Mehman Qaraxanoğlu 60 - Rəqəmsal ədəbiyyata keçid

Xəbərin çap versiyası
Tarix: 29-05-2017, 13:42
Mehman Qaraxanoğlu 60 -


CİVİL AZERBAİJAN Zakir Məmmədin 60 yaşını qeyd edən şair Mehman Qaraxanoğlunun yaradıcılığına həsr olunan essesini təqdim edir.

Cəmiyyətdə baş verən bütün yeniliklərin xalqın dilində ratifikasiya olunması sözün şüur üçün həmişə aktuallııq kəsb etməyinin göstəricisidir. Sözün özünü təzələmək dilçilərin yox, bədii söz ustalarının görəvidir. Şair və yazıçılar tarixin bütün dövrlərində yazdıqları mətnlər vasitəsilə həm də söz və fikir yeniləşdirməklə məşğul olmuşlar.

Şübhəsiz, tarixin hər hansı bir mərhələsində modern layihələrin təşəbbüsçüsü kimi çıxış etmək zərurəti yaranıb. O da istedadlı söz-sənət adamlarının işi olubdur. Poeziyanın əsas prinsipi misranın yazılmasında, mətnin düzənlənməsində təsvir obyekti olan cisimlərin (həm də təkcə cisimlərin yox) “gözlə görünməyən” cizgilərini nəqş etməkdən ibarətdir. “…28 May metrosunun qarşısında necə, limonlar sarıdırmı?

Sarıbənizli qadınlar ovuclarında tutduqları sapsarı limonları mağmın-mağmın uzadır gəlib-gedən müsafirlərə: Beşi min manata. İlk dəfə anlayıram, dilənmək olarmış dopdolu ovucla da; öncə səs dilənir, sonra ovuclar (bəlkə, iksi də bir vaxtda) O səslə birgə Sürünür arxamca Sanki Astaram: beşi min manata. Bağışla, ustad, Vərəmli qadın döşünə bənzəyir çəkdiyin rəsm…” Bizə həyatdan tanış və təsirli mənzərədir.

Bu sətirlər Mehman Qaraxanoğlunun “Səttar Bəhlulzadənin “THE ASTARA ORANGES” rəsminə” adlı şeirindəndir. Həmin şeirin “əza”sına sarı rəng çiləmək üçün şair “Ordubad heyvası”nı, “Şamaxı üzümü”nü, “Astara portağalı”nı da, cənub bölgəsinin rütubətini də, S. Vurğunun məşhur “Astarada limon sarı” misrasını da mətnə əlavə edir. Şeirin bədii strukturunu tamamlayan bu cür texnoloji aksessuarların dəqiq seçilməsi onun bədii dəyərinin yüksəldilməsini, ictimai mahiyyətinin qabardılmasını stimullaşdırır.

Postmodernist şüurda mövcud vəziyyətdən sonra mövcud ola biləcək vəziyyətin necə ola bilməsi əhəmiyyət kəsb edir. Ən müxtəlif vəziyyətlər, hadisə və əşyalar bir-birilə əlaqələndirilə bilər. “Hər bir şəxs, hər bir şey, hər bir əlaqə mütləq şəkildə istənilən başqa şeyi mənalandıra bilər” (Valter Benjamin). Məsələn, Mehman qarı (“Qar”) “göylərin əynindən zorla çıxarılıb tikə-tikə edilən bakirəlik köynəyi” kimi mənalandırır. Və yaxud:

“Hər şey” əvəz edə bilər məni, “hər şey”,
Xırdaca bir “nəsə”, “nə isə”…
Mənə davamlı olaraq “Siz” deyilmədi heç zaman,
“Əvəzlik” olmadan da əvəz olunuram.
Rədd olsun əvəzlik,
Kimi əvəz edir, qoy etsin…


Burada əvəzolunmazlıq həm sənət üçün problematik bir əlamət kimi dəyərləndirilir, həm də əvəz olunmanın ədəbi-fəlsəfi və sosial çalarlarına işarə edilir. Qrammatik qavrayışların fonunda həyatın “leksikası”nı dilə və şüura transformasiya edərək cəmiyyətin nədən ibarət olması barədə mesajını cəmiyyətə ötürür. Həmin bu qar dənəciklərinin fonunda irəlidə bəhs edəcəyimiz “birhecalı” nitq işarələrinə nəzər yetirmək olardı. Onun yazdıqlarında modern texnologiyadan hansı səviyyədə istifadə edilməsindən asılı olmayaraq dil incidilmir.

Şair mənanın üzərinə sirli pərdə çəksə də, bu “pərdənin” materialı olan ana dilimiz onun “ifasında” (M. Q.) şəffaflığını qoruyub saxlayır. Müqayisələri ilk baxışda qeyri-adi görünsə də, yaradıcı və qavrayıcı təfəkkürdə məlumatların yerləşdirilməsi üsulu və ardıcıllığında təbii qəbul olunur . “Ey qadın, Ey yarpağı üstündə olan Alma, Armud, Rəqs eylə. Əllərin Təzə-tər şivdi, Rəqs eylə. Gövdən Ağac gövdəsi, Rəqs eylə. Donunun qırışları – Köklər, Rəqs eylə”.

Mehman Qaraxanoğlu 60 -


Bu misralarda söz, nitq vahidlərinin rabitə və ardıcıllığında istənilən sayda oxşarlıqlar kəşf etmək olar. Ancaq hər bir halda qadın kontekstindən çıxış etmək lazım gəlir. Çünki müəllifin niyyəti həm də yaranışın ilkin çağlarına, ya da mifoloji dərinlərə enməkdir. Şair, ola bilsin, sənətin eşqə qədərki mərhələsini yada salır və bu epoxanın şüur dərinliklərində gizlədilmiş qələm-dəvatı tapıb onunla məşğul olmağı təcrübə edir.

Həmin rəqsi Yer planetinin fiziki xassələri ilə də, insan və onun yönləndirdiyi dünyanın nəbzi ilə də müqayisə etmək tamamilə mümkündür. Buradaca onu da demək lazımdır ki, M. Qaraxanoğlu bədii təxəyyülünü yenilişdirmək üçün, necə deyərlər, təcrübəni insanın öz üzərində, onun hiss və duyğuları, arzu və ehtirasları hüdudunda aparmağı xoşlayır. Rejissor dəqiqliyi ilə işləyən şair erotik səhnələrə “quruluş” verməyin ustasıdır.

“Ey kresloya oturan
Çılpaq qadın,
Mən sənin əzalarının yerini dəyişirəm
Döşlərini ovcuna,
Gözlərini
Onların yerinə qoyuram
Dodaqlarını
O zərif ayaqlarınla dəyişirəm”


Poetik fikir elə şəklə salınmalıdır ki, təsvirləri müxtəlif variantlarda təxəyyüldə canlandırmaq olsun. Qafiyə əvəzinə hecanın sözün əvvəlində və sonunda közərməsi, nitq-səs vahidlərinin hərəkətə gəlməsi – elektron yüklü naqili xatırladır. Mehman bəyin qurduğu nitqin keçiricilik qabiliyyəti yüksəkdir. Qadının kişiyə və ya əksinə, kişinin qadına məxsusluğu barədəki refleksiv şüurda “kütlə zövqü”nün daha çox işə yarayacağını təxmin etmək olar.

Postmodernist üslub kütləvi mədəniyyətin və kütlə zövqünün qayıdışı kimi də səciyyələndirilir. Sevgi haqqında dastan yaradıcılığı çox-çox sonrakı dövrlərin hadisəsidir. Hökmlərin, təsvirlərin nümayişində şərtilik postmodernizmin əsas əlamətidir. Məsələyə başqa bir prizmadan yanaşsaq, dünya ədəbiyyatında tabu mövzu, ictimailəşdirilməsi məqbul sayılmayan münasibətlərin gündəmə gətirilməsi istəyi yeni cümlə və ifadə modellərinə ehtiyac yaradıb ki, poeziyada innovativlik, bir yandan, həmin oriyentirdə yaranan üslub və təsvir üsuludur.

Klassik yazı nümunələrinə diqqət etsək, həyatın bu üzünün təsvirində boşluqları da, çətinlikləri də müşahidə edə bilərik. “Min bir gecə” nağıllarında, aşıq ədəbiyyatında, Nizamidə, M. P. Vaqif və başqa klassiklərimizin yaradıcılığında sevgi macəralarının açıq-saçıq təqdiminə tez-tez rast gəlirik. Məsələn, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında Xosrovun eşqbazlıq səhnələrinin birində belə yer var. Xosrov Şəkərə deyir:

“Təəssüf olsun, var bir nazik qının,
Hər gün bir qılıncla oynayır bu qın”.


Şəkər də öz bakirəliyini bu sözlərlə şaha isbat etməyə çalışır:

“Doğulduğum gündən öz möhrümdəyəm.
Nə biri mənimlə gecə birləşib,
Nə bir kəs dünyada dürrümü deşib”.


P. Vaqif də dünyəvi zövqü və insanın intim ehtiraslarını ifadə edərkən insanın üryan halını xatırladan – çılpaq, açıq-saçıq bir mənzərəni yada salan təsvirdən istifadə etməli olur. “Bir mayabud gərək, baldırı yoğun, Sərasər ət basa dizin-topuğun. Əl dəyəndə dura buğumbabuğum, Titrəyə, quyruqdan çox yumşaq ola.”

Şair məzmun baxımından düşüncələrini reallaşdırsa da, şeirin poetik biçimində “açıq-saçıqlıq” əndazəsini gözləyə bilməmişdir. Bu misalda ayrı-ayrı müəllifləri müqayisə etmək fikrimiz yoxdur. Məqsədimiz hər hansı mövzu üçün modelin, formatın daha uyarlı, zövqlü seçiminin vacibliyini nəzərə çatdırmaqdır. Bu, ümumən, ədəbiyyatın əsas prinsiplərindən biridir. Mehman bəy təsvirlərində kişi və qadın münasibətlərinin ilkinlikdə, başlanğıcda “müəyyən edilmiş qaydalarına” sadiqlik nümayiş etdirir. Bizim ağzımızda dilimiz ətdəndir və istədiyi səmtə dönə bilər, doğruya da, yalana da.

“Mən ölmüşəm!
Ölülər oxuya bilməz sümük dilini.”


“Sümük dili”ndə “danışmaq” üçün, görünür, sivilizasiyalar bir-birini hələ çox əvəz etməli olacaq. Şairin nəzərincə, kişi – qadın ünsiyyətində bir neçə mərhələ, daha sonra “söz mərhələsi” tarixə yoldaşlıq etmişdir. Dünya ilə dil tapmağın yollarını araşdırmaqla ən çox şairlər ilgilənirlər. “Çox sonralar anladım… Dünya sözlə eyş-işrətə, kefə baxır…”

Şair elə bir dildən bəhs etmək istəyir ki, “gözəl oyunların birində” o sözün də axırına çıxmaq olsun. Bu “dil” mağara mədəniyyəti üçün uyğun sayıla biləcək ən qədim dildir. İnsan öz hiss və ehtirasları ilə hətta ən inkişaf etmiş, ən müasir dil işarələrinin imkanları ilə izah və aşkar edilə bilməyən mürəkkəb bir varlıqdır. Deməli, ən yeni dildə danışa bilmək üçün “ən qədim dilin” qaydalarına əsaslanmaq olar. Bir essesində Mehman bəy belə yazır: “Yeni – dərinliklərdə batmış çox qədim gəmidi”.

Başqa sözlə, zövq, istək və ehtirasların dili ən yeni və ən azad dildir. O “azad dilin” alt qatında “məşğulluq mərkəzlərinə” ehtiyac duyulmur.

“Mən üç min beş yüzdən artıq dili necə qucaqlayım, necə?
Sən hər bir dildən bir işarə götürüb
Düzdün çılpaq bədəninə.
Oxu! – dedin”.


Sevgi macəraları mahiyyətcə insan həyatı və əyləncəsi üçün göydəndüşmə olur. Bəşər yaranandan insanın içindəki sevgi deyilən hissiyyatın, əslində, həzzin, onun maraq və instinktilərinin bədii təcəssümünün bir hissəsi nağılların payına düşür. Şair müasir insan mifini kitabdan tanış olduğumuz nağıl həqiqətləri ilə motivasiya etməklə, hər halda intiusiyaya və “həzzə” “stavka edir”.

Mehman Qaraxanoğlu 60 -


Belə olan halda hər bir adamın nağıl qəhrəmanına çevrilə bilməsi başadüşüləndir. Mehman bəyin təbirincə, insan ömrü böyük bir qarabasmadır. Şair qarabasmaları nağıllarla da assosiasiya edə bilir. Görükən budur ki, nağıl qəhrəmanlarının arzularının, “mübarizələrinin” mahiyyətində “əbədi “yandım”lardan keçib getmək istəyi durur.

“Sən məni ona görə öldürürsən ki, nağıllar bitməsin.
Əbədi “Yandım!”larla
Kəndiri kəsilmiş quyuları kim dolduracaq, kim?!”


Qadının kişini “öldürməsi” reallığı və bu “ictimai fəlakətin” qaçılmazlığı poeziyada bir qayda olaraq sevgi, məhəbbət adı ilə icad edilmiş sosial kodekslə kompensasiya olunmaqdadır. Mövzuya bu yönlü həqiqətlərdən nüfuz etməli olsaq, sevgi deyilən həmin o məbədin girişində yer ala biləcək ikitərəfli keçid, yəqin ki, yanmaqdan və yanmamaqdan ibarət olmalıdır. Canlı və cansız aləmi inikas edən bəni-adəm başdan-başa işarələr sistemindən ibarətdir. Kodlaşmaya doğru sürətlə can atan ictimai mühitdə ətrafı itellekt işığında seyr etmək lazımdır.

Qaranlıq dünyaları da bu işıqda yarıb keçmək mümkündür. Deməli, hər məsələdən xəbərdar olan insan nağıl qəhrəmanı qiyafəsində arzu və istəklərini reallaşdırmaqda qərarlıdır. Yoxsa o qəhrəmanın otuzuncu, qırxıncı otaqda, o otaqdakı qızın dizinin üstündə nə başı qalıb! Bax nağılla, göydən düşən üç almayla başımızı qataraq, mübariz, vətənpərvər, igid, qəhrəman deyə-deyə öydüyümüz oğulların lap son məqsədi həmişə padşahın qızına sahib olmaqdan ibarət olur.

Mehman Qaraxanoğlu özü işarələr yığımından ibarət olan Adəm övladının ən müasir dildə ünsiyyətinə şərait yaradır. Onun semiotikasında “yerli ləhcə” də (M. Q.) punktuallığı və poetikliyi bərabər səviyyədə ayırd edən üç min beş yüzdən artıq işarə vardır. Yer üzündə mövcud olduğu deyilən təxminən, üç min beş yüz dilin hər biri bir poetik işarə kimi götürülə bilər ki, bunların hamısı insan bədənini oxumaq üçün gərəkdir. Və yer üzü bir ləhcə ilə başımızı qatmır.

“Təkcə mənim bədənimin üç min beş yüzdən artıq dili var!

Bu qədər “danışıq vasitəsindən istifadə etməyə” vaxt və səbr lazımdır. Belə bir vaxta yiyələnən söz adamları texnoloji bir dilə — metadilə yiyələnməklə çağdaş dünyanın danışıq arenasına daxil olurlar. Ancaq bütün əlifbaları birləşdirən hər gün şifrəsi, parolu dəyişən söz-sənət ünvanlarına sahib olmaq da postmodern ağlın və toplumun ayrılmaz xarakteristikasına çevrilməkdədir. “Yerli ləhcə” deyilən, əslində, Mehman müəllimin sənət kredosuna aid səs-nitq paradiqmalarının ümumi adıdır.

“Quş dilinin” dəbdə olduğu ciddi ədəbi ünsiyyətin qədim və şöhrətli tarixi vardır. “Arifə işarə” deyiblər. Mətn qurmaq poetik mətləbin nöqtə-vergülünəcən axırına çıxmaq və ya sonsuzluq deyilən məsafədə davam etdirmək deməkdir. Mətnin parçası ən mürəkkəb nitq-üslub konstruksiyası da ola bilər, nitqin geniş ərazisinə qapı açan hərf-fonem sistemi də işə salına bilər. Bu işarələr kontekstində heca və rəqəmlərin nizamı və nizamsızlığı da nəzərdən qaçırılmamalıdır. Məsələn, insanın başına gələn ölüm deyilən ən müdhiş hadisəyə rəqəmlərin vasitəçiliyi olmadan vaqif olmaq mümkün deyilmiş. “Rahib müəllimin ölümü”ndə sətiraltı bilgi verilir ki, ölmək üçün insanın altmış yeddi il yaşaması lazımmış.

“pillələri tez qalxdı
ölüm bir pillə geri qaldı
özünü çarpayıya yetirib:
uddum – dedi”.


Ölümün bir pillə ləngiməsi Rahib müəllimin “qələbəsini” təmin etmiş olur.

“67 illik bir yol gəlmişdi.
67 il bu qələbəni gözləmişdi
qadını donub qalmışdı
oğlu həkim arxasınca qaçmaq istədi,
qızı su…
işarə verdi ki, qayıdın
çünki qələbəni
ailə üzvləriylə bir yerdə qeyd etmək istəyirdi…”


Həyat ən acı nöqtədə belə xoş təskinliklərlə “vəsf edilməzsə”, “xalqın bədii təfəkkürü” paslanıb gedər. “Rza əminin qırxı” (40-ı) da rəqəmsal ədəbiyyata keçməyə lazım olan “cihazın” bir detalıdır. Rəqəmlə işləmək ayrı, onun “sayılması” ayrı məsələdir. Fələk də sayır axı. Hər kəsin bir fələkzədə olmamaq təminatı yoxdur.

“Özün,
Özün söyləyirdin:
Bir adamıq,
Bir adam!
Sən gedəli,
Bu kənd daha
Minalanır adam-adam…
Yaz girəli,
Basdırmışıq on bir adam…”


“On bir” rəqəmi digər iki rəqəmin — “bir”in və “on iki”nin varlığından xəbər verir. On ikincinin doğulması, ya “basdırılması” “BİR”in salamatlığı ilə bağlıdır.

“Qorxa-qorxa,
Ürkə-ürkə soruşursan:
Salamatmı
O bir adam?!”


Göründüyü kimi, Qaraxanoğluda nitq hissələrinin poetikasında say xüsusi yer tutur. O, özünün rəqəmli-hecalı üslubu üçün çox xarakterik bir şeirində açıq-aydın deyir ki, “SA-YI-RAM”. “Yum, Yum gözlərini Qoy rəqəmlər halımızı görməsin!!!” Bir göz yumub açınca həyata gəlirik və o “müddətdə” gedirik. Ömür bir, iki, üç-dən və birhecalı sözlərdən ibarətmiş.

“Bizə birhecalı sözlər gərəkdi!
Tez!
Tez!
Tez ol!”


Bəlkə, ona görə ki dünya birhecalı “OL” nida-kəlməsi ilə bərqərar olubdur?!

Bu cür qısa nitq işarələri ilə haşiyələnmiş ömrü yaşadığımız dünyada bütün sosial sifarişlərin istehlakçısı və istehsalçısı cəmi-cümlətanı iki kəsdən – kişi və qadından ibarətdirsə, birhecalı və ikihecalı sözlərə ehtiyacımız var. Əgər Mehmah bəyin semiotikasına baxsaq, orada ikihecalı söz kişi və qadın ittifaqıdır. Eynilə atalarımızın və analarımızın əcdadı olan Adəmlə Həvva kimi.

İndi əhalinin yığışıb ailəlikcə köçdüyü virtual-elektron bir cəmiyyətə nəzər yetirəndə bu cütlüyün ünsiyyətindəki maraq və düşüncənin necə çulğaşdığını müşahidə etmək olar. Bu kontekstdə “Ey qadın” müraciətini Qaraxanoğlunun bir çox şeirlərinin prelyüdü adlandıra bilərik. Yeri gəlmişkən, deyim ki, Mehman bəyin referent mühitdə “hal əhlinə” bu cür xitab etdiyinin çox-çox əvvəllər – müəllifin gənclik illərindən şahidi olmuşuq. Lap çox-çox əvvəllər də belə müraciətin qabırğası sökülmüş Adəmdən eşidilməsi mümkündür. Adəm “ey sevgilim Həvva!” deməyəcəkdi ki!

Şair sevgi və məhəbbətin, qadın və onun gözəlliyinin vəsfindən, ənənəvi yazı tərzindən bilərəkdən imtina edir, problemə kökdən yanaşır. Axı bu qadın kimdir? Məsələ burasındadır ki, həyatın yaradılışında qadın ünsürü sonrakı qərarın, hökmün icrası ilə bağlıdır. Adəmdən sonrakı. Qadın postadəm ünsürdür. Dini bilgiyə görə Həvva Adəmin sol kiçik qabırğasından yaradılmış və qabırğanın yeri ət ilə əvəz edilmişdir. “Quran”da belə yazılır: “Adəm zövcəsi ilə yaxınlıq etdikdə o, Həvva yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət) həmin yükü daşıdı…” (əl-Əraf: 189)

“Qayıqda qadın
Adəmdi
Həvvadı
Nuhdu”


“Üzdüyümüz qayığın” görünən mənzərəsi təkcə bu misralarda ifadə olunan şəkildə deyildir. Ona görə də şair daha dərin mətləblərə nüfuz etməyə təşəbbüs edir. Yuxarıda yazmışam və bir daha yazıram ki, M. Qaraxanoğlu yeni bir estetik dünyagörüşünün təmsilçisidir və bu yöndə daha çox uğurlar qazanacağına şübhə ola bilməz. Amma, zənnimcə, onun axtarışları bütün cəhdlərində düşüncələrə sərkərdəlik edə bilmir. Belə ki, yazdığı mətni bürüdüyü sirli pərdə bəzən o qədər qalın olur ki, altında nəyin gizlədildiyini fəhm etmək çətin olur.

Ümumilikdə Qaraxanoğlu – fərdi üslubu, bənzərsiz təfəkkürü ilə hər kəsdən fərqlənir. Bu üslubda şeir başlanğıcı çoxlarında olduğu kimi yoxa çıxmır, şeirlə davam edir. Poeziyanın tələblərinə sadiqlik ədəbiyyatşünas üçün mühüm keyfiyyət sayılmalıdır. Ona görə də Mehman Qaraxanoğlunun esse və təhlilləri də poeziyanın ən gözəl nümunələri kimi təqdirəlayiq, tərifəlayiq hadisə sayılmalıdır.

Mehman Qaraxanoglu insanın ruhunu azadlığa səsləyən sənətkardır. Bü dünyada yaşamağın, ya necə yaşamağın fərdin öz əlində olduğu və ya olmadığı barədə də düşünməyi adamın yadına salır. Onun postmodern düşüncə standartlarını ifadə edən qeyri-standart yazı üslubunda təfəkkürə və dil “sektoruna” yüklənmiş proqramlar ən mürəkkəb fikir axtarışlarını aparmağa imkan yaradır. Qaraxanoğlunu oxuyanda adam estetik dünyagörüşlərin tarixini yenidən mütaliə etmək, incəsənətin müxtəlif sahələri üzrə analogiyalar aparmaq həvəsinə düşür.

Məsələn, qədim bir tikilinin içindəki vaxtla ondan kənarda ötüşüb keçən vaxt eyni deyildir. O tikili aradan keçib gedən zamanın sayəsində əvvəlki görkəmini, gözəlliyini, üslub və məzmun keyfiyyətlərini ya qoruyub saxlayıb, ya da hər hansı təsirə məruz qalaraq bir dəyərdən digər bir dəyərə keçid edibdir. Tikili variantında fakt və ya hadisənin varlığından da nəsə söyləmək lazımdır. Bax şeirə, mətnə də, təxminən, belə bir münasibət nümayiş etdirməliyik. Şeir hadisəsi də vaxtın dəyərləndirilməsi üçün fakt rolunu oynayır.

Zəif yazılan mətn zamanın hadisəsi sayılmağa layiq deyildir. İstedadla qələmə alınan hər bir əsər vaxt və zaman üçün əhəmiyyət daşımağa başlayır, elə qiymətini də zaman özü verəsidir. Mehman Qaraxanoğlu illərdir, öz dəsti-xəttini təsdiqləməkdə, istedad və peşəkarlıqla mətnin içəri qatlarına səbr və inadkarlıqla enməkdə davam edir. Şair mətn qurma yaradıcılığı ilə iki istiqamətdə məşğul olur. O ya özü yenisini yaradır, ya da hazır mətnə öz əlavələrini edir. Hər iki halda oxucunun önünə qələmində sözlə qayıdır.

Sonda bir mühüm nüansı da qeyd edim. Mehman müəllimin ləfzində “çox sonralar anladım” intonasiyası hər oxunuşda diqqət çəkir. Çünki onun, “çox sonralar anlayıb” yazdıqlarının kökündə əvvəllər işləyib hazırladığı konseptual layihələr yer alır. Məsələ burasındadır ki, “yivli mətn” qurmağa meyilli müqtədir şair-esseistin metaforik üslubu ilə paralel, belə deyək, fonem və leksemlərlə, morfem və sintaqmlarla əlahiddə işləmək təcrübəsi də nəzərdən qaçırıla bilməz.

Bəzən oxucuya elə gəlir ki, Mehman müəllimi sözün həqiqi və məcazi mənasından daha çox sözün qrammatik mənası ilgiləndirir. Bəlkə, ona görə ki keçmiş, indiki və gələcək zamanda “qayda-qanunlar” qrammatikada daha stabil səciyyəlidir. Başqa sözlə desək, müasir “elektron cəmiyyətdə” həqiqi olanlar keçəri, qrammatik olanlar əbədidir. Qədim Yunan ədəbiyyatının Yunan qrammatikləri məktəbi ilə ilişgilərini qeyd edə bilərik. M.Qaraxanoğlu müasir Azərbaycan poeziyasının Aristarxıdır.

Çox sonraların mətnini yazmağa “görəvli” sənətkarın ədəbi fəaliyyətini ən yeni nəzəriyyələrin mövcudluğunu isbat edən fakt kimi də dəyərləndirmək olar. Şairin şeirinə yeni nəfəs üslubüstü yeni bir metodologiyadan daxil olduqca, yığılan həmin poetik enerji itmir, yenidən alimin bədii-estetik və analitik-elmi təhlillərinə sərf olunur. Necə deyərlər, məşhur enerjinin saxlanması qanunu Mehman Qaraxanoğlu yaradıcılığında bir daha təsdiqini tapmış olur.

Zakir Məmməd

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz