CİVİL AZERBAİJAN təqdim edir: Çarlz BUKOVSKİ - "17 dollar 50 sentlik məhəbbət" (HEKAYƏ)

Xəbərin çap versiyası
Tarix: 25-08-2017, 00:00
CİVİL AZERBAİJAN təqdim edir: Çarlz BUKOVSKİ - "17 dollar 50 sentlik məhəbbət"


Çarlz BUKOVSKİ 16.08.1920-ci ildə Almaniyanın Andernax şəhərində anadan olub. 1923-cü ildə ailəsi ABŞ-a köçüb. Los-Anceles şəhər kollecində təhsil alıb (1939-41-ci illər), ömrünün böyük hissəsi bu şəhərlə bağlı olub. 24 yaşında ikən ilk hekayəsi "Tarix" jurnalında çap olunur. 1946-cı ildən etibarən əyyaşlığa qurşanır və düz on il sərasər içir, qadınlarla əylənir, özünün yazıçı olmaq fikrindən daşınır. Klinik ölümün astanasından yenidən həyata qaytarılan yazara həkimlər "Bir daha dilinə içki dəysə - öləcəksən" xəbərdarlığı edirlər.

Amma o, yenə içməyindən qalmır, öz həyat enerjisinin ən azı yarısını yaradıcılığa sərf etməyə başlayır, hətta bir kərə iki həftə ərzində 600 şer yazır. Həyatı boyu ölkəni gəzib-dolaşmaqla ayaqdan salır, çörəkpulu çıxarmaq üçün müxtəlif işlərdə çalışır. At yarışlarını, klassik musiqini, pivəni, boksu və bələd olduğu bir-iki qadını həyatda hər şeydən üstün bilirmiş. Klassik ədəbiyyata ikrah hissiylə yanaşırmış, daha çox L.F.Selini, E.Heminqueyi, C.D.Selinceri, K.Hamsunu, F.M.Dostoyevskini oxuyur­muş. İlk şer kitabının adından da ("Çiçək, yumruq və ulama səsi" (1959)) görünür ki, şairin poetik dünyası cəmiyyət həyatı haqda sərt, ironik fikirlər üzərində qurulub.

Yazar özü də etiraf edirdi ki: "Mən amansız (və maraqlı) əsərlər yazıram ki, adamların nifrətini qazanım, çünki bu, onlarda maraq oyadır ki, axı, bu Bukovski deyilən hərif hansı yuvanın quşudur görəsən?!" 1960-cı illərin əvvəllərindən başlayaraq Amerikada onu "andeqraund qəhrəmanı", 1966-cı il üçün isə "ilin autsayderi" elan edirlər. O vaxta qədər Ç.Bukovskinin addımbaşı ələ saldığı ədəbi isteblişment bundan belə onu, könülsüz də olsa, ciddi fiqur saymağa başlayır.

Onun poeziyası Fransada J.P.Sartr və J.Jene tərəfindən çox yüksək qiymətləndirilir. 50 yaşında ikən Bukovski cəmi iyirmi günün içində özünün ilk romanı olan "Poçtamt"ı (1971-də nəşr olunub) bitirir və o vaxtdan etibarən həyatını yalnız yazıb-yaratmağa həsr edir. Bundan sonra o, bir neçə roman, yüzlərlə hekayə yaradır. Ömrü boyu toplam 40 şer kitabı çap etdirib. Sonuncu romanı "Maku­latura" ölümündən bir az qabaq işıq üzü görür. 09.03.1994-cü ildə San-Pedroda leykemiyadan vəfat edib. "Lucon Press" nəşriyyatının təsis etdiyi ədəbi mükafata layiq görülüb. Əsərləri dünyanın bir çox dillərinə çevrilib.


CİVİL AZERBAİJAN Çarlz BUKOVSKİNİN "17 dollar 50 sentlik məhəbbət" hekayəsini Azad YAŞARIN tərcüməsində təqdim edir.

17 dollar 50 sentlik məhəbbət

Hekayə

Bu cür şeylər ağlına gələndə, Robert ilk növbədə gecənin bir aləmi hər nə cürsə Mum Fiqurlar Muzeyinə yol tapmaq və oradakı mumdan hazırlanmış xanım fiqurlarıyla iş tutmaq sevdasına düşürdü. Amma bu, çox təhlükəli iş idi. Elə buna görə də o, özünün erotik fantaziyalarında heykəllər və manekenlərlə cinsi təmas qurur, öz xəyallar dünyasında yaşamalı olurdu.

Bir gün qovşaqda maşınını saxlayıb, yaşıl işığın yanmasını gözləyəndə nəzərləri kiçik bir dükanın girişinə sataşdı. Elə bir dükanın ki, belə yerlərdə divandan tutmuş musiqi diskinə, kitaba qədər hər cür xırda-xuruş, zir-zibil satılır. Qızın uzun, qırmızı paltarda bir küncdə dayandığını sezdi. Gözlüyü çərçivəsizdi, gözəl duruşundan həm qürur, həm də cinsəllik yağırdı - Robertin qadın cinsində aradığı hər şeyə sahib idi o. Son dərəcə şux bir qızdı. Amma bu ara yol işığı dəyişdiyindən o, öz yoluna davam etməli oldu.

Bir tin o yanda maşından enib, piyada geriyə - dükana üz tutdu. Bayırdakı qəzet stendinin yanında durub, qızı süzməyə başladı. Gözləri lap canlı idi, dodaqları da adamda gizli istəklər oyandırırdı.
Robert içəri keçib, disklər yığılmış rəfin yanında ayaq saxladı. Ona tam yaxınlaşmışdı, odur ki, oğrun-oğrun qızı süzə bilirdi. Hə, indiki zəmanədə artıq belə canlılarını düzəltməyə də ərinirlər! Ayaqlarında da yüksək dabanlı çəkmələri vardı.

Satıcı qız ona yanaşdı:
- Ser, sizə nədə yardımçı ola bilərəm?
- Sadəcə baxıram, miss.
- Əgər bir şey seçmiş olsanız, mənə deyin.
- Mütləq.
Robert manekenə lap yaxınlaşdı. Üstündə qiymət-filan yox idi. Düşündü ki, görəsən bunu satırlar, ya yox. Disklər rəfindən nisbətən ucuzhal birisini seçib, pulunu qıza ödəməli oldu.

* * *
İkinci dəfə bu dükana uğrayanda da həmin maneken öz əvvəlki yerindəydi. Robert bir az ora-bura baxındı, dizayn etibarilə halqalar biçimində qıvrılmış ilanı xatırladan bir külqabı alıb oradan çıxdı.

* * *
Üçüncü səfər yolunu oradan salanda qızdan xəbər aldı:
- Maneken satılıqdır?
- Maneken?
- Hə, maneken.
- Bəyəm onu almaq istəyirdiniz ki?
- Hə. Məncə, siz bütün bu malları satırsınız, elə deyilmi? Bəs maneken necə, satılıqdır?
- Bircə dəqiqə, ser.
Qız dükanın içərilərinə tərəf üz tutdu. Pərdələr aralanınca, oradan bir qoca yəhudi çıxdı. Köynəyinin yaxasındakı iki alt düymə əskik olduğundan oradan tüklü qarnı görünürdü. Xeyli xoşxasiyyət adama bənzəyirdi.

- Manekeni almaq istəyirdiniz, ser?
- Hə, o satılmır ki?
- Əslində yox. Bilirsiniz, o, bir növ vitrinimizin bəzəyidir.
- Mən onu almaq istərdim.
- Nə olar, onda gəlin görək… - deyib bu yaşlı adam manekenə yanaşdı, onun əllərinə, paltarına toxundu. - Baxaq görək… Məncə, onu… bu malı sizə… 17 dollar 50 sentə sata bilərəm.

- Danışdıq, - deyən Robert iyirmiliyi ona uzatdı. Pulun qalığını qaytaran dükan sahibi:
- Onsuz darıxacam, çünki ona lap canlı insan kimi mehr salmışdım, - dedi. - Bəlkə onu bükək?
- Yox, gərəkməz.
Robert manekeni əlinə alıb, maşına tərəf yönəldi. Onu arxa oturacağa yerləşdirdi. Sonra rul arxasına keçib, evinə gəldi. Binaya girənədək, deyəsən, tale üzünə güldü ki, bir kimsəylə rastlaşmadı və maneəsiz mənzilinə girə bildi. Manekeni otağın lap ortasına qoyub, aralıdan onu seyr edərək dedi:
- Stella. Qancıq Stella!

Yaxınlaşıb, ona bir şillə çəkdi. Sonra saçlarını barmaqlarıyla çəngələməklə onu öpdü. Həm də ləzzətlə öpdü. Qasığında yenicə canlanma başlanırdı ki, telefon zəng çaldı. Dəstəyi qaldırıb: - Allo, - dedi.
- Robertdir?
- Hə. Hər halda.

- Danışan Harridir.
- Nə var, nə yox, Harri?
- Yaxşılıqdır. Sən nə edirsən?
- Heç.
- Ağlıma gəldi ki, bəlkə sənə baş çəkim. Bir az pivələyək.
- Pis olmaz.
Dəstəyi yerinə qoyan Robert manekeni götürüb, saxlanca apardı. Onu ən uzaq küncə basıb, oradan çıxdı.

* * *
Harrinin əslində ona deyəcək elə bir sözü də yox idi. Əlində pivə bankası eləcə oturmuşdu. Bir ara:
- Lora necədir? - deyə xəbər aldı.
Robert: - Lora ilə bütün ilişkilərimizi artıq nöqtələdik, - dedi.
- Nə oldu ki, belə?

- Adamın aşkar qanını içir. Həmişə də sanki səhnədədir. Heç cür özünə yığışmırdı. Baqqal dükanında, küçədə, kafedə, hər yerdə ilk dəfə gördüyü hər hansı kişinin boynuna asılırdı. Heç baxmırdı da ki, bu əsil kişidir, ya yox, yetər ki, sadəcə erkək olsun. Hətta bizə səhvən zəng edən cavan oğlanla da məzələnməkdən qalmırdı. Mən də daha buna tab gətirmədim.
- Onda indi yalqızsan ki?
- Yox, başqa rəfiqəm var - Brenda. Sən onu görmüsən.
- Hə, hə, Brenda. Babat şeydir.

Harri pivəsini sümürməyə davam etdi. Həmişə qadınlardan söz salsa da, Harrinin heç vaxt qadın rəfiqəsi olmamışdı. Onda nə isə iyrənc bir şey saxlıydı. Robertin söhbətə həvəssizliyini görən Harri bir azdan durub getməli oldu. Saxlanca girən Robert Stellanı oradan dartıb çıxartdı. Ona:
- Demək məni aldadırmışsan, hə? Lənətə gəlmiş ortalıq malı! - dedi.

Stella susurdu. Üzündən soyuqluq və ciddillik yağırdı. Robert onun sifətinə yağlı bir şillə çəkdi. Bob Vilkensona xəyanət edən bu qadın nə cür cəncəl işə baş qoşduğunu anlamalıdır. Ardından bir şillə də ilişdirdi.
- Yırtıq! Yəqin lülüşü dursa, sən əl boyda uşaqla da iş tutardın, eləmi?

Ona bir dənə də ilişdirəndən sonra manekeni qucaqlayıb öpdü. Dönə-dönə və doyumsuzca öpdü. Bunun ardından əlini paltarının altında gəzdirdi. Bədəni gözəl yaradılmışdı, hətta çox gözəl. Bu Stella ona nədənsə yuxarı siniflərdəki öz cəbr müəlliməsini xatırladırdı. Stellanın içdonu yox idi.
- Vay əskik, içdonunu haralarda itirmisən?!

Sonra qasığı ilə manekenə dirəndi. Lazımi yerdə dəlik yox idi. Amma bu da Robertin ehtirasını söndürə bilməzdi. O, əsbabını aşağıdakı şümal və dar aralığa oturtdu. Beləcə nə qədər dəbələndiyindən xəbərsizdi. Bir ara ağlına gəldi ki, əcəb axmaq iş tutur, amma ehtiras hər şeyə hakim kəsildiyindən işi yarımçıq qoymadı, üstəlik, manekenin gərdanını öpüşlərə qərq etdi.

Stellanı mətbəx bezi ilə yuyandan sonra Robert onu saxlancda asılan paltonun ardında gizlədib, qapını örtdü və televizoru açıb, "Detroyt aslanları" ilə "Los-Anceles qoyunları" arasındakı matçın son bölümünü seyr etdi.

* * *
Aradan bir müddət keçdi. Robert öz həyatından xeyli razı idi. Stella üçün yeni şeylər də almışdı: bir neçə içdonu, corab bağları, uzun şəffaf corablar və bilərzik. Ona sırğa da almışdı, amma, doğrusu, öyrənəndə ki, yeni sevgilisinin yerli-dibli qulağı yoxdur, xeyli məyus oldu. Saç düzümünün altında qalacağından ona bir cüt qulağı çox görmüşdülər. Amma yenə də o, bu sırğaları yapışqanlı lentlə uyğun yerə yapışdırdı.

Bununla yanaşı, manekenin üstün cəhətləri də çox idi: onu yedirtmək üçün restoranlara aparmağa, əyləndirmək üçün məclislərə, tamaşalara aparmağa ehtiyac yox idi, çünki bütün bu vecsiz şeylər ancaq sıradan bir qadına görə çox böyük nemətlər sayıla bilərdi. Aralarında bəzən mübahisə də qopurdu. Görünür, qadın - maneken olsa belə - mübahisədən əl çəkə bilməzmiş. Bir kərə hətta Robertə elə gəlmişdi ki, çox da söhbətcil olmayan bu qadın dilə gəlib ona deyir:
- Sən - dünyadakı bütün sevgililərdən üstünsən.

O yaşlı yəhudi isə son dərəcə əzvay bir məşuq idi. Sən isə sevgilinə bütün varlığını verirsən, Robert.
Bəli, manekenin özünə görə üstünlükləri var idi. O, Robertin tanıdığı bütün digər qadınlardan fərqlənirdi. Bu qadın "indi meylim çəkmir" deyib, sevişməkdən imtina etmirdi, aybaşısı tutmurdu. Ona görə də bu işdə seçim ancaq Robertə məxsus idi. İstədiyi vaxt onun üzərində işləyirdi. Təbiilik xatirinə hətta taxma saçından kəsdiyi bir çəngə tükü manekenin qasığına da yapışdırmışdı.

İlk başda onların romanı yalnız cinsi təmas üzərində qurulsa da, zaman keçdikcə Robert ona gerçəkdən aşiq olmağa başlamışdı və bu eşqin necə alovlandığını da aşkar hiss edirdi. Bir ara psixiatra getmək ağlına batsa da, sonradan bu fikirdən daşındı. Bir də ki, bəyəm canlı insanı sevmək belə məcburidir ki?! Bu ki, heç vaxt uzun sürmür. Fərdlər arasındakı fərqlərin son dərəcə rəngarəngliyi ucbatından onlar arasında başlanan eşq ilişkiləri tez ya gec dava-dalaşla, nifrətlə bitir.

Amma bu məsələdə bir üstün cəhət də ondan ibarət idi ki, Robert, yatağını paylaşdığı bu Stellanın özünə qədərki məşuqları barədə xatirələrini dinləməyə məcbur deyildi. Təxminən "Karlınkı hər nə qədər iri olsa da, o, intim düşkünü deyildi", "Lui necə də gözəl rəqs edirdi və ondan sığortaçı yox, əsil balet rəqqası çıxardı", "Martinin öpüşləri ağlı başdan aparırdı, o, dilləri qapışdırmağın gizli bir üsulunu bilirdi" qəbilindən və sair və ilaxır. Əcəb zəhlətökən şeylərdir. Yaşlı yəhudidən isə Stella vur-tut bircə kərə söz salmışdı. Cəmi-cümlətanı bircə kərə.

* * *
Stella ilə tapışandan ikicə həftə keçməmiş Brenda Robertə zəng etdi.
- Hə, Brenda, sənsən?
- Robert, sən məni heç itirib-axtarmırsan da.
- Brenda, işlərim zənci saçı kimi qarışıq idi. Təzəlikcə mənə bölgə meneceri vəzifəsi tapşırılıb, ona görə də ofisdə bəzi dəyişikliklər etmək zorundayam.
- Bu doğrudan belədir?
- Hə.

- Robert, burada nə isə başqa şey var…
- Nə demək istəyirsən ki?
- Mən sənin səsindən bunu duyuram. Burada nə isə var. Lənətə gələsən, Robert, de görüm nə olub axı? Başqa qadın tapmısan yoxsa?
- Heç də yox.
- Necə yəni "heç də yox"?
- Aman Allahım!
- Nə baş verib? Nə olub axı, Robert? Məncə, bunun mütləq bir səbəbi var. Mən indicə ora gəlirəm.
- Dedim axı, Brenda, heç nə baş verməyib.
- Ay səni əclaf, məndən nəyi isə gizlədirsən! Deyirdim axı, bunun bir səbəbi var. Dayan, indicə ora gəlirəm! Elə bu dəqiqə!

Brenda telefonu qapayınca Robert Stellanı götürüb, saxlancın gözdən iraq bir küncünə yerləşdirdi. Paltosunu asqıdan çıxarıb, Stellanın üstünə sərdi. Otağa döndü, oturub gözləməyə başladı.
Qapını açan Brenda ley kimi otağa girdi:
- De görüm, burada nə oyunlardan çıxırsan, hə? Hamısını bircə-bircə de.
Robert:
- Qulaq as, canım, hər şey öz yolundadır. Özünə bir toxtaq ver, - dedi.

Brendanın fiquru fəna sayılmazdı. Sinəsi nisbətən sallaq təsir bağışlasa da, gözəl ayaqlarına və şux yançaqlarına söz ola bilməzdi. Gözlərindən daim amansızlıqla qarışıq bir kimsəsizlik yağırdı. Hər nə qədər çalışsa da, Robert onun baxışlarındakı bu ifadəni zərrəcə də dəyişdirə bilməmişdi. Düzdür, bəzən eşq oyunları sonucu onun baxışlarından keçici fərəh hissi yağırdı, amma bu, bir elə uzun sürmürdü.

- Məni öpmək heç ağlına da gəlmədi!
Yerindən qalxan Robert Brendanı öpdü.
- Mənə bax, sən bunu öpüş sayırsan? Tez de görüm, nə baş verib? Nə olub axı? - deyə qadın xəbər aldı.
- Heç nə, vallah, heç nə…
- Əgər boynuna almasan, səsimi başıma atacağam!..
- Dedim axı, sənə, heç nə.

Brenda çığırdı. Özünü pəncərəyə tərəf atıb, şivən qaldırdı. Bütün məhəlləyə səsini duyurandan sonra çığırmağına ara verdi.
- Pərvərdigara, Brenda, bir də belə iş tutma! Allahı sevirsənsə!
- Yox, yenə çığıracağam! Yenə və yenə! Robert, boynuna al ki, burada nə isə var, yoxsa mən yenə qara-qışqırıq qoparacağam!
- Yaxşı da. Bir az döz, - deyən Robert saxlancdan paltonun altında uyuyan Stellanı qaldırıb otağa gətirdi. Brenda heyrətlə:
- Bu nədir? Bu nədir belə? - deyə sordu.
- Manekendir.
- Manekendir? Yəni demək istəyirsən ki…
- Hə, demək istəyirəm ki, mən ona aşiqəm.
- Aman Allah! Sən bu sözləri bunun haqda deyirsən? Bu-nun? Bu ƏŞYAnın?
- Hə.
- Və sən bu ƏŞYAnı məndən çox sevirsən? Bu sellüloiddənmi, yoxsa hansısa bir başqa pox-püsürdən hazırlanmış ƏŞYAnı? Yəni sən demək istəyirsən ki, bu CINDIRı məndən artıq sevirsən, hə?
- Hə.
- Anladığıma görə, sən hələ onunla yatağını da paylaşırsan, eləmi? Yəqin sən… onunla… münasib işlər də tutursan - bu CINDIRla, eləmi?
- Hə…
- Off…

Bu yerdə Brendanın sinəsindən acı fəryad qopdu. Qadın durduğu yerdəcə bağırmağa başladı. Robertə elə gəldi ki, o, heç vaxt buna ara verməyəcək. Amma qadın, manekenin üstünə şığıyıb onu cırmaqlamağa, yumruqlamağa qoyuldu. Arxası üstə düşən manekenin başı divara çırpıldı. Bunun ardınca sıçrayaraq özünü eşiyə atan Brenda maşınına oturdu. Ətürpərdici qıcırtıyla yerindən qopan maşın qarşısındakı avtomobilin yan tərəfinə çarpıldı, maşını geri verən qadın sürüb oradan uzaqlaşdı.

Robert Stellaya yaxınlaşdı. Manekenin başı qopub, stulun altına dığırlanmışdı. Döşəmədə nə isə təbaşirinkinə bənzər narın ağ izlər gözə dəyirdi. Qopan qolun içindən isə bir cüt məftil sallanırdı. Robert stula çökdü. Bir az özünə gəldi. Sonra qalxıb vanna otağına keçdi, orada bir dəqiqəliyinə key kimi karıxıb durdu, sonra çıxıb dəhlizdə bir müddət duruxdu. Oradan baxınca gözü stulun altındakı qopuq başa sataşdı. Onu qəhər boğdu. Dəhşət idi. Nə yapıb, nə edəcəyini biləmmirdi. Ata-anasını necə dəfn etdiyi xatirində canlandı, amma indi vəziyyət başqa cür idi. Hər şey fərqli məcrada idi. Beləcə dəhlizdə duruxdu, ah çəkdi, nəyi isə gözlədi. Stellanın isə açıla qalan gözləri soyuq da olsa, gözəl idi və bu gözlər indi öz aşiqinə dikilmişdi.

Tərcümə edəni: Azad YAŞAR

CİVİL AZERBAİJAN təqdim edir: Çarlz BUKOVSKİ - "17 dollar 50 sentlik məhəbbət"


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz