Qoderzi Çoxeli. Mahnı - Hekayə

Xəbərin çap versiyası
Tarix: 13-12-2025, 13:22


Məşhur gürcü yazıçısı, ssenaristi və kinorejissoru Qoderzi Çoxeli (gürcücə : გოდერძი ჩოხელი ) 2 oktyabr 1954-ci ildə Gürcüstanın Duşeti rayonunun Çoxe kəndində anadan olub, 1979-cu ildə Tbilisi Dövlət Teatr İnstitutunu bitirib. 1976-cı ildə rejissorluğa başlayıb. Onun məşhur filmlərindən "İnsanın kədəri" (ადამიანთა სევდა, 1984), "Milad q[hide][/hide]uzusu" (აღდგომის ბატ 1988), "Günahın uşaqları" (ცოდვის შვილები, 1989), "Göyərçinlər" (სამოთსი) გვრიტები, 1997), "Lukanın müjdəsi" (ლუკას სახარება, 1998) "Sahara məhəbbəti" (სიყვარულის ცეცხლი, 2003) və s. qeyd etmək olar. Qoderzi Çoxeli "Küknarlar məktub", "İnsan kədəri", "Qurd", "Balıqdan məktublar", "Məni qoru, ey ana torpaq" kimi məşhur nəsr əsərlərinin müəllifidir. Onun əsərlərində əsasən doğulub boya-başa çatdığı Qudaməkari rayonu yer alır. Qoderzi Çoxeli 16 noyabr 2007-ci ildə vəfat edib.

Civilazerbaijan.com
Qoderzi Çoxelinin "Mahnı" hekayəsini təqdim edir:

Qoderzi Çoxeli
Mahnı
hekayə


Onun əsl adını bilmirəm. Gəlmə adamın adını bizim Çoxidə Axayda qoydular. Ola bilsin, onu başqa kənddə ayrı cür, məsələn, Durxani, yaxud Axaydurx adlandırırdılar, amma yaddaşımda Axayda kimi qalıb.

Onun bizim yerlərdə peyda olmasında qəribə bir şey vardı. Örüşdə qoyun otaran uşaqlar Araqvinin o tayıyla başında girdə neylon papaq, çiynində uzun əl ağacı olan bir adamın getdiyini görüblər. O, uşaqları görən kimi, düz yanlarına gəlib. Kişi əl ağacının bir ucunu çayın dibinə sancıb, o biri ucundan ikiəlli yapışıb, yerə təkan verib çayın o tayından bu tayına tullanıb. Bədəni havaya qalxanda papağı başından çaya düşüb. Kişi dayaz suda papağın dalınca qaçıb, tutub, sıxmadan başına qoyub, tələsə-tələsə təpəyə, balaca çobanların yanına qalxıb, bir az aralıda dayanıb, deyib:

- Mahnı istəyirsiniz?

Uşaqlar çaşıb, onun nə demək istədiyini düz-əməlli başa düşməyiblər, hətta qorxublar.

- Hə, nə deyirsiniz, başlayım?

- Nəyi başlayırsan? – Uşaqlardan ən böyüyü dillənib.

- Mahnını.

- Hansı mahnını?

- Deyirəm, mahnıya qulaq asmaq istəmirsiniz?

- İstəyirik.

- Onda qulaq asın.

O, əl ağacını yerə sancıb, ayaqlarını aralı qoyub, əllərini yanına salıb ucadan oxumağa başlayıb:

- Axaydu, axayda, durxani,
Axaydu, axayda, durxani-i-i...

Sözünün sonunu uzadıb, susub, sonra bardaş qurub, deyib:

- İndisə gətirin.

- Nəyi gətirək?

- Oxuduğum mahnının əvəzində çörək verin.

Bu qeyri-adi adam uşaqların xoşuna gəlib, hər kəs ona öz olanından – kimi çörək, kimi bir tikə pendir – verib. Kiçi iştahla yeyib, günün qalan hissəsini də çoban uşaqlarla keçirmək qərarına gəlib.

Axşam birgə kəndə gəliblər.

Kənd camaatısa artıq xəbərə qaçan uşaqdan qəribə adamın gəlişindən xəbər tutubmuş, gün batana yaxın uşaqdan böyüyəcən hamı evlərinin yastı damlarında dayanıb onu gözləyirmiş.

Kişi malların arxasınca gəlirmiş, ilk həyətləri ötüb, qəfildən evlərin birinin yanında donub qalıb. Orda açıq eyvandan sapa düzülmüş cır armudlar asılıbmış, görünür, bu da yad adamın diqqətini çox çəkibmiş. Kişi farağat vəziyyəti alıb, heyrət dolu gözlərini armudlardan çəkmədən oxuyub:

- Axaydu, axayda, durxani,
Axaydu, axayda, durxani-i-i...

Mahnısını başa vurandan sonra ev sahibini səsləyib:

- İndisə mənə armud qurusu ver.

- Onları səndən ötrü qurutmayıblar.

- A kişi, mən səninçün mahnı oxudum axı.

- Səndən mahnı oxumağı xahiş eləməmişdim.

- Eh, görünür, az oxumuşam, - o, dillənib, sonra “Axaydu”sunu yenidən oxumağa başlayıb.

Gəlmə gözlərini armuda dikib ara vermədən o vaxtacan oxuyub ki, axırda ev sahibinin yazığı gəlib, onun boynundan bürüşmüş, qurumuş meyvə bağı asıb.

Həmin gündən kişi hər gün həyətbəhəyət gəzib, yemək qoxusu gələn həyətlərin yanında ayaq saxlayıb, istədiyi yeməyi ona verənəcən öz mahnısını oxuyub.

Gəlmə öz mahnısıyla camaatı bezdirib, daha yemək verməyəndə o əl ağacını yenə çiyninə alıb, kənddən çıxıb. Çaya çatıb, həminki kimi, çayın dibinə sancıb, o taya atılmaq istəyib. Amma bu dəfə bədəni havada olanda başından düşən papağını düzəltmək üçün əlinin birini ağacdan çəkib, müvazinətini itirib, şappıltıyla çaya düşüb. Çaşqın halda başını qaldırıb ətrafa boylanıb. Bir qədər yerində qalıb, sonra qalxıb, çayı ayaqla keçmək əvəzinə geri qayıdıb. Yenə təkan verib, havaya qalxıb, çayın üzərində uçanda bir əlilə papağını tutub ki, suya düşməsin – yenə suya düşüb. Bu dəfələrlə təkrar olunub. Axırda, daşın üstündə oturub, Araqviyə öz mahnısını oxuyub. Yenə əl ağacından yapışıb, təkan verib – bu dəfə o taya düşüb.

Kişi geri baxmadan çıxıb gedib. Yalnız yerdə onun yaş paltarının izi qalıb.

- O kim idi, hardan gəlmişdi? – Kənddə adamlar bir birindən soruşurdular.

- Bəlkə başıxarabın biridi?

- Bəs, adı nəydi axı?

- Doğrudan da onun adını soruşmağı lap unutmuşuq.

Amma kimsə dedi ki, yəqin, adı Axaydadı, digərləri də razılaşdılar: deyəsən, elədi. Belə çıxırdı, o, digər kəndlərə də baş çəkir.

Axayda axırıncı gəlişində gözlərini bulud əlçimi kimi dümağ quzuya zilləyib elə oxudu ki, sahibi quzunu verənəcən səsini kəsmədi.

Axayda quzunu sinəsinə basıb birdəfəlik getdi.

Yazın əvvəli, ətrafda ac canavarların dolaşdığı vaxtlar idi. Meşə kənarlarındakı bozarmış qar adamların o vəhşiləri ayırd eləməsinə imkan vermir, meşədə dolaşdıqlarını yalnız ulartısı bildirir.

- Bir dəfə gecənin sakitliyində kənd camaatı Axaydanın yalvarış dolu mahnısını oxuya-oxuya canavarların arxasınca necə qaçdığını eşitdi: görünür, quzusunu onlardan almaq istəyirdi.

Uşaqlar onu cəmi bir dəfə uzaqdan gördülər. Kişi meşədə ora-bura qaçır, yalvarış dolu səslə oxuyurmuş:

- Axaydu, axayda, durxani,
Axaydu, axayda, durxani-i-i...

Ona sarı yüyürüblər, amma gözdən itiriblər.

Tərcümə edəni:
Nəriman Əbdülrəhmanlı


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz