Amnistiya təşəbbüsü: kimlər azadlığa çıxa bilər?
Tarix: Dünən, 19:55
Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi təşəbbüsü ölkədə geniş ictimai müzakirələrə səbəb olub. Rəsmi məlumatlara görə, qəbul ediləcəyi təqdirdə bu amnistiya aktı 20 mindən çox şəxsə şamil oluna bilər. Lakin hüquqşünaslar və vəkillər bildirir ki, bu rəqəm avtomatik olaraq 20 min məhkumun azadlığa buraxılması anlamına gəlmir. Amnistiyanın tətbiqi ciddi hüquqi meyarlar və məhdudiyyətlərlə müəyyən olunur.
Civilazerbaijan.com Meydan TV-yə istinadla "Amnistiya təşəbbüsü: kimlər azadlığa çıxa bilər?" yazısını təqdim edir:
Amnistiya təşəbbüsü nədir və hüquqi mexanizm necə işləyir?
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinə əsasən, amnistiya elan edilməsi Milli Məclisin səlahiyyətinə daxildir. Prezident amnistiya ilə bağlı yalnız qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər. Bu təşəbbüs Milli Məclisə təqdim edilir, müzakirə olunur və səsverməyə çıxarılır.
Hüquqşünas Emin Abbasovun sözlərinə görə, Prezident tərəfindən irəli sürülən layihə parlamentə daxil olduqdan sonra iki ay ərzində səsə qoyulmalıdır. Praktikada Prezident Administrasiyasından gələn təşəbbüslərin Milli Məclis tərəfindən rədd edilməsi halı olmayıb. Buna görə də amnistiya aktının qəbul ediləcəyi ehtimalı yüksək qiymətləndirilir.
Amnistiya nədir və əfvdən nə ilə fərqlənir?
Amnistiya və əfv tez-tez eyni mənada işlədilsə də, hüquqi baxımdan bunlar tam fərqli anlayışlardır.
Əfv – Prezidentin sərəncamı ilə konkret şəxslərə tətbiq edilir. Əfvdə cinayətin ağırlığına dair heç bir hüquqi məhdudiyyət yoxdur. Prezident istənilən şəxsi, hətta xüsusilə ağır cinayətə görə məhkum olunmuş şəxsi belə azad edə bilər.
Amnistiya isə:
* Fərdi deyil, kateqoriyalar üzrə tətbiq olunur;
* Konkret olaraq Cinayət Məcəlləsinin maddələri göstərilir;
* Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə, bir qayda olaraq, şamil edilmir;
* Milli Məclis tərəfindən qəbul edilir.
Amnistiya aktı ilə:
* Cinayət törətmiş, lakin məhkəmə hökmü çıxmamış şəxslər cinayət məsuliyyətindən azad edilə bilər;
* Məhkum edilmiş şəxslərin cəzası tam və ya qismən azaldıla bilər;
* Cəzanın çəkilməmiş hissəsi yüngül cəza ilə əvəz edilə bilər;
* Məhkumluq götürülə bilər.
Cinayətlər necə kateqoriyalaşdırılır?
Azərbaycan Cinayət Məcəlləsinə əsasən cinayətlər ictimai təhlükəlilik dərəcəsinə görə dörd qrupa bölünür:
* Böyük ictimai təhlükə törətməyən cinayətlər – maksimum 2 ilədək həbs və ya azadlıqdan məhrum etmə nəzərdə tutulmayan əməllər;
* Az ağır cinayətlər – maksimum 7 ilədək həbs cəzası;
* Ağır cinayətlər – maksimum 12 ilədək həbs;
* Xüsusilə ağır cinayətlər – 12 ildən artıq həbs və ya daha ağır cəzalar.
İndiyə qədər qəbul edilən bütün amnistiya aktları əsasən birinci və ikinci kateqoriyaya aid cinayətlərə şamil olunub.
Bu amnistiya kimlərə şamil edilə bilər?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bu gün müzakirəyə çıxarılan layihəyə əsasən, ağır və xüsusilə ağır cinayətlər istisna olmaqla, aşağıdakı kateqoriyalar üzrə şəxslərin azadlığa buraxılması və ya cəzalarının azaldılması nəzərdə tutulur:
* Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatlarında iştirak etmiş şəxslər və həlak olmuşların yaxın qohumları;
* Hərbi xidmətə görə orden və medallarla təltif olunmuş şəxslər;
* Ermənistanın hərbi təxribatları nəticəsində əlil olmuş şəxslər;
* Xocalı faciəsi, 20 Yanvar hadisələri, deportasiyalarla bağlı zərərçəkənlər və onların yaxınları;
* Məcburi köçkünlər;
* Qadınlar;
* 18 yaşına çatmamış cinayət törətmiş şəxslər;
* 60 yaşdan yuxarı şəxslər;
* Əlilliyi olan şəxslər;
* Himayəsində azyaşlı və ya əlil övladı olan şəxslər.
Bundan əlavə:
* Böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilənlər;
* Ehtiyatsızlıqdan törədilmiş cinayətlər üzrə 5 ilə qədər həbs alanlar;
* Az ağır cinayətə görə cəzasının qalan hissəsi 1 ildən az olanlar;
* İlk dəfə ağır cinayət törətmiş və cəzasının qalan hissəsi 6 aydan az olanlar;
* Şərti, ictimai işlər, islah işləri, cərimə və azadlığın məhdudlaşdırılması kimi cəzalar alanlar.
20 min nəfər azadlığa çıxacaqmı?
Vəkil Fariz Namazlının sözlərinə görə, “20 min nəfərə şamil edilir” ifadəsi hamısının azadlığa çıxacağı anlamına gəlmir. Bu rəqəmə:
* Cəzası azaldılanlar,
* Şərti azad edilənlər,
* Cinayət məsuliyyətindən azad olunanlar da daxildir.
Məsələn, əvvəlki amnistiyalarda çox zaman cəzasının bitməsinə 6 ay və ya 1 il qalmış şəxslərin azad edilməsi, digərlərinin isə cəzasının qismən azaldılması halları olub.
Siyasi məhbus kimi tanınan şəxslər amnistiyaya düşə bilərmi?
Həm vəkil Fariz Namazlı, həm də hüquqşünas Emin Abbasov bildirir ki, beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin əksəriyyəti ağır və ya xüsusilə ağır cinayət ittihamları ilə üzləşdikləri üçün bu amnistiyadan yararlanmaq ehtimalları demək olar ki, yoxdur.
Xüsusilə:
* Narkotik maddələrin külli miqdarda dövriyyəsi (CM 234.1-1);
* Maliyyə, qaçaqmalçılıq və digər ağır maddələrlə ittiham olunan jurnalistlər və fəallar amnistiya aktının təsir dairəsindən kənarda qalır.
Deputat Aqil Abbas Milli Məclisdə çıxışı zamanı həbsdə olan jurnalistlərə də amnistiyanın şamil olunmasını arzuladığını desə də, bu çağırışın hüquqi mexanizmlə uzlaşmadığı qeyd olunur.
Erməni məhbuslar amnistiyaya düşə bilərmi?
Hüquqşünasların mövqeyinə görə, erməni məhbusların hamısı ağır və xüsusilə ağır cinayətlərə görə məhkum edildiyindən amnistiyaya düşmələri mümkün deyil. Onların azad edilməsi yalnız Prezidentin fərdi əfv sərəncamı ilə mümkündür.
Amnistiyanın arxa planında nə dayanır?
Emin Abbasov qeyd edir ki, bu qədər geniş miqyaslı amnistiyanın arxasında yalnız humanist yanaşma deyil, praktik zərurətlər də dayanır. Avropa Şurasının 2024-cü il statistikalarına görə:
1. Azərbaycan Avropada hər 100 min nəfərə düşən məhbus sayına görə 2-ci yerdədir;
2. Həbsxana əhalisinin 48 faizi narkotik cinayətlərinə görə məhkum olunub;
3. Son illərdə təkrar cinayət törətmə faizi 28%-i keçib.
Bu göstəricilər cəza-islah sistemində ciddi problemlərin olduğunu göstərir.
Beləliklə, bu amnistiya daha çox az ağır cinayətlərə görə məhkum edilmiş və cəzasının son mərhələsində olan şəxslərə şamil ediləcəyini demək olar. Siyasi məhbus kimi tanınan şəxslər, ağır cinayət ittihamı ilə həbs olunan jurnalistlər və fəallar üçün isə bu qərar böyük ehtimalla ciddi dəyişiklik vəd etmir. (Meydan TV)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













