Eyvaz ƏLLƏZOĞLU. Ölü yay - HEKAYƏ
Tarix: 17-08-2024, 15:15
Yazıçı Eyvaz Əlləzoğlu 1956-cı ildə Gürcüstan Respublikasının Qardabani (tarixi adı Qarayazı) rayonunun Muğanlı kəndində anadan olub. Tbilisi Pedaqoji İnistitutunun filologiya fakültəsində təhsil alıb. 26 fevral 2011-ci ildə vəfat edib.
Civilazerbaijan.com Eyvaz Əlləzoğlunun “Ölü yay” hekayəsini təqdim edir:
Eyvaz Əlləzoğlu
ÖLÜ YAY
hekayə
Bu yay yaman istilər oldu. Biz bütün günü yağış, külək arzusu ilə göyə baxırdıq. Amma göy üzü həmişəki tək bomboş olurdu. Dağlar olan tərəfdə buludlar göyə yapışdırılıbmış kimi bir yerdə tərpənməz dururdu.
Hava sanki qatı maye idi, əriyib hər yanı doldurmuşdu. Yoldan maşın keçəndə toz uzun müddət çəkilib getmir, elə havadaca asılı qalırdı. Əvvəllər su gələn arx qupquru olmuşdu. Torpaq susuzluqdan yarıq-yarıq idi və yarıqlar bütün günü ara vermədən sirli bir səslə uğuldayırdı. Bağdakı bitkilərin yarpaqları susuzluqdan büzüşüb soluxmuşdu. Kənddə içməli su tapılmırdı, krantların boruları paslanmışdı. Qadınlar hər gün səhənglərini götürüb su üçün uzaqdakı bulağa gedirdilər.
Kişilər mağazada pivə qoymamışdılar, pivə üçün əməlli-başlı növbə olurdu. Evlərdə soyuducular axşama kimi uğuldayaraq sərinləmək üçün buz dondururdu. İşə-gücə çıxan azalmışdı. Adamlar bütün günü kölgəlikdə arxası üstə uzanıb tənbəlləşmiş bədənlərinin necə tərləmələrinə baxırdılar.
Milçəklər çoxalmışdı, ağcaqanadlar xüsusən fəallıq göstərirdilər. Həşərat qıran kimyəvi dərmanlar elə bil təsirini itirmişdi.
Televizorda meşələrə düşmüş yanğınlardan danışır, yanğın söndürmə maşınlarının, təyyarnələrin yanan ağacların üstü ilə uçaraq alovu necə söndürməsini göstərirdilər.Sonra ekranda həkimlər görünürdü, onlar su içərkən, yuyulmamış tərəvəz yeyərkən yaranan keçici xəstəliklərdən uzun-uzadı danışır, bunlardan necə qorunmaq haqqında bir yığın göstəriş verirdilər.
Hər axşam tut ağacının kölgəsindəki stolun arxasına yığışır, atamın kəsdiyi sərin qarpızdan yeyə-yeyə bürkünün içində nəfəs alır, çölləri qarsayan ilğımın havada dalğa-dalğa əriməsinə baxırdıq.
Bürkü bizi keyləşdirir, bir yığın ətə, sümüyə çevirirdi. Qarpız yeməkdən çəkiləndən sonra arxası üstə uzanıb sərinlik ümidi ilə gözümüzü göyə dikirdik. Göy üzüsə bomboş, vədsiz, başımızın üstündə asılı ürəkbulandırıcı isti havasıyla sallanıb dururdu.
Axşamtərəfləri haradasa odununun altında öz oyuqlarında gizlənmiş siçovullar bizi saya salmadan bayıra çıxıb həyətdə gəzişir, toyuqlar üçün qoyduğumuz yemi yeyirdilər. Murdar, eybəcər məxluqları görəndə deyirdik ki, bunların kökünü kəsmək lazımdır. Amma heç kim tüfəng üçün evə getmirdi, laqeyd-laqeyd həyətdə ora-bura qaçan siçovullara baxırdıq. Onların varlığı-yoxluğu elə bil bizə heç nə demirdi.
Bir dəfə kiçik bacım dedi ki, arvadlar danışır ki, axır-məhşər olacaq. Fatmagil su gətirməyə gedərkən çaya enən Dərə yolunun içindən bir saqqallı kişi çıxıb deyib ki, hamınız günah içindəsiniz, qusul edib çimin, axır-məhşər yaxınlaşıb.
Bu xəbər heç kimi yerindən tərpətmədi. Hətta gülən belə tapılmadı. Təkcə nənəm qorxu içində hamama sarı döyükdü. Sonra qarı gedib qapının ağzını süpürdü ki, axır-məhşər olanda, İsrafil sürünü çalanda, ölülər diriləndə, qapıların ağzına basdırılmış dırnaqlar boy atıb qara tikan olsunlar, şüytanlar qışqırıb qaçan adamları geri baxmağa məcbur edəndə, bu tikanlar onların ayağına batıb başlarını qatsın.
Biz sakit, laqeyid, bir qədər də istehza ilə nənəmə baxırdıq.Qarı hıqqana-hıqqana qapıları süpürürdü, yornuq-arnıq gəlib həmişə oturduğu yerdə əyləşib gözünü boşluğa zillədi.
Sonku gün kiçik qardaşım günorta bağa düşəndə ərdo ilə qarşılaşmışdı. Ərdonun başından iri qırmızı kilim saçaqları kimi tüklər sallanırmış, iri buynuzu, iri qıllı, uzun quyruğu varmış, yumruq boyda olan gözləri soyuq-soyuq parlayırmış. Ərdo qardaşımı görəndə bir-iki dəfə mayallaq aşmış, sonra onu yemək üçün irəli gəlmişdi. Qardaşım dabanına tüpürüb özünü evə salmışdı.
Anam gözləri böyümüş qardaşıma baxdı, onu sorğu-suala çəkəndən sonra hamılıqla bağa qaçdıq. Cığırlar bomboşdu. Günəbaxanlar başlarını aşağı əymişdi. Ərdo yox idi. Ağaclar elə bil cəhənnəm istisinin içində durmuşdu. Hər yanı ələk-vələk elədik. Ərdo yox idi. Qonşu çəpərlərin o üzündə zınqırovu, dimdikli şapkaları dəlik-deşik olan, uzun cırıq qara köynəkli müqəvvalar bizə baxırdı. Ərdosa yox idi.
O gecə qardaşım bütün gecəni yatmadı. Nənəm köhnə-kürüşünü töküb nəsə çıxardı, darçınları qara kömürü həvəngdəstə ilə döyə-döyə dodaqaltı dua oxudu. Anam üzərrik yandırdı, tüstüsünü üzümüzə vurdu.
Üzərriyin tüstüsündə qardaşım qayıdıb özünə oxşamalıydı. Amma o, titrəyə-titrəyə tavana baxırdı. Yəqin iri qırmızı saçaqlı saqqalı olan ərdo tavan üzünü ennənib yayılmış iri gözləri ilə oradan qardaşıma baxır, dodaqlarını tərpədə-tərpədə onu indicə yeyəcəyi ilə hədələyirdi.
Sonrakı gün qardaşımın halı dəyişdi. Anamın həkimdən aldığı dərmanları həvəssiz içdi. Onun durulmuş bənizinə baxan nənəmin kefi açıldı:
- Allah sənə şükür, - dedi. Qardaşımın görünüşü pis olmasa da onun gözlərinin dərinliyində bir qorxu dolaşırdı. Bu qorxu onu bağ səmtə baxmağa qoymurdu. Yəqin indi günortalar bağda ərdolar kef eləyir, yorulana qədər yerdə eşələnir, atılıb düşürdülər.
Gecələr yuxumuz horra tək, yapışqan tək idi. Ağcaqanadlar ərinmədən, usanmadan bizim ayağımızı, bədənimizin açıq qalan yerlərini sancırdı. Sabahısı isə bütün günü muçuqlamış yerləri qaşıya-qaşıya qalırdıq.
Məhəlləmizin kişiləri axşamlar bir yerə yığışıb suyun olması üçün yuxarılara ərizə yazmaq üçün planlar cızırdılar. Amma onların hamısı eyni laqeydlik içindəydi. Onlara baxanda mənə elə gəlirdi ki, biz az qala bütün günü yuxusuz adam kimi sərsəm gəzir, huşsuzluğumuzu dərk etmirik. Xarici aləmlə bizim aramızda ərimiş, baş gicəlləndirici, adamı kütləşdirən bir hava vardı. Bu havanı yağış kəsə bilərdi, yağış isə yox idi.
Yağış yağdırmaq üçün kəndin mömin bəndələri də əl-ayağa düşdülər. Arvadlar danışırdılar ki, Molla Xəlil Quran yarpağını suya salıb, mütləq yağış yağacaq. Bir neçə gün bu ümidlə yaşadıq. Yağış isə yağmadı.
Günortalar isti elə güclənirdi ki, biz uzağa baxa bilmirdik, o saat gözümüz yorulur, bəbəklərimiz bir-birinə yapışırdı.
Tərimi silə-silə düşünürdüm ki, bizim hamımızı balıqlar kimi alışmadığımız akvariuma doldurublar. Burada isə heç nə çatışmır; nə hava, nə su, nə külək.
Biz əvvələr ayağımız açılsın deyə yaxınlıqdakı meydançaya düşüb futbol oynayırdıq. İndi meydançada iri tikanlı qanqallar bitmişdi. Futbol haqqında heç kəs düşünmürdü. Həmişə bizim futbol oynamağımızın təşəbbüskarı Məmməd qurşağacan lüt halda ceviz ağacının altında oturub iri bankadan süzdüyü at sidiyi rəngində olan piyvəni laqeydliklə içirdi.
Keyləşmiş, istidən əsərrənmiş adamlara baxanda mənə elə gəlirdi ki, bu bürküdən dərimiz, ətimiz, içalatımız, hətta duyğularımız belə əriyib öz keyfiyyətini itirir, ona görə də biz özümüzdən çox bu ölü, isti havanınkı ölüdür, onun üstümüzə enmiş ağırlığından xilas ola bilmirik.
Televizor, radio, kitablar eyni dərəcədə usandırıcı idi. Hamı axmaq, yelbeyin təsiri bağışlayırdı. Hərdən traktorla ot aparan adamlara baxanda məətəl qalırdın ki, bu onların nəyinə lazımdır. Amma köhnə duyğuya əsaslananda bilirdin ki, bunlar mal-qara üçün, qış üçün vacibdir. Bu hava, isti, əriyib ərzi doldurmuş hava isə qış haqqında heç bir təsəvvür vermirdi. Elə bil hər şey başdan-binadan bu cür imiş. Bu cür olmalıymış və bütün bunların sona varmağı yox imiş.
Hərdən kənd yolunda qarpız satan maşınlar dayanırdı. Adamlar bazara getməyə ərindiyindən alverçilər özləri yola düşməli olurdular. Ən qəribəsi də qarpız satanlar əvvəlki qaydada qiymət üstündə mübahisə etmirdilər, o saat deyilən qiymətə razı olurdular. Bununla elə bil bu deyingən, adam sıxan bürküdən xilas olmaq üçün hər şeyi başlarından edib canlarını qurtarmağa - kölgəlikdə uzanıb dincəlməyə tələsirdilər.
Hər yan istidən ağ, sapsarı rəngə çalırdı. Qaranlıqsa lap gec düşürdü. Ulduzlar görükəndə bir az sərinlik düşəcəyi ümidi ilə dirçəlirdik. Amma sərinlik haradasa göyün lap dərinliyində, ulduzlardan o yanda idi. Hətta dağdan gələn çobanlar da oralarda möhkəm istilər olduğundan danışırdılar.
Hörgü daşları günün altında ağappaq rəngə çalırdı. Ağacların yarpaqları kirli idi, hər yarpağın üstündə əl qalınlığında toz vardı. Odur ki, yaşıllıq da adama usandırıcı, bezikdirici görünürdü.
Hər şey ölmüşdü, susuzluqdan quruyub ölmüşdü. Meyvələr qurdlayıb kal-kal yerə tökülürdü. Bu yay ölü yay idi və ölüm kimi anlaşıqsız, ayaqsız-başsız idi.
Günorta anam dedi, Məmti kişi ölüb. Atam eyni laqeydliklə öz-özünə söylənirmiş kimi:
- Gör, bu istidə... - dedi, amma sözünün arxasını gətirmədi, ayağa qalxdı, deyəsən keçmiş duyğuları indiki bu küt, laqeyd əhval-ruhiyyəni üstələmişdi.
Atam ölü yerinə gedəndən sonra məhəlləmizin arvadları qara şallarını başlarına salıb ağlaşmaya getdilər. Bir az keçməmiş tozlu, bomboş kənd yolunda onların qara kölgələri ilğımın içində yox oldu. Mənə elə gəlirdi ki, arvadların göz yaşı ölü olacaq, onlar dil deyib saçlarını yolsalar da gözlərindən bir qətrə yaş çıxmayacaq, təkcə yarıq-yarıq olmuş torpaqdan qopan bir səs burula-burula içlərindən qopacaq, başlarının üstündəki havaya yapışacaq.
Bütün bunlardan onların xəbəri olmasa da milyon il bundan əvvəl babalarının qoyduğu adətlər onları çəkib yas yerinə aparırdı. Onlar ölü yerinə kənd küçələri ilə eyni ilə kor adamlar kimi gedirdilər, sanki Məmti kişinin qapısında onları gözəgörünməz tellərlə çəkib gətirən nəsə vardı.
Həmişə adam öləndən sonra mütləq yağış yağır. Adamlar ümid eləməyə başladılar ki, mərhumu torpağa tapşıran kimi mütləq yağış yağacaq. Amma hamı bu yayın ölü yay olduğunu elə bil unutmuşdu.
O gün mollalar qəbiristanlıqda Quran oxudular, adamlar bir çimdik torpaqla Məmti kişiyə halallıq verdilər. Adamlar tozlu qəbiristanlıq yolu ilə qayıdanda oğrun-oğrun havaya baxırdılar. Onların günəşdən yanmış qara bənizlərinin suyu qaçmışdı. Göy üzüsə bomboşdu; yağış yağmayacaqdı. Sakit göy üzü təndir kimi isti havayla doluydu. Küləklər haradasa dərin-dərin dərələrin içinə sinib qalmışdı. Adamlar gedir, onların ayaqlarının altındakı torpaqdan seyrək toz qalxırdı.
Anam yas yerindən dönəndə dedi ki, nənəm qəbiristanlıqda adamların arasında olanda tez-tez Dərə yoluna baxırmış. Arvadın gözünə hər dəqiqə tağ kimi bir qorxu-təlaş boy atırmış. Bəlkə də nənəm yolun orasından pırtlayıb çıxan o ağ saqqallı kişini gözləyirmiş. “Gedin çimin, qusul edin, axır-məhşər yaxınlaşıb...” Amma nənəmin baxdığı o yerdən ağ saqqallı kişi çıxmamışdı, təkcə oradan boğanaq qalxmış, burula-burula Dərə yolunun tozunu yalaya-yalaya köhnə qəbiristanlığa sarı getmişdi.
Köhnə qəbiristanlığa qarovulçu Qurban kişidən başqa heç kim gedə bilmirdi. Deyilənə görə, orada kəlağaylı bir ilan yaşayırdı. İlanın qorxusundanmı, ya da köhnə qəbiristanlığın çopur başdaşlarının boz üzündən eyməndiklərindəndimi, nədənsə adamlar ölənləri bəridə, qəbiristanlığın qapısının ağzında basdırırdılar.
Nənəmin baxdığı yerdən qalxan boğanaq köhnə qəbiristanlığa tərəf getmişdi. Biz düşündük ki, bəlkə bu boğanaq külək, küləksə yağış dolu qara buludlar gətirəcək. Amma nə külək əsdi, nə də buludlar durduğu yerdən tərpəndi.
Bacım havaya baxa-baxa öz-özünə:
- Kəlağaylı ilan izn verməsə yağmaz, - dedi.
Bir həftə də keçdi. İstilər səngimədi. Elə bil adamlar yarasa kimi olmuşdular. Heç kim heç nə ərz etmirdi, heç kimin ürəyi heç nə istəmirdi. Təkcə yağış gözləyirdilər. O da ki, hələ yox idi.
Təkcə mən yağışı gözləmirdim. Yağış olmayacaqdı. Yağış harasa tamam başqa yerlərə, yaşıl-yaşıl dağlara yağırdı. Burada ölü yaydı, boz, ölgün, heç nə vəd etməyən ölü yay...
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər