsəbi halda, həbs edilmiş kafirdən onlara borclu olduğu otuz iki skudonu qaytarmağı tələb etdi. Onunla söhbət edən məmur onun şikayətini yazdı və məsələni aydınlaşdıracağına dair söz verdi.

Tezlklə Tsunto bildiriş aldı və qorxudan tir-tir əsə-əsə bu vahimə saçan yerə getməli oldu. Heç kimin onu sual-cavab etmədiyini, sadəcə, məhkumun maliyyə məsələlərilə məşğul olacaqları zaman bu tələbin də diqqətə alınacağı barədə məlumat verdiklərini görüb mat qaldı. Bir sözlə, məmur əhəmiyyətli bir məbləğə ümid etməməyi ona sarı simdə anlatmişdi. Qoca bu işdən yaxasını yüngül qurtara bildiyi üçün xoşbəxt idi və yalnız aşağılanmış halda minnətdarlıq edə bildi.

Amma arvadı heç cür ovuna bilmirdi. Ziyanı ört-basdır etmək üçün ərinin hər axşam içdiyi bircə qədəh şərabdan imtina etməsi və iş masası arxasında gecəyarısına qədər oturması onun üçün kifayət deyildi. Onlar mahudu borcla almışdılar, tacir isə gözləməyəcək. Qarı mətbəxdə, həyətdə səsini başına atıb qışqırır, deyirdi ki, borclarını ödəmədən bir cinayətkarı tutub zindana salmaq sadəcə abırsızlıq və utanmazlıqdır. Öz otuz iki skudosunu almaq üçün o, lazım gəlrsə, Romaya, müqəddəs atanın qəbuluna da getməyə hazırdır. –"Tonqalda kafirə plaş heç lazım da olmayacaq” - o bağırırdı.

Qadın düçar olduqları bədbəxtlik barədə keşişə də danışdı. Keşiş ona məsləhət gördü ki, heç olmasa plaşı onlara qaytarmağı tələb etsinlər. Hətta kilsənin də onun tələbini ədalətli hesab etməsindən şad olan qarı elan etdi ki, plaşla kifayətlənməyəcəkdir, çox güman ki, o, artıq geyilmişdir, bundan əlavə həm də plaşın ölçüyə uyğun tikilmiş olması məsələsi də var. O, pulunu nəğd olaraq istəyəcəkdir. Amma qara-qışqırıq salıb səsini qaldırdığı üçün müqəddəs ata onu qovdu. Qarı bu hadisədən sonra bir qədər ağıllandı və onun səsi bir neçə həftəlik kəsildi.

Bu arada, inkvizisiya məhkəməsinin divarları arasından həbs olunmuş kafir barəsində yeni söz-söhbətlər artıq sızmırdı. Hərçənd, hər tərəfdə sorğu-sual zamanı daha dəhşətli cinayətlərin aşkara çıxması barəsində pıçıldaşırdılar. Qarı bu şaiyələrə acgözlüklə qulaq kəsilmişdi. Kafirin işlərinin bu qədər pis getməsini eşitmək onun üçün əsl işgəncə idi. O, heç vaxt azadlığa çıxmayacaq və borcunu da ödəməyəcəkdir. O, yuxusunu itirdi və avqust ayında, isti onun əhdini tamam kəsdiyi bir vaxtda artıq dözə bilməyərək, ürəyini açaraq öz dərdini alış-veriş etdiyi bütün baqqal dükanlarında və paltar biçdirməyə gələn bütün sifarişçilərlə bölüşməyə başladı.

Qarı eyhamla bildirirdi ki, müqəddəs atalar xırda sənətkarın haqlı tələbindən bu qədər etinasızlıqla yayınmaqla günah edirlər. Həm də vergilərin hazırki səviyyəsi və çörəyin yenidən bahalaşdığı bir vaxtda.

Bir günorta inkvizisiyanın qorxusu onu çəkib müqəddəs tribunala gətirdi. Burada israrla qarıya yersiz çərənləməni qurtarmağı məsləhət gördülər. Bir neçə miskin skodoya görə bu qədər əhəmiyyətli proses barəsində məsuliyyətsiz nitqlər söyləmək ayıb deyilmi, - ona dedilər. Sözarası, həm də öz başına böyük iş açacağı barəsində də xəbərdarlıq etdilər.

