İsa MUĞANNA. Bir az romantika - HEKAYƏ
Tarix: 28-09-2024, 15:34
Azərbaycan SSR Xalq yazıçısı (1988), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1976) İsa Muğanna (İsa Mustafa oğlu Hüseynov) 12 iyun 1928-ci il tarixdə Qazax qəzasının Muğanlı kəndində anadan olub.
Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952–1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960–1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964–1968)[7], redaktor (1968–1974), Ssenari şurası üzvü (1974–1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.
1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında "26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" , "Tütək səsi" , "Nizami" və s. filmlər çəkilib. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.
Ustad yazıçı 1 aprel 2014-ci il tarixdə Bakı şəhərində vəfat edib.
Civilazerbaijan.com İsa Muğannanın "Bir az romantika" hekayəsini təqdim edir:
İİsa Muğanna
BİR AZ ROMANTİKA
hekayə
Yay qurtarmışdı. Plyaj boşalmışdı. Qum soyumuşdu. Onlar qumun üstünə xalça salıb yanaşı uzanmışdılar.
Arada Şərqiyyə başını qaldırıb ağır- ağır gözlərini onun üstündə gəzdirirdi. Murada elə gəldi ki, dənizlə, sahillə birgə bu ala gözlərin dərinliyində də sükut və rahatlıq vardır. O, xəyalən bu gözlərdən öpüb qımışdı.
- Şərqi, səssizliyə fikir verirsən?
- Mənim fikrim sənin maşınındadır. Ağ " Volqa”dan yaman xoşum gəlir. Bir dön bax. Səncə nəyə oxşayır?
Murad yanakı boylanıb çiynini çəkdi:
- Məncə, elə " Volqa”ya oxşayır.
- Bir də bax.
- Baxdım.
- Elə yox. Üzünü yerə söykə aşağıdan bax. Bir də gözünü yum. Elə elə ki, maşınla göydən başqa heç nə görünməsin.
- Sən mənim başıma oyun açırsan, Şərqi. Kosmik gəmiyə oxşadırsan nədir, sən bu maşını?
- Afərin, afərin! – Şərqiyyə sevinclə əlini əlinə vurdu. – Mən bu qənaətdəyəm ki, bir-birinə yaxın olan adamların zövqü də, hissi də, fantaziyası da uyğun gəlməlidir. Doğrudan, oxşayır, ya yox, hə, Murad?
- Düzünü deyim?
- Bıy, əlbəttə.
- Düzü, göyü yadıma salmasaydın, kosmik gəmi-zad ağlıma gəlməzdi.
Şərqiyyə əvvəlcə elə bil bir az məyus oldu, sonra süni incikliklə dodaqlarını büzdü. Murad ciddiləşib nə isə demək istədi. Şərqi barmaqlarının ucunu onun dodaqlarının üstünə qoydu.
- Dayan!.. Bax, tutaq ki, maşının əvəzində bu saat burda doğrudan da kosmik gəmi var, özü də starta hazırdır. Uçarsan?
- Yox.
Şərqiyyənin qaşları tərpəndi.
- Niyə?
Murad barmaqlarının ucu ilə onun aypara qaşlarını sığalladı.
- Sənə rast gələndən sonra yerdən ayrılmaq istəmirəm.
Şərqiyyə bir daha dodaqlarını büzdü.
- Kompliment!
- Kompliment deyil, Şərqi.
- Yaxşı, mənnən bir yerdə necə, uçarsan?
- Yox.
- Niyə?
- Çünki kosmosda sənnən belə sərbəst söhbət eləmək zövqündən məhrum olaram.
Şərqiyyə şirin pıqqıltı ilə gülüb onun üzünə yüngülcə bir sillə vurdu.
- Neispravimıy realist!
Murad ciddiləşdi.
- Şərqi, səndən bir xahişim var.
- Buyur.
- Mənnən rusca danışma.
- Bıy, neyçün?
- Sən rusca çox təmiz danışırsan, Şərqi, mən özümü yaxşı hiss eləmirəm.
Şərqiyyə duruxdu.
- Başa düşmədim.
- Demək istəyirəm ki, sən rusca danışanda mən özümü məhdud adam kimi hiss eləyirəm.
- Vzdor!.. Bəyəm sən dili pis bilirsən?
- Çox pis! Günün tələbilə yanaşsaq, demək olar ki, heç bilmirəm.
Şərqiyyə əlini onun saçlarına toxundurdu.
- Bednenkiy! İstəyirsən sənin müəllimin olum?
- Qırxında zurnaçılıq öyrənən gorunda çalar, Şərqi. – O, Şərqinin bu xalq məsəlini başa düşdüyünə şübhə etdi. Fikrini başqa tərzdə demək istədi. Ancaq Şərqi başa düşdü.
- Sənin ki, qırx yaşın yoxdur?
- Var, Şərqi.
- Elə şey olmaz!
- Hələ biraz da artıqdır.
- İnanmıram. Başında bir dənə də ağ tük yoxdur.
- Yaxşı baxmamısan.
- Bu, sənin başın, bu da mənim gözlərim.
- Görə bilməzsən.
- Niyə?
- Çünki hava qaralıb.
- Hava?.. – Şərqiyyə dümağ qu quşu boğazını uzadıb təəccüblə ətrafına baxdı və birdən qəhqəhə çəkdi. – Biz gələndə saat neçə idi? – Cavab gözləmədən yenə qəhqəhə çəkdi.
Murada görə o, elə-belə xoşbəxtlikdən gülürdü. Əllərini Muradın sinəsinə dirəyib yuxarıya doğru dartılmış başını arxaya atıb cingiltili səslə aramsız gülürdü.
Murad bu çay kimi çağlayan gülüşün səbəbi barədə yalnız bir az düşündü... Tünd mavi göydə iri-iri seyrək ulduzlar parıldayırdı. Üzərini nazik qaranlıq layı örtmüş hamar qumluq, üfüqün ağ fonunda cərgə-cərgə düzülmüş balıqçı talvarları, uzaq, kələ-kötür sahil qayaları – hər şey sükutda idi. Təkcə Şərqiyyə gülürdü. Üzünü ulduzlara tutub, öz gözəlliyi ilə, xoşbəxtliyi ilə sanki dünyaya meydan oxuyurdu.
Onun qulaqlarının ucunda xırda sırğaları hardansa düşən görünməz ziyaları əks edib işıldayırdı. Dənizin rütubətindən nəmlənmiş yanaqları da, sifətinə nisbətən bir az ətli görünən alt dodağı da işıldayırdı. Açıq sarı, dalğalı saçları, gülməkdən titrəyən çılpaq çiyinlərinin üstündə gəzirdi. Murad bu aşağıya doğru meyilli zərif çiyinləri xəyalən əllərinin altında hiss etdi. Qəfil güclü hiss dalğasından gözləri torlandı. O, hansı bir möcüzə iləsə göydən yerə enmiş gözəllik ilahəsini bağrına basmağa, oxşamağa, əzizləməyə tələsdi. Lakin Şərqiyyə onun qolları arasından sivrilib yox oldu.
Murad nəfəsini dərdi, başını qaldıranda faraların işığı üzünə vurdu. Maşının qapısı yumşaq çıqqıltı ilə örtüldü, toranlıqda incə, ağımtıl bir siluet fırlandı, sonra gur işıq seli içərisində qu quşu peyda oldu.
O, tuflilərini Muradın böyründə, xalçanın yanında qoyub getmişdi. Ayaqlarının altında xışıldayan balıqqulaqlarının üstüncə yeriyə bilmirdi. Qollarını yana açıb, əyilə-əyilə, çökə-çökə gəlirdi.
Birdən o, işıq selinin lap ortasına düşdü, çətirvari çit don yoxa çıxdı. Murad cizgiləri bütün aydınlığı ilə görünən qadın bədəninə ehtiraslı baxışı ilə onların hələ heç bir şeydən ləkələnməmiş münasibətləri arasında bir ziddiyət duyub başını aşağı saldı.
- İşığı niyə yandırdın?
- Necə niyə? Sənin saçına baxacam... Oy!.. – Şərqiyyə bir ayağının üstündə o yan- bu yana əyildi. Murad parketdən və asfaltdan kənarda yəqin ki, çox az olmuş, bəlkə də heç olmamış bu zərif məxluqun barmağının ucuna daş toxunduğuna dözmədi, bir sıçrayışla atılıb onu hop götürdü, gətirib ehtiyatla xalçanın üstünə düşürdü.
Üz-üzə, yanakı oturdular. İndi Şərqiyyəi çox diqqətlə onun saçlarına baxırdı. Murad isə elə bil hələ də Şərqiyyəni qucağında tutmuşdu, sol əlində onun belinin sümüksüzlüyünü, sağ əlində onun bədəninin hərarətini hiss edirdi.
- Bir... iki... üç... – deyə Şərqiyyə fasilələrlə pıçıldayırdı və için-için gülürdü.
Axırda yenə qəhqəhə çəkdi. Dabanlarının üstündə oturub əllərini dizlərinə çırpdı.
– Düz səkkiz dənə ağ tük! – Süni təəssüflə boynunu bükdü. – İtak, ya vıxoju zamuj za starika!
Murad dikəldi, onun gözlərinin içinə baxdı.
- Mən qulaqlarıma inanmıram, Şərqi!
- Niyə?.. Neyçün?.. – deyə Şərqiyyə elə bil qeyri- şüuru soruşdu.
"Yəqin, dilinə təsadüfən gəldi”, - deyə Murad fikirləşdi. Lakin o dəqiqə də Şərqiyyənin sevinclə dolu zil səsini eşitdi:
- Ya vıxoju zamuj! – Şərqiyyəi ləpədöyəndə qollarını geniş açıb, üzü dənizə doğru qışqırırdı: - Ya vıxoju zamuj!..
Murad yüyürüb onun çiyinlərini qucaqladı. Burada ilk dəfə Şərqiyyə Muradın istəyinə mane olmadı. Daha doğrusu, o özü qollarını Muradın boynuna doladı. Sonra başını endirib yanağını onun sinəsinə söykədi.
Onlar dənizi də, qumu da, axşamdan maraqla tamaşa etdikləri heybətli sahil qayalarını da unutdular.
Xeyli keçəndən sonra Şərqiyyə yenə için-için güldü və nədənsə diksinmiş kimi birdən başını qaldırdı.
- Oy!..
- Nə oldu?
- Maşın bizə baxır!
Seyrək duman arxasında maşın odlu gözlərini geniş açıb doğrudan da onlara baxırdı. Uşaq kimi əl-ələ tutub yüyürüşdülər. Murad işığı söndürdü. Ətrafa zülmət çökdü. Dəniz də, qum da, qayalıqlar da, balıqçı talvarları da, onlarla birlikdə Şərqiyyə də qaranlıqda yox oldu. Murad nə isə anlaşılmaz və qəribə narahatlıq keçirdi. Ona elə gəldi ki, beş gün bundan əvvəl təsadüfən tanış olduqları kimi, indi də təsadüfən ayrılmışlar. Şərqiyyəsiz dünya zülmətə batdı.
Lakin qaranlıq seyrəlməyə başladı. Murad Şərqiyyənin gözlərini, sonra ortası işıldayan alt dodağını, daha sonra isə bütün sifətini gördü. Şərqiyyənin sifətində həmişəki adi oynaqlıqdan əsər-əlamət qalmamışdı.
O, ciddi, dərin hissiyatlı bir mehribanlıqla və nəvazişlə Muradın pəhləvan cüssəli qamətinə tamaşa edirdi. Murad başa düşdü ki, onlar ayrılmaq üçün tapışmayıblar. O, dərindən nəfəs aldı, dönüb dənizə baxdı. Uzaqda dənizin sinəsi qabardı. Yaxında axşamdan birinci dəfə ləpələrin şırıltısı ilə birgə Muradın pıçıltısı eşidildi:
- Şərqi, mən çimmək istəyirəm!
- Nə?.. Dəniz soyuqdur. Çimmək olmaz! – deyə Şərqiyyə etiraz etmək istədi. Lakin etiraz əvəzində birdən uşaq kimi sevindi. – Dayan! Məni də gözlə!..
Qayalığın yanında zəif işıqlı, köhnə bir motoroller çatıltı-patıltı ilə dayanıb susdu. Rezin çəkməli, plaşlı və papaqlı balıq ovu azarlısı şeylərini götürüb qayanın üstünə çıxanda heyrətindən donub qaldı.
Payızın orta ayında buz kimi soyuq dənizdə iki nəfər çimirdi. Onlar bir-birinin üzünə su çırpır, sonsuz mavi genişlikdə şaqraq qəhqəhə ilə gülüşürdülər.
Qoca balıqçı özünü suda təsəvvür etdi, canından üşütmə keçdi.
- Brrr!..
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər