Oldos HAKSLİ - Teatrın sirri (ESSE)

Xəbərin çap versiyası
Tarix: 27-03-2017, 13:34
Oldos HAKSLİ - Teatrın sirri

Oldos Leonard Haksli 1894-cü ildə Böyük Britaniyanın Sürrey qraflığının Qoldalminq şəhərində anadan olub. Ziyalı ailəsində böyüyüb boya-başa çatan Haksli Oksford universitetində ali təhsil alıb. Ədəbiyyatda debütü 1919-cu ildə çap etdirdiyi şeirlər toplusu ilə başlayıb. 1931-ci ildə nəşr olunan iki romanı ilə populyarlıq qazanan yazıçı 1938-ci ildə arvadı və oğlu ilə birlikdə Amerikaya köçərək, Hollivudda ssenarist kimi ədəbi fəaliyyətini davam etdirib. O, 10-dan çox filmin ssenari müəllifidir. Qələmindən 11 roman, 5 hekayə, 1 povest və onlarla esse çıxıb. Oldos Haksli bir sıra nüfuzlu ədəbi mükafatlara, o cümlədən Amerika İncəsənət Akademiyasının mükafatına layiq görülüb.
Yazıçı ABŞ prezidenti Con Kennedinin Texasda həlak olduğu eyni gündə vəfat edib, nəşi Böyük Britaniyadakı ailə məzarlığında torpağa tapşırılıb.


Teatrın sirri

(Esse)

Bir vaxtlar həyat tərzimi mən düzgün qurmamışdım, elə bu səbəbdən də ildə ən azından iki yüz əlli dəfə teatra gedirdim. Əlbəttə, mən bunu işimin xətrinə edirdim. Yoxsa, kim öz kefinə teatra gedəcəkdi? Mən teatra yalnız pul qazanmaqdan ötrü gedirdim.

İlin sonunda apardığım hesablamalardan sonra belə qənaətə gəldim ki, teatrda mənim əmək haqqımı çox az dəyərləndirirlər və bu məbləğin nə vaxtsa artırılacağına isə ümumiyyətlə güman-filan yoxdur. Bu kəşfimdən sonra mən daha teatra günaşırı ayaq basmağa başladım. Artıq məni parterdə oturmağa məcbur edən heç bir qüvvə qalmamışdı.

Elə o vaxtdan bəri mən ildə vur-tyt üç dəfədən çox teatra getmirəm.

Amma elə adamlar da var ki, onlar teatrda bir tamaşanın premyerasını belə qaçırmırlar. Bu, heç də həmin adamların teatra olan istək və həvəslərindən irəli gəlmir, sadəcə teatrda hər hansı tamaşaya baxmaq onların xoşuna gəlir. Həm də mənimlə müqayisədə teatrda olduqlarına görə, bu adamlara heç kəs heç bir haqq ödəmir. Əksinə, bu adamlar qabaqcadan baxdıqları tamaşanın pulunu verirlər. Hər halda insan qəribə varlıqdır.

Tamaşaya baxarkən fikrimi səhnədə baş verənlərdən yayındırmaqdan ötrü belə bir sirr üzərində çox daşınıb-düşünmüşəm. Parterdə, mənım əhatəmdə əyləşmiş (özlüyümdə fikirləşirəm) yüzlərlə imkanlı, zəngin həyat şəraitində yaşayan, o cümlədən təhsilli insanlar gəlib bu mənasız, cəfəngiyat tamaşanı seyr etməkdən ötrü pul ödəyiblər. “Cəfəngiyat” ona görə deyirəm ki, bu gün teatrda oynanılan iyirmi əsərdən yalnız biri – Bernard Şounun “Ürəklər qırılan ev” tamaşası baxılmağa layiqdir. Onu da əlavə edim ki, bu cür cəfəng tamaşalara baxmağa gələn bu insanlar öz evlərində yaxşı romanlar oxuyurlar. Əgər onlara ucuz, bayağı məhəbbət və ya detektiv romanları oxumağı təklif etsəniz, onlar bu təklifinizə görə sizdən hətta inciyə bilərlər.

Amma bununla belə, ciddi ədəbiyyatın elə bu oxucuları oxuduqları əsərlərdən heç də yüksək səviyyədə olmayan və çap variantında bu tip əsərləri oxumaqdan qəti imtina etdikləri halda, həmin pyeslərin tamaşalarına öz xoşları ilə gedib baxmaqdan usanmırlar.

Onlar romanlardan həyat həqiqətləri, sədaqət, qəhrəmanlığa layiq obrazlar tələb edirlər. Lakin belə romanlardan qat-qat zəif olan pyeslərin tamaşalarını isə heç cür əldən buraxmaq istəmirlər. Romanda gülüş doğuran vəziyyətlər pyesdə onların emosional göz yaşlarının axması ilə sonuclanır.

Bu dəhşətli tamaşalarda oturduğum zaman bax gör hansı qəribə anamoliya barədə düşünürdüm. Axı, nə səbəbdən adamın canına lərzə sala bilməyən kitabı oxumaq mümkün olmadığı halda, zəif bir pyes teatrda sürəkli alqışlara səbəb olur? Düzünü desək, sual heç də könül açan deyil.

Cənab Bernard Şou deyib ki, pyes yazmaqdan daha çox roman qələmə almaq asandır. Buna misal olaraq deyə bilərik ki, nasir hadisələri yüzlərlə səhifədə təsvir etdiyi halda, dramaturqa cəmi bir neçə replika kifayətdir. Belə ki, o, “Maqbet”dəki səhnəni müasir nəsrin dili ilə ifadə edir. Təbii ki, Şekspir belə müqayisəyə davam gətirməyi bacardı. Sözün həqiqi mənasında pis roman yazmaq yaxşı pyes qələmə almaqdan daha asandıir. Digər tərəfdən, pis pyes yazmaq da həddən ziyadə asandır. Bu tip əsərlər hətta ağıllı, yaxşı ilə pisi müqayisə etməyi bacaran tamaşaçıların da ürəyinə yol tapa bilir. Amma bu sırada pis romanların uğur qazanmaq ehtimalı sıfıra bərabərdir. Belədə dramaturq insanların yerini odlu karikaturaların əvəz etdiyi, çoxlu dil qüsurları olan və süjet xəttinin həyatla heç bir əlaqəsinin olmadığı pyesin uğyr əldə edəcəyinə bel bağlaya bilər. Sadəcə ortada yazıçı yoxdur.

Sonralar Parma şəhərinə gələrkən bu mülahizələr bir daha yadıma düşdü. Buradakı kiçik teatrın səhnəsində, səhv etmirəmsə, Artur Pineronun (Artur Uinq Pinero (1855-1934), ingilis dramaturqu – tərc.) “Onun evi qaydasındadır” pyesi oynanılırdı. Etiraf etməliyəm ki, tamaşa mənim olduqca xoşuma gəldi. İtalyan qastrol truppasının uzaq İngiltərədən səfərə çıxmasına dəyərmiş. Komik artistlər də rollarını çox gözəl oynayırdılar. Mən bu sadə, mənasız pyesə tamaşa edərək gözlərimə inana bilmirdim: iddiasız yumorla yaxşı aktyor oyunu tamaşanın böyük uğur qazanmasına kifayət edərmiş. Və mən, qan-tərlə işləyib çalışan bir yazıçı olaraq səmimi qəlbdən uğur qazanmış dramaturqa həsəd aparırdım. Baxmayaraq ki, pyesdə çoxlu dil xətaları vardı, süjet xətti inandırıcı deyildi, personajları taxta kuklalardan və karikaturaladan ibarət idi, amma dramaturq əsəri populyar səviyyəyə qaldırmağı bacarmışdı. Əgər mən romanımı bu cür inqrediyentlərlə (mürəkkəb bir maddə və ya qatışığın tərkib hissələri – tərc.) bəzəməyi bacarsaydım, belə asan və qeyd-şərtsiz müvəffəqiyyət qazandığıma görə özümü yalnız təbrik edərdim.

Əlbəttə, canlı vasitəçilərin köməyi olmasa, dramaturq öz pyesinə bu qədər az sərf edib, ondan çox qoparmağı bacara bilməzdi. Müəyyən bacarıqlar hesabına (bacarıq isə yalnız həyat təcrübəsi olduğu təqdirdə əldə edilir) o, həm də öz məsuliyyətinin böyük hissəsini aktyorun üzərinə qoya bilir. Sadəcə yetər ki, dramaturq effektiv vəziyyətlər fikirləşib qurmağı bacarsın, qalan işləri isə aktyorlar özləri düzüb-qoşacaq, oyunlarını yüksək səviyyədə nümayiş etdirəcəklər. Yazıçıdan fəqli olaraq, dramaturqu xarakterlər, həyat həqiqətləri, ideyalar, stil və digər şeylər az maraqlandırır, onsuz da o, bilir ki, tamaşaçı aktyorların oyunbazlıqlarına elə heyran kəsiləcək ki, bu cür ədəbi xırdalıqlara ümumiyyətlə əhəmiyyət verən olmayacaq.

Doğrudan da az və ya çox müasir tamaşaçını səhnədə oynanılan ürək ağrıdan ədəbi materialla barışdırmağı aktyorlardan savayı görəsən daha kim bacara bilərdi? Əgər hiyləgər aktyorların insanlarla canlı münasibətləri qurulmasaydı, teatrların daimi tamaşaçıları ucuz, bayağı romanlardan heç nə ilə fərqlənməyən komik pyeslərə baxmaqdansa, buxarının yanında əyləşib Uellsin, yaxud Konradın, ya da D.Q.Lourensin və hətta Dostayevskinin kitablarını oxuyacaqdılar.

Ümumiyyətlə, teatrların ən böyük uğurları aktyor oyunundan asılıdır. Əvvəl-axır yaxşı aktyor yaxşı rəssamdan, ya da yaxşı yazıçıdan heç də kölgədə qalmır.

Amma onu da qeyd etmək lazımdır ki, yaxşı aktyor heç də həmişə ələ düşmür. Hər nəslin payına vur-tut cəmi iki-üç yaxşı aktyor düşür. Mən özüm şəxsən onlardan bir neçəsi ilə rastlaşmışam. Məsələn, qoca Gitrinin adını çəkə bilərəm. Mari Lloyd da Şekspirin əsərlərində öz bənzərsiz, çoxşaxəli oyunu ilə tamaşaçıları valeh edirdi. Təəssüf ki, əcəl ona tez qıydı, yaradıcılığının çiçəkləndiyi bir vaxtda dünyasını dəyişdi. Öz gözümlə gördüyüm Rakel Meller, Çarli Çaplin kimi aktyorların hər biri özlüyündə dahi idilər. Bax, belə aktyorlar səhnəyə çıxarkən, heç şübhəsiz, teatra getməyə dəyərdi.

Əlbəttə, az-çox istedadı olan aktyorların da oyununa laqeyd münasibət bəsləmək lazım deyil. Şəxsən mən parlaq səhnə ustalarının ifasında oynanılan bayağı, mənasız pyeslərlə yanaşı, istedadsız aktyorların ifasında nümayiş etdirilən yaxşı pyeslərə baxmağa hazıram. Amma heç rəvadırmı vaxtını hədər yerə istedadsız aktyorların ifa etdikləri boş, mənasız pyeslərə baxmağa sərf edəsən?

Üzr istəyirəm, teatrla nəfəs alan əqidəli şəxslərdən də mən bu tapmacanı açmağı xahiş etmişəm, amma onlardan heç biri cavab verə bilməyib. Tutaq ki, əsil teatr adamı bu sənət məbədinə doğulandan bəri hüsn-rəğbət bəsləyir; o, teatrı elə varlığına görə sevir, bu sevgini isə heç bir tənqid-filan onun əlindən almaq iqtidrında deyil. Bir də ki, axı, sevginin gözləri kor olur.

Tamaşaçı teatra gəlib kassadan bilet alır, öz maraqlarını və baxışlarını paltosu, şlyapası və əl ağacı ilə birlikdə soyunma otağında təhvil verib partetdə yerini tutur. O, qabaqcadan bilir ki, səhnədə nə baş verərsə versin, tamaşa xoşuna gələcək. Tam xoşbəxtlik üçün isə ona çıxış qapısındakı izdiham, qaranlığa qərq olunmuş salondakı pıçıltılar, pərdənin açılıb-bağlanması kifayət edər. Tamaşaçıya daha başqa heç nə lazım deyil. Ona kiməsə xoş gəlmək yaman asanmış. Elə buna görə mən ona bilsəniz necə həsəd aparıram!

Tərcümə edəni: Ağaddin BABAYEV

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz