Frans Kafka. Pornoqrafik melodram - HEKAYƏ
Tarix: Dünən, 15:32
Frans Kafka 3 iyul 1883-cü ildə Bohemiya krallığının (daha sonra Avstriya-Macarıstan imperiyasının tərkib hissəsi, indiki Çexiya Respublikası) paytaxtı Praqa şəhərində orta sinif almandilli yəhudi ailəsində anadan olmuşdur. Vəkil təhsili almış, təhsilini başa çatdırdıqdan sonra sığorta şirkətində işə düzəlmişdir. Bu dövrdən etibarən boş zamanlarında yazmağa başlamışdır. Həyatı boyunca Kafka gərgin və formal münasibət bəslədiyi atası da daxil olmaqla ailəsi və yaxın dostlarına yüzlərlə məktub yazmışdır. Həyatında bir neçə qadın olsa da, heç vaxt evlənməmişdir. O, XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Realizm ilə fantastika elementlərini birləşdirdiyi əsərlərində əsasən tənha qalmış baş personajlar qəribə, sürrealistik vəziyyətlərlə və başa düşülməyən sosial-bürokratik qüvvələrlə üzləşirlər. Kafkanın əsərlərində yadlaşma, narahatlıq, günahkarlıq və absurdluq kimi elementlərlə qarşılaşmaq mümkündür. Ən məşhur əsərləri "Çevrilmə" (almanca. "Die Verwandlung"), "Məhkəmə" ("Der Process"), "Qəsr" ("Das Schloss") və "Milenaya məktublar"("Briefe an Milenas") hesab olunur. Onun əsərlərindəki situasiyaları təsvir etmək üçün ingilis dilinə "kafkavari" kəlməsi daxil olmuşdur. Kafkanın sağlığında çox az əsəri çap olunmuşdur. "Düşünmək" ilə "Kənd həkimi" və fərdi hekayələri ədəbi jurnallarda nəşr olunmuş, bir elə də ictimai diqqəti cəlb etməmişdir. Kafka dostu Maks Broddan tamamlamadığı "Məhkəmə", "Qəsr" və "Amerika" romanlarını məhv etməyi xahiş etmiş, lakin Maks bunu rədd etmiş və Kafkanın ölümündən sonra əsərlərini çap etdirmişdir. Onun əsərləri XX əsr ədəbiyyatına – yazıçılarına, filosoflarına, sənətkarlarına və tənqidçilərinə böyük təsir göstərmişdir. O, 1924-cü ildə 40 yaşında vərəm xəstəliyindən vəfat etmişdir.
Civilazerbaijan.com Frans Kafkanın "Pornoqrafik melodram" hekayəsini təqdim edir:
Frans Kafka
PORNOQRAFİK MELODRAM
hekayə
İlk gecəmi xatırlayıram. O vaxt Zeltnergasda yaşayırdıq və üzbəüzdə bir şirniyyat dükanı vardı, qapı ağzında hər zaman bir xidmətçi qız dayanardı. Artıq yaşım iyirmini keçmişdi. Üst qatdakı otaqda dövlət imtahanına girmək üçün əlimə keçənləri içəri doldurub dayanmadan məşğul olur, var-gəl eləyirdim. Yay idi, həmin il yaman bürkülər düşmüşdü. Ağzımda qorxunc Roma hüququ iki dəqiqədən bir pəncərənin qabağında dayanırdım. Axır-axırda him-cimlə bir-birimizi anlayıb görüş təyin elədik. Onunla saat 8-də görüşəcəkdik, amma o axşam aşağıya düşəndə orda başqa bir adamı da gördüm. Yaxşı ki, bu elə də bir şey dəyişdirmədi. Mən bütün dünyadan qorxurdum, ona görə də rastıma çıxan bu adamdan da qorxdum. İşdi adam orda olmasaydı da, mən ondan qorxacaqdım.
Qız adamın qoluna girdi, ancaq işarə elədi ki, onların dalınca gəlim. Və beləcə, Şützeninsel parkına gəlib çıxdıq. Orda pivə içdik. Mən masanın kənarında dayanmışdım. Sonra ordan uzaqlaşdıq. Onları izləyirdim. Yavaşca qızın qaldığı binaya gəldik, qəssab dükanları olan bir yerə. Adam orda qızla sağollaşdı, qız da tez-tələsik evə girdi. Qapıdan çıxıb təzədən yanıma gələnə qədər gözlədim… Və Kleintseitdə (çayın qarşı tərəfində) bir otelə getdik.
Bunların hamısı əsəbləri pozan, həyəcanlı və çirkin şeylər idi. Oteldən əvvəl də, otelin özündə də fərqli heç nə yoxdu. Və səhərə yaxın hələ də isti və gözəl idi o.
Çarles körpüsünün üstündən keçib evə qayıtdıq. Şübhəsiz, xoşbəxt idim. Ancaq bu xoşbəxtlik bədənimin sonsuz çığırtısından bir az aralandığıma görə olmuşdu. Hər şeydən vacibi xoşbəxtliyim bütün bunların daha da çirkin və daha da pis olmaması səbəbindəndi.
Qızla ondan sonra bir dəfə də bir yerdə oldum, mənə elə gəlir, iki gecə sonra olmuşdu bu. Hər şey birincidəki kimi yaxşı alındı. Həmin gündən həmən sonra bağ evinə getdim, bir qızla mazaqlaşdım. Praqaya qayıdanda xidmətçi qızı görməyə belə dayana bilmirdim. Ona bir söz demədim. Düşünürdüm ki, qız mənim ən böyük düşmənimdi. Halbuki yaxşı xasiyyəti vardı, səmimi qızdı. Baxışlarından məni anlamadığı hiss olunurdu. Onunla düşmənçiliyimin yeganə səbəbinin bu olmadığını deyə bilmərəm, çünki heç də elə deyildi. Bir az pis bir şey çıxdı ağzından (indi deməyə dəyməz), amma bunun xatirəsi qaldı, o anda anladım ki, bunu unutmayacam. Eyni zamanda bilirdim, ya da inanırdım. Bilirdim ki, bu çirkinliyin və pisliyin zahiri görünüşlə, ya da heç bir şeylə bağlılığı yoxdur. Əslində dərinlərdə bununla bağlı olmalıydı və bu çirkinliklə pislik (onun xırda bir hərəkəti və sözü mənə verilən kiçik bir işarə idi) məni dəlicəsinə otelə çəkən şeyin lap elə özü idi. Yoxsa mən bütün gücümlə ondan qaçardım.
Və həmişə o zaman olduğu kimi qaldı. İllərcə susqun qaldıqdan sonra bədənim bir az çirkin, bir az parlaq bir az çirkinlik, xəfif itələyici, əzab verici hala düşdü. Bədənim pis bir şey üçün duyulan arzuya dayana bilməyəcəkdi, sarsılacaqdı. Bunun ən yaxşısında belə mənə aid olan bir şeylər var idi, bir az pis bir qoxu, bir az turş, bir az da cəhənnəmdən bir parça.
Tərcümə edəni:
Ayxan Ayvaz
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












