Akif Qurbanov: Qorxu mühiti uzunmüddətli sabitlik yaratmır
Tarix: Bu gün, 19:07
“Meydan TV işi” çərçivəsində həbs edilən jurnalist Ülviyyə Əli hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan III Respublika Platformasının spikeri, “Toplum TV işi” üzrə həbsdə saxlanılan Akif Qurbanovla müsahibə aparıb. Akif Qurbanov müsahibəsində həm beynəlxalq dəstəyin durumunu, həm siyasi məhbus siyasətini, həm də vətəndaş cəmiyyətinin gələcəyini dəyərləndirib.
Civilazerbaijan.com “Abzas Media”ya istinadla müsahibəni təqdim edir:
Ülviyyə Əli: Artıq 1 il 9 aydır ki, həbsdəsiniz. Bu müddət ərzində siyasi məhbuslara beynəlxalq dəstək sizi qane edirmi? Sizcə çatışmazlıqlar nələrdir?
Akif Qurbanov: Artıq 21 aydan çoxdur ki, həbsdəyik. Bu müddətdə həm ölkə daxilində, həm də xaricdə siyasi məhbuslarla bağlı müxtəlif aksiyalar, kampaniyalar keçirilib, bəyanatlar verilib, azadlığa buraxılmağımız üçün çağırışlar səsləndirilib. İlk növbədə bu işlərdə fəal iştirak edən yerli və beynəlxalq fəallara, vətəndaş cəmiyyətinə, hüquq müdafiəçilərinə, QHT və media qurumlarına, jurnalistlərə, siyasətçilərə, siyasi partiyalara, beynəlxalq təşkilatlara, xarici hökumət və parlament nümayəndələrinə, vəkillərimə və dostlarıma minnətdarlığımı çatdırıram.
Bu iş davamlı səy, ardıcıl fəaliyyət, səbir və dözüm tələb edir. Bizi müdafiə etmək üçün mövqe bildirən, vaxt və enerji sərf edən hər kəsə dərin təşəkkür borcluyam. Bizim üçün bu dəstəyin əhəmiyyəti təkcə azadlığa çıxma imkanını artırmasında deyil, daşıdığımız dəyərlərin, qurmaq istədiyimiz sivil cəmiyyətin və inteqrasiya etmək istədiyimiz demokratik dünyanın mövqeyi baxımından daha önəmlidir. Düzdür, cəmiyyətdə geniş fikir budur ki, beynəlxalq dəstək yetərli deyil. Qərb institutları insan haqları və azadlıqlarını, demokratik dəyərləri çox vaxt müxtəlif maraqlara qurban verirlər. Fikrimcə, qlobal siyasətdə gücün haqqı, realpolitik və geosiyasi maraqlar beynəlxalq hüquq və universal dəyərləri kölgədə qoyub. Dəyərlər təhlükəsizliklə toqquşanda, adətən təhlükəsizlik önə keçir.
Ukrayna–Rusiya müharibəsi, Yaxın Şərqdə münaqişələr, Ermənistan–Azərbaycan qarşıdurması fonunda ölkəmiz və regionumuzla bağlı beynəlxalq gündəmdə də təhlükəsizlik mövzuları siyasi məhbus məsələlərindən daha çox ön plana çıxır. Belə bir şəraitdə beynəlxalq dəstəyi aktiv və stabil saxlamaq çətinləşir. Amma bu, bizi pessimizmə sürükləməməlidir. Gerçəkliyi olduğu kimi qəbul edib, mübarizə əhvalını yüksək saxlamaq, ideallarımızdan motivasiya alaraq gələcəyə nikbin baxmaq məcburiyyətindəyik. Məncə, daha faydalı nəticələr üçün bir neçə məqama xüsusi diqqət lazımdır.
Birincisi, beynəlxalq müdafiə kampaniyası işi görən şəxslər və qruplar problemin özünə - sistemə və fundamental dəyərlərə fokuslanmalıdır. Şəxslər üzrə və ya sektor-sahə üzrə parçalı kampaniyalar kiminsə işinə qısamüddətli təsir edə bilər, amma ümumi problemin həllini çətinləşdirir və mübarizənin gücünü bölür.
İkincisi, advokasi ilə məşğul olan qruplar fəaliyyətlərini daha yaxşı əlaqələndirməlidirlər. Ümumi və milli mübarizədə şəxsi ambisiya və fərdi baxışları arxa plana keçirmək, dəyər və prinsiplərə sadiqlik əsasında birgə fəaliyyətə üstünlük vermək lazımdır.
Üçüncüsü, bu sahədə açıqlıq çox vacibdir. Həm beynəlxalq tərəfdaşlarla - təşkilatlar, diplomatlar, xarici hökumətlərin nümayəndələri ilə, həm də yerli ictimaiyyətlə iş açıq aparılmalıdır. “Səssiz diplomatiya” tez-tez əsaslandırma kimi təqdim olunur, amma bizim gözləntimiz açıq siyasi və ictimai dəstəkdir. Xarici tərəfdaşlara açıq deməliyik ki, bağlı qapılar arxasında nə danışmaqlarından çox, ictimaiyyət qarşısında atdıqları addımlar bizim üçün əsasdır. Elə bizim adımızdan işləyən dostlarımız da gördükləri iş barədə ictimaiyyətə açıq şəkildə hesabat verməlidirlər. Açıq aparılmayan advokasinin nə gerçək beynəlxalq, nə də yerli dəstəyi formalaşır. Əgər təhlükəsizlik məhdudiyyətləri ucbatından bu işi açıq görə bilmirsənsə, onda bu sahəyə girməməlisən, başqa cür effektiv olmayacaq. Üstəlik, özümüz etdiyimizi gizlədib, xaricdən açıq dəstək gözləmək də real deyil. Ən uzağı, yenə “səssiz diplomatiya” adı ilə zaman uzadılacaq.
Dördüncüsü, avtoritar rejimlər əsasən ictimai rəyi nəzarətdə saxlamaqla mövcuddur. Əgər demokratik dəyərlərin ölkədə bərqərar olmasını istəyiriksə, ictimai rəyi hakimiyyətin nəzarətindən çıxarmağa çalışmalıyıq. Bunun yolu isə bir-birimizlə toqquşmaqdan, intriqalardan uzaq durmaq, mövcud hakimiyyətin əlini gücləndirən davranışlardan yayınmaqdır. İctimai rəylə işləyən şəxslər hakmiyyətin “yumşaq qarnını” - onda olmayan dəyər və prinsipləri gündəmə gətirməli, ictimai fikir kimi formalaşdırmalıdır.
Unutmayaq ki, daxili dəstək beynəlxalq dəstəklə birbaşa bağlıdır. İctimai rəyə təsir gücümüz nə qədər artsa, beynəlxalq dəstək imkanımız da o qədər genişlənəcək.
Ülviyyə Əli: Azərbaycanda siyasi məhbus problemi illərdir həll olunmur, əksinə, yeni həbslər artır. Bu problemin birdəfəlik həlli istiqamətində hansı beynəlxalq mexanizmlər rol oynaya bilər?
Akif Qurbanov: Formal planda mexanizmlər var. Azərbaycan BMT, ATƏT və Avropa Şurasına üzv olarkən konkret öhdəliklər götürüb. Bu öhdəliklər əsasında BMT yanında İnsan Haqları Komitəsi, Avropa Şurası yanında Avropa İnsan Haqları Məhkəməsi (AİHM) vətəndaşların hüquqlarının müdafiəsi üçün beynəlxalq instansiya rolunu oynayır.
Bu, Azərbaycanın hüquq sistemində də qəbul olunmuş çərçivədir. Azərbaycanın əleyhinə qəbul edilmiş çoxsaylı qərarlar var, o cümlədən siyasi motivli təqibləri - Avropa Konvensiyasının 18-ci maddəsinin pozuntusunu - təsdiqləyən qərarlar. Amma problem ondadır ki, Azərbaycan hakimiyyəti öz imzasına hörmət etmir, öhdəliklərinə əməl etmir, AİHM qərarlarını icra etmir. Məhz buna görə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri dayandırıldı.
Beynəlxalq mexanizmlərin işlək olması üçün birinci növbədə üzv dövlətlər, yəni, bizim kimi ölkələr öz imzalarına sadiq qalmalı, götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. İkincisi, həmin mexanizmləri yaradan, əsas söz sahibi olan təsisçi dövlətlər də prioritetlərini aydın və prinsipal şəkildə ortaya qoymalıdır. İnsan haqları və hüquqi öhdəlikləri pozan tərəflərlə siyasətdə bu məsələ qırmızı xətt kimi göstərilməlidir. Əks halda, mexanizm kağız üzərində qalır. Bu gün BMT-nin, ATƏT-in, Avropa Şurasının beynəlxalq hüququ tənzimləyən rolu ciddi şəkildə zədələnib. Rusiya-Ukrayna müharibəsi də, məncə, məhz bu etimadsızlığın, təminatsızlığın nəticəsidir.
Ülviyyə Əli: Vaxtilə siyasi məhbuslara daha çox 3-7 illik cəzalar verilirdi, indi isə 10-18 il arası hökm çıxarılır. Bunun səbəbi cəmiyyətdə daha böyük qorxu yaratmaqdır, yoxsa Azərbaycandakı siyasi iradəyə “dur” deyən beynəlxalq gücün olmamasıdır?
Akif Qurbanov: Bütün avtoritar rejimlər kimi, Azərbaycandakı “tək adam rejimi”nin əsas qayğısı hakimiyyəti qorumaqdır. Bunun iki yolu var: ya ictimai loyallığı təmin edən resurs tapmalısan, ya da narazılığı yönləndirən qüvvələri aradan götürməlisən. Bu rejimin normal, sivil dövlətlərdə olduğu kimi vizyoner siyasət, dəyərlər və ideallar əsasında cəmiyyətdən könüllü dəstək alma vərdişi yoxdur. Uzun müddət neft-qaz gəlirləri hesabına şişirdilmiş büdcə, korrupsiya layihələri və paylanma mexanizmi vasitəsilə müəyyən qrupların loyallığını təmin edirdi. Əsas vərdiş isə güc və zorakılıq aparatı ilə narazlığı boğmaqdır.
Bu gün neft-qaz bumu bitib, hasilat azalır, ÜDM geriləyir, xərclər isə çoxalır. Qarabağ müharibəsində qələbə ətrafında yaradılan loyallıq da sabit qala bilmədi. Belə olanda rejimin əlində bir alət qalır – zorakılıq. Amma qorxu mühiti uzunmüddətli sabitlik yaratmır. İnsanlar həm çətinliyə, həm də repressiyaya alışır, ilkin şok effekti itir. Rejim isə düşünür ki, xofu saxlamaq üçün cəza maddələrini sərtləşdirməli, müddətləri artırmalıdır. Bu gün 10–18 illik hökmlər də elə bu cəhdin göstəricisidir. Əslində, hakimiyyət qorxduğu üçün qorxudur, hücum edir. Tarixin axarı göstərir ki, gücə, zorakılığa, yalana söykənən rejimlər nə qədər davam etsə də, sonda haqqa, ədalətə, həqiqətə dayanan qüvvələr qarşısında uduzur. Buna inamı itirməməliyik.
Mən tam əminəm ki, biz ölkəmizdə insanların azadlıqlarına təminat verən, azad və ədalətli seçkilərə əsaslanan demokratik respublika quracağıq. Burada əsas güc daxildən gəlir – millətdən, xalqdan. Maddi dəstəyi də, ictimai dəstəyi də, siyasi prosesin iştirakçılığını da elə xalqın özü formalaşdırır. Ona görə də ictimai rəyi əsas hədəf seçməli, bu rəyi dəyişdirməyə çalışmalıyıq. Əvvəlcə ətaləti qırmaq lazımdır; ondan sonra proses qar topu effekti ilə genişlənəcək.
Ülviyyə Əli: Siz həm də Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri olmusunuz. Hazırda siyasi məhbuslar arasında yetişdirdiyiniz gənclər də var, onların çoxu vətəndaş cəmiyyətinə töhfə verib. Bu şəraitdə vətəndaş cəmiyyətinin gələcəyini necə görürsünüz?
Akif Qurbanov: Sizin də qeyd etdiyiniz kimi, təsisçisi olduğum və 2014–2023-cü illərdə rəhbərlik etdiyim Demokratik Təşəbbüslər İnstitutunun gənclərin yetişməsində oynadığı rol danılmazdır – bunu desəm, təvazökarlığı pozmuş olmuram. DTİ-nin yaranması təşəbbüsü 2013-2014-cü illərdə ölkədə aparılan repressiya dalğası fonunda ortaya çıxmışdı. Təşəbbüsün əsas motivasiyalarından biri Əliyev rejiminin vətəndaş cəmiyyətində yaratmaq istədiyi boşluğu doldurmaq, boğulan və təqib olunan cəmiyyətə yeni nəfəs yolu açmaq, nəsillərarası rabitəni və yaddaşı qorumaq idi.
O dövrdə bütün təzyiq və risklərə baxmayaraq, müxtəlif istiqamətlərdəki fəaliyyətimizlə yanaşı, əsas məqsədimiz yeni nəsil vətəndaş cəmiyyəti formalaşdırmaq oldu. Gənclərə jurnalistika, hüquq müdafiəçiliyi, liderlik, layihə idarəçiliyi, iqtisadi və sosial tədqiqatlar üzrə uzunmüddətli, mərhələli maarifləndirmə proqramları təqdim etdik. Bu proqramlarda iştirak edən 600-dən çox gəncin yeni bilik və bacarıqlar qazanmasına real töhfə verə bildik. Sonradan onların bir hissəsi yeni vətəndaş cəmiyyəti təşəbbüslərinin müəllifinə, müxtəlif platformaların aparıcı simalarına çevrildi.
Bu gün həmin gənclərin bəzisi də siyasi məhbusdur, bəziləri isə kənardan mübarizəni davam etdirir. Mənə görə əsas məsələ o deyil ki, rejim bu təşəbbüsləri sıxışdırır, fəaliyyətini məhdudlaşdırır. Əsas məsələ odur ki, bu cəhdlərə baxmayaraq, cəmiyyətin daxilində bir dəfə yaranmış demokratik düşüncə, həmrəylik və məsuliyyət hissi artıq silinmir. Hər dalğa yeni nəsil ortaya çıxarır. Hakimiyyət bu nəsilləri susdurmağa çalışdıqca, əslində, onların motivasiyasını və legitimlik iddiasını artırır. Bizim vəzifəmiz odur ki, bu yaddaş qırılmasın, əlaqələr itməsin və vətəndaş cəmiyyəti, hətta ən çətin şəraitdə belə, özünü yenidən istehsal etməyi bacarsın.
***
III Respublika Platformasının spikeri Akif Qurbanov ötən ilin martında “Toplum TV işi” çərçivəsində həbs edilib. Bu iş üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. Onların arasında III Respublika Platformasının qurucu üzv Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal İlkin Əmrahov və Ramil Babayev də var. Jurnalist Elmir Abbasov isə polis nəzarətinə buraxılıb.
İttihamlar əvvəlcə qaçaqmalçılıq maddəsi ilə irəli sürülsə də, sonradan daha ağır ittihamlarla əvəzlənib. Təqsirləndirilən şəxslər bütün iddiaları rədd edir və həbslərinin siyasi sifariş olduğunu bildirirlər.
Müstəqil jurnalist Ülviyyə Əli (Quliyeva) isə bu il mayın 6-da "Meydan TV işi" üzrə saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin əvvəlcə 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittihamlar ağırlaşdırılıb. Ülviyyə Əli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.
Yerli hüquq müdafiəçilərinin hesabatına görə, hazırda ölkədə 400-ə yaxın siyasi məhbus var. Hökumət nümayəndələri isə bu iddiaları rədd edir, həbs olunanların konkret əməllərlə bağlı məsuliyyətə cəlb olunduqlarını bildirirlər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