Xəbərdarlıq bir müddətlik işə yaradı, hərçənd "zavallı skudolar” yadına düşəndə - bu bəslənmiş rahib o pulların ucbatından qarının üz-gözünü az danlamamışdı - hirsindən qan qarının beyninə vururdu. Lakin sentyabrda söz-söhbət gəzməyə başladı ki, Romadakı Böyük İnkvizitor nolalının təhvil-təslimini tələb edir və Sinyoriya ilə danışıqlar aparılacaqdır.

Şəhərlilər cani-dildən təvhil tələbini müzakirə edirdilər və hamı hiddətlənmişdi.

Sexlər roma məhkəməsinə tabe olmaq istəmirdilər. Qarı özündə-sözündə deyildi. Doğrudanmı, bu kafiri borclarını ödəmədən öncə Romaya buraxacaqlar? Bircə bu çatmırdı! Bu xəbəri eşidər-eşitməz, heç əynini belə dəyişməyi özünə rəva görmədən dərhal müqəddəs tribunalın binasına tərəf götürüldü. Bu dəfə onu daha mötəbər məmur qəbul etdi və qəribə də olsa, bu məmur onun əvvəllər münasibətdə olduğu bütün məmurlardan daha anlayışlı idi. O, demək olar ki, bu qarı ilə yaşıddı, onun bütün şikayətlərini sakitcə, diqqətlə dinlədi. Qarı sözünü qurtardığı zaman isə kiçik fasilədən sonra soruşdu ki, Bruno ilə danışmaq istəyərdimi? O, dərhal razılaşdı.

Görüşü ertəsi günə təyin etdilər. Səhəri gün pəncərələrində dəmir barmaqlıqların olduğu darısqal kamerada seyrək qara saqqallı, arıq, balaca bir adam onu qarşılayaraq nəzakətlə nə lazım olduğunu soruşdu. Qarı bu adamı əvvəllər də görmüşdü, xatirində də qalmşdı, amma indi onu tanıya bilmədi. Aydın məsələdir ki, onu sorğu-sual prosesi belə dəyişmişdi.

Qarı tələskənliklə dilləndi:

- Plaş. Siz onun pulunu ödəməmisiniz.

Adam bir neçə saniyə təəccüblə qarının üzünə baxdı. Sonra xatırladı və sakit səslə soruşdu:

- Mən sizə nə qədər borcluyam?

- Otuz iki skudo. Siz ki, hesabı almısınız.

O, görüşdə iştirak edən ucaboy, kök məmura tərəf döndü, ondan əşyaları ilə birlikdə müqəddəs məhkəməyə pullarının da təhvil verilib-verilmədiyi barəsində məlumatı olub-olmadığını soruşdu. Məmur dedi ki, bilmir, lakin söz verdi ki, aydınlaşdıracaqdır.

- Əriniz necədir? - məhbus yenidən qarıya müraciət edərək, sanki hər şey aydınlaşmış və indi də ev sahibəsi ilə qonaq arasında normal münasibətlər qüvvəyə minməli imiş kimi soruşdu. Qarı bu çəlimsiz adamın xoşməramlılığından pərt olaraq mızıldandı ki, hər şey qaydasındadır. Ərinin sağlam olduğunu dedi və hətta onun revmatizmi haqqında da bir-iki kəlmə əlavə etdi.

Nəzakət qaydalarına görə məhbusa məsələni aşkara çıxarması üçün zamanın tələb olunduğunu nəzərə aldığından, qarı müqəddəs tribunala bir də iki gün keçdikdən sonra getdi.

Və doğrudan da ona Bruno bir də danışmaq üçün izn verdilər. O, sorğuda olduğundan, qarı onu dəmir məhəccərli pəncərəsi olan kiçik otaqda bir saatdan artıq gözləməli oldu.

O gəldi, çox üzgün olduğu görünürdü. Otaqda stul olmadığı üçün yüngülcə divara söykənməli oldu. Elə o dəqidə də iş barəsində danışmağa başladı. O, qarıya çox zəif bir səslə, plaşın pulunu ödəyə bilməyəcəyini söylədi - buna təəssüf edirdi. Onun əşyaları arasında pul yoxdu. Lakin ümidi üzməyə dəyməzdi: düşünərək o, birdən bir zaman Frankfurtda onun kitablarını nəşr edən bir adamdan ona çatacaq pullar barədə xatırladı. Əgər ona icazə verilərsə, Frankfurta yazar. O, günü sabah bu barədə xahiş edəcəkdir. Bu gün sorğu zamanı əhval-ruhiyyə elə də ürəkaçan olmayıb və o, işlər korlanmasın deyə, bu barədə rica etmək istəməyib.

Brunonun danışdığı müddət ərzində qarı ona iti, kəskin gözlərlə baxırdı. İntizamsız borcluların hiylələri və dil tökmək cəhdləri ona tanış idi. O adamlar öz məsuliyyətlərini bir quruşluq da olsa, dərk etmirdiər, bir balaca sıxma-boğmaya aldığınız zaman isə özlərini elə göstərirdilər ki, sanki yeri-göyü çevirməyə hazırdırlar.

- Əgər ödəməyə pulunuz yox idisə, o zaman niyə plaş sifariş edirdiniz? – qarı sərt bir tərzdə soruşdu.

Məhbus başını yelləyərək onun sözlərinin mənasını anladığını bildirdi. O, cavab verdi:

- Mən kitab yazmaqla və dərslər verməklə həmişə kifayət qədər qazanmışam və düşünürdüm ki, yenə də qazanacağam. Plaş isə mənə lazım idi, mən ki, zindana düşməyə hazırlaşmırdım. - O bu sözləri sadəcə cavab üçün, bircə damcı belə acımadan söylədi.

Qarı onu qəzəbli baxışlarla aşağıdan-yuxarıyacan süzdü, lakin nə isə onu yeni həmlələrdən çəkindirirdi.

Heç bir söz söyləmədən o, kameradan çıxıb qaçdı.

- İnkvizisiyanın təqib etdiyi adama pulu axı kim göndərəcək? - axşam yataqda uzandıqları zaman qarı qəzəblə ərinə dedi.

O isə hakim dini dairələrdən artıq ehtiyat etməsə də, arvadının pulları geri qaytarmaq üçün etdiyi bu ciddi-cəhdləri də bəyənmirdi.

- Onun indi başqa qayğıları vardır, - o dedi.

Qarı heç nə demədi.

Növbəti aylar bu xoşagəlməz hadisəyə yeni heç nə qatmadı. Yanvarın əvvəlində məlum oldu ki, Sinyoriya papanın arzusunu yerinə yetirməkdən yayınır və kafiri təhvil vermək istəmir. Elə o zaman da Tsunta çütlüyü müqəddəs məhkəməyə çağrılmaq barədə növbəti dəvət aldı.

Dəqiq vaxt göstərilmədiyi üçün Tsunta qarı bir dəfəsində oraya gün əyilən zaman getmiş, bu gediş isə yerinə düşməmişdi. Məhbus, Sinyoriyanın onun Romaya təhvil verilməsi məsələsi barəsində hökm hazırlamağı tapşırdığı respublika prokurorunu gözləməkdə idi.

Qarını nolalı ilə birinci dəfə görüşməsinə icazə vermiş həmin o mötəbər məmur qarşıladı. Qoca dedi ki, məhbus onunla görüşmək istədiyini dilə gətirib, lakin yaxşı olmazdımı ki, bu görüş başqa zamanadək təxirə salına? Məhbusu indi həddindən ziyadə çox vacib bir söhbət gözləyir.

Qarı cavabında qısaca olaraq qeyd etdi ki, bu barədə onun özündən soruşmaq daha yaxşıdır.

Qulluqçulardan biri elə məhbusun özü ilə qayıtdı. Söhbət mötəbər məmurun iştirakı ilə baş tutdu. Nolalı artıq qapıda olarkən ona gülümsəməzdən və ona nə isə söyləməzdən öncə qarı haray çəkdi:

- Əgər zindana düşməyə hazırlaşmırdınızsa, özünüzü niyə o cür aparırdınız?

Bir anlığa adam çaşıb qaldı. Bu üç ay ərzində o qədər suala cavab verməli olmuşdu ki, dərzinin arvadı ilə olan söhbətin sonluğu çətin xatirində qalardı.

- Mən pullarımı almamışam - nəhayət, o dedi. - İki dəfə yazmışam, amma pul ala bilməmişəm. Düşündüm ki, bəlkə plaşı geri götürəsiniz, hə?

- Bunun elə belə qurtaracağını da bilirdim - qarı nifrətlə dilləndi. - Plaş sizin ölçülərinizədir və başqasına çox-çox kiçik olar.

Nolalı qarıya əzabkeş baxışlarla baxdı.

- Mən bu haqda düşünməmişəm - o, dedi və rahibə tərəf döndü.

- Mənim varidatımı satıb pulunu bu adamlara vermək olmazmı?

- Bu, mümkün deyil! - onu buraya gətirən ucaboy, gombul məmur söhbətə qarışdı. Sizin varidatınıza sinyor Moçeniqo iddia edir. Uzun müddət onun hesabına yaşamısınız.

- Mən onun evində onun öz dəvətinə əsasən yaşamışam! - nolalı usanmış halda cavab verdi.

Qoca əlini qaldırdı.

- Bunun işə aidiyyatı yoxdur. Mən belə güman edirəm ki, plaşı qaytarmaq lazımdır.

- Bəs, o bizim nəyimizə lazımdır? - qarı inadla dedi.

Qocanın üzü qızardı. O, ağır-ağır dilləndi:

- Əziz qadın, bir qədər xristian mərhəməti nümayiş etdirməyin sizə bir ziyanı olmazdı. Təqsirləndirilən şəxsi vacib sorğu gözləyir, bu, onun müqəddəratını həll edəcək qədər əhəmiyyətlidir. Sizin plaşınızla xüsusi maraqlanmağı ondan tələb etməyə haqqınız olduğunu sanmıram.

Qarı inamsızlıqla ona baxdı. Birdən o, harada olduğunu xatırladı. Artıq burdan getməyin yaxşı olub-olmadığını düşünürdü ki, birdən arxasında məhbusun sakit səsini eşitdi:

- Mən hesab edirəm ki, onun tələb etməyə haqqı var. - Və qarı ona tərəf çevrildiyi zaman əlavə etdi: - Siz gərək olanlara görə məni əfv edəsiniz. Sizə dəyən zərərə etinasız qaldığımı düşünməyin. İşin gedişatı zamanı mən bu barədə elan edəcəyəm.

Qocanın işarəsilə ucaboy gönbul otağı tərk etmişdi. İndi isə o qayıtmış və əllərini yellədərək deyirdi:

- Plaş, ümumiyyətlə, heç bizə təhvil verilməyib. Çox güman ki, Moçeniqo onu özünə saxlayıb.

Nolalının qorxduğu hiss olunurdu və o, qətiyyətlə dedi:

- Bu, ədalətli deyil. Mən şikayət edəcəyəm.

Qoca başını yırğaladı.

- Yaxşısı budur ki, siz bir neçə dəqiqə sonra sizi gözləyən söhbət barəsində düşünəsiniz. Mən daha yol verə bilmərəm ki, bir-iki miskin skudo üçün burada əlbəyaxa olsunlar.

Qan qarının beyninə vurdu.

Nolalının danışdığı zaman ərzində o, susur və dodaqlarını gəmirə-gəmirə otağın küncünə baxırdı. Amma indi yenidən hövsələsini itirmişdi.

- Miskin skudo! - O, bağırdı. - Bu bizim bir aylıq qazancımızdır! Mərhəmətli olmaq sizə asandır. Siz ki, heç nə itirmirsiniz. Bu dəmdə kandarda uca boylu rahib peyda oldu.

- Prokuror gəlib, - qara-qışqırıq salan qarıya təəccüblə baxaraq o, alçaq səslə dilləndi. Gombul nolalının qolundan tutaraq onu otaqdan apardı. Məhbus kandara doğru getdiyi zaman elə hey çiyni üzərindən dönüb qarıya boylanırdı. Onun arıq sifəti çox solğun idi.

Qarı daş pilləkanları təlaş içində endi. O, heç bilmirdi ki, nə etsin. Nəhayətində, bu adam bacardığının hamısını etmişdi.

Bir həftə sonra gombul rahib plaşı onlara qaytarmaq üçün gəldiyi zaman qarı iş otağına keçmədi. Lakin o, qapının arxasında dayanaraq rahibin dediklərini eşitdi:

- Məhbus həqiqətən də son zamanlar elə hey bu plaş üçün əndişələnirdi. Həm istintaq zamanı, həm də şəhərin hakim dairələrinin onunla apardığı danışıqlar arası iki dəfə o bildiriş yayaraq nunsiyalarla danışmağa nail olmaq üçün cəhdlər etdi. Və dediyinin üzərində durdu. Moçeniqo plaşı qaytarmalı oldu. Hərçənd doğrusunu desək, o plaş indi məhbusa çox gərək ola bilərdi; təhvil məsələsi də artıq həll olundu və onu bu həftə Romaya aparacaqlar.

Həqiqətən də, yanvar ayının son günləri idi.

Tərcümə edəni:
Dinar Həmidova


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz