Avropa Məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib

Xəbərin çap versiyası
Tarix: Bu gün, 14:43


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin Bakıda xarici diplomatlarla apardığı söhbətin gizli şəkildə dinlənilməsi və həmin səs yazısının televiziyada yayımlanması ilə bağlı Azərbaycan hökumətinə sorğu ünvanlayıb.

Civilazerbaijan.com
bildirir ki, “Azadlıq Radiosu”nun məlumatına görə, G.Hacıbəyli Avropa Məhkəməsinə ərizəsində Konvensiyanın 6, 8, 10 və 18-ci maddələri üzrə hüquqlarının pozulmasından şikayət edib.

O bildirib ki, 8 oktyabr 2019-cu ildə beynəlxalq təşkilat nümayəndəsi ilə restorandakı görüşü və 19 oktyabrda səfirlik əməkdaşı ilə telefon danışığı gizli qeydə alınıb, səs yazıları isə 20 oktyabrda televiziyada yayımlanıb. Bu qanunsuz dinləmə və yayımın araşdırılması, məsul şəxslərin cəzalandırılması üçün Baş Prokurorluğa müraciət etsə də, nəticə əldə olunmayıb.

Baş Prokurorluq hadisədə cinayət tərkibi olmadığı qənaətinə gələrək 6 dekabr 2019-cu ildə cinayət işi başlanmasını rədd edib. G.Hacıbəyli ərizəsində həmin qərarın surətinin ona təqdim olunmadığını qeyd edib. O, prokurorluğun imtina qərarından məhkəməyə şikayət versə də, yerli məhkəmələr işi icraata götürməyib və buna əsas kimi qərarın surətinin şikayətə əlavə olunmamasını göstəriblər. Halbuki, o, yuxarı instansiya məhkəmələrinə müraciətlərində bu sənədin ona verilmədiyini xüsusi vurğulayıb.

Bunun ardından keçmiş deputat Avropa Məhkəməsinə müraciət edib. O, Strasburqa təqdim etdiyi şikayətdə dövlət orqanlarının danışıqlarını qanunsuz dinlədiyini, gizli şəkildə qeydə aldığını və materialları jurnalist Mirşahin Ağayev-ə ötürdüyünü iddia edir. Ərizədə baş verənlərin onun siyasi fəaliyyəti ilə bağlı olduğu da vurğulanır.

Avropa Məhkəməsinin hökumətə ünvanladığı suallar arasında G.Hacıbəyliyə məhkəməyə çatımlılıq hüququnu gerçəkləşdirmək imkanının yaradılması, onun şəxsi həyatına və yazışmalarına hörmət hüququnun pozulub-pozulmaması və s. məsələlər yer alıb.

2019-cu il oktyabrın 20-də “Real TV” kanalında G.Hacıbəylinin ABŞ səfirliyi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin diplomatları ilə telefon danışığı və görüşünün səs yazıları yayımlanıb, digər media orqanları da bu materialları tirajlayıb. Daha sonra kanal verilişi “YouTube”dan silib. Həmin efirdə Mirşahin Ağayev ABŞ-ni Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edib, G.Hacıbəylini “casus” adlandırıb.

ABŞ səfirliyi bu iddiaları yalan və əsassız adlandıraraq bəyanat yayıb və materialların silinməsini müsbət qiymətləndirib.

G.Hacıbəyli isə diplomatlarla telefon danışığı və görüşünü təsdiqləyərək, telefonunun gizli dinlənildiyini və görüşdən əvvəl xəbərdar olan şəxslər tərəfindən restoranda dinləmə qurğusu yerləşdirildiyini ehtimal etdiyini bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz