Murakami İşiqurodan yazır

Xəbərin çap versiyası
Tarix: 8-10-2017, 16:30
Murakami İşiqurodan yazır


CİVİL AZERBAİJAN tanınmış yapon yazıçısı Haruki Murakaminin 2017-ci ilin Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı ingilis dilli yapon yazıçısı Kazuo İşiquro haqqında yazdığı esseni təqdim edir.

Bəzi yazıçılar var ki, yeni romanları çıxan kimi məni bir nüsxəsini almaq üçün o saat kitab evinə dartır; sonra o ərəfədə nəyi oxuyuramsa, onu bir yana atıb həmin əsəri oxumağa girişirəm. Bu günlərdə çox az yazıçı mənə bu cür təsir edir. Kazuo İşiquro onlardan biridir.

Məncə, İşiquronun ən gözə çarpan xüsusiyyəti bütün əsərlərinin fərqli olmasıdır; hər romanı fərqli formada qurulub və fərqli yönlərə işarə edir. Struktur və üslub baxımından hər biri açıq şəkilədə digərindən fərqli olmaq üçün yazılıb. Yenə də hər biri açıq şəkildə İşiquronun damğasını daşıyır, buna baxmayaraq, hər biri öz içində mikro-kosmosları olan bənzərsiz dünyalardır.

Amma məsələ bununla bitmir. Bütün bu mikro-kosmoslar bir araya gətiriləndə (əlbəttə, bu sadəcə oxucunun beynində baş verir), daha böyük bir kosmos – İşiquronun bütün romanlarının yekunu – həyat dolu bir formaya düşür. Bu mənada, onun romanları eyni zamanda həm horizontal, diaxron, həm də vertikal, sinxrondur. İşiquronun mənə təsir edən ən güclü tərəfi də budur. Romanlarının hər biri böyük ehtimalla təkamüldəki bir prosesin növbəti mərhələsidir (bağışlayın, əlbəttə, təkamül edirlər). Bununla yanaşı, bu prosesin mövcud olub-olmadığının, ya da nələri ehtiva etdiyinin detallarındansa, bu əsərlərin bir-biri ilə necə çulğalaşması məni daha çox maraqlandırır. Məncə, İşiquronu dəyərli edən və əksər yazıçılardan fərqləndirən də budur.

İşiquronu neçə illərdi oxuyuram və o, məni əsla məyus etməyib, ya da şübhəyə salmayıb. Ona qarşı hiss etdiyim dərin heyranlığın səbəbi əsərlərindəki fərqli dünyaları, kosmosları bir-biriylə çulğalaşdırırkən göstərdiyi böyük ustalıqdı, məharətdir. Şübhəsiz, əsərlərindən söhbət gedəndə mənim də subyektiv seçimlər var; tutalım, A əsəri, mənim zövqümə B əsərindən daha çox uyğun gəlir. Yenə də digər yazıçılarla müqayisə ediləndə, İşiquronun bədii dünyası bu müqayisə məsələsini nisbi şəkildə əhəmiyyətsizləşdirir. Qeyd etməliyəm ki, mənə daha çox təsir edən şeylərdən biri də əsərlərinin hər birinin digərini tamamlaması, dəstləkləməsidir. Eynilə bir araya gələn molekullar kimi.

Açıq deyim ki, çox az yazıçı bu cür çoxhissəli kosmos yaratmağı bacarır. Bu sadəcə tez-tez vöyük roman yaratmaq məsələsi deyil. Bundan daha ziyadə İşiquro əsərini formalaşdıran müəyyən bir baxış bucağına, vahid plana sahib – yazdığı hər yeni roman daha geniş makro-təhkiyənin inşasında – növbəti addımın tərkib hissəsidir. Onun əsərlərinin məndə yaratdığı hiss budur.

Bəlkə də məramımı belə ifadə edə bilərəm: İşiquro azman bir rəsm əsəri üstündə işləyən bir rəssamdır. Rəsmin heybətli, yayılıb genişlənən tərzi bir kilsənin tavanını ya da divarlarını bürüyə bilər. Ucsuz-bucaqsız bir zaman və ağlasığmaz bir enerji tələb edən bütöv bir əsər. Ömür boyu çəkəcək bir iş. Bir neçə ildə bir bu rəsmin bir parçasını bitirir və bizə göstərir. Biz də onunla birgə o parçanın səhnə-səhnə genişlənən kosmosa baxırıq. Bu, həm nəfəs kəsən, həm də son dərəcə özəl bir təcrübədir. Amma bütün əsəri görmək üçün quş baxışı bir mənzərəyə sahib olmalıyıq.

Tamamlanmış əsərdə hansı obrazların görünə biləcəyini və bunların bizə necə təsir edib içimizdə hansı duyğuları oyandıra biləcəyini ancaq təxmin edə bilirik.

Bir roman oxucusu kimi, Kazuo İşiquro kimi bir çağdaşa sahib olmaq böyük zövqdür. Bir yazıçı kimi isə böyük təşviqdir.Mənim üçün onun yenin romanlarının necə olacağını təsəvvür etmək, hələ yazmadığım öz əsərlərimi də təsəvvür etmək deməkdir.

Yazı Kazuo İşiquro haqqında 2009-cu ildə çıxan “Kazui İshiguro: Contemporary Critical Perspectives” kitabının önsözüdür.

Tərcümə edəni: Qismət (sim-sim.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz