Sevinc Vaqifqızı vəkilləri təcridxanaya çağırdı: Jurnalistlərin üzərində xəsarətlər var
Tarix: 17-11-2024, 14:58
Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Sevinc Vaqifqızına qarşı zorakılıq olub.
Civilazerbaijan.com bildirir ki, bu barədə Meydan TV-yə onun ailəsi məlumat verib. Noyabrın 16-da jurnalistlə görüşə gedən ailə üzvləri onun qolunda zorakılığın izlərini görüblər.
“Biləyinin iç tərəfi yumurta boyda göyərib. Həmin əlinin baş barmağının iç damarı partlayıb və orta barmağı da partlayıb. Göy zədə Nərgizin də əlində var. Onun da ələ yaxın hissəsində təxminən yumurta boyda göyərmə var. Həmin zədə Elnarədə də var. Deməli, üç qızın üçünə də xəsarət yetirilib”.
Xəsarətin necə yetirilməsinə gəlincə, Sevinc Vaqifqızı ailəsinə deyib ki, hadisə cümə axşamı günü axşam baş verib. Jurnalist Nərgiz Absalamova öz kamerasının nəfəsliyi önündə dayanıb. Bu zaman Şəhla adlı nəzarətçi ona yaxınlaşaraq hərəkətinin qanunsuz olduğunu deyib və bildirib ki, keçib yerində oturmalıdır, qapının yanından getməlidir:
“Nərgiz də ona deyib ki, mən öz kameramın qapısı ağzında dayanmışam, burada qanunsuz nə var? Bu zaman Şəhla adlı nəzarətçi Nərgizi təhqir edib, ona “həyasız, ləçər” deyib. Aralarında mübahisə yaranıb və səs-küy digər kameralardan da eşidilib. Sevinc də səsi eşidib, etiraz edib. Bu zaman gəlib kişili-qadınlı, bütün kameraların nəfəsliyini bağlayıblar, deyiblər ki, Elnur müəllimin göstərişidir”.
Sevinc Vaqifqızının dediyinə görə, onun kamera yoldaşlarından biri epilepsiya xəstəsidir. Həmçinin digər kameralarda hamilə, uşaqlı qadınlar var. Nəfəslik bağlandıqdan sonra içəridə havasızlıq yaranıb və epilepsiyadan əziyyət çəkən qadının vəziyyəti pisləşib. Bu zaman Sevinc Vaqifqızı “nəfəsliyi açın” deyə qışqırmağa və qapını döyməyə başlayıb. Digər kameradakı dustaqlar da qapıları döyməyə başlayıblar.
“Bu vaxt Əzizə adlı nəzarətçi nəfəsliyi açıb “nə olub” deyib. Həmin an Sevinc əlini nəfəsliyin arasına salıb ki, təkrar bağlamasın. Nəzarətçi qəsdən nəfəsliyi bağlayaraq Sevincin əlini arakəsmədə sıxıb. Sevinc də deyib ki, içəridə havasızlıqdan ölən var, burada qanımı töksəniz də əlimi çəkməyəcəm. Digər kameraların qapılarını döyməyə başlayıblar. Ədalət adlı nəzarətçi gəlib və deyib ki, rəisin əmridir. Sevinc də ona deyib ki, sən yox, rəisin bura gəlsin, otursun bizim otaqda, nəfəsliyi də bağlayın görək o, dayana bilir, yoxsa yox. Oturduğu rahat kabinetdən məhbusların həyatı ilə bağlı yaxşı əmr verə bilir”, – Sevinc Vaqifqızı yaxınlarına danışıb.
Səs-küy dayanmadığından Əli adlı nəzarətçi gələrək bütün nəfəslikləri təkrar açıb.
Sevinc Vaqifqızının sözlərinə görə, Elnarə Qasımova onların kamerasına yaxınlaşarkən Aynurə Heydərova adlı nəzarətçi ona hücum edib. Nərgiz Absalamova da Sevincin dayandığı qapının nəfəsliyinə yaxınlaşmaq istərkən təzyiqə məruz qalıb, çiynindən vurub itələyiblər.
“Aynur Heydərovanın hücumunu indi Elnarənin əleyhinə istifadə etməyə çalışırlar. Vahid adlı nəzarətçi məhbuslara əmr edir ki, Elnarənin onlara təzyiq etməsinə dair ərizə yazsınlar. Guya siz görmüsüz ki, Elnarə nəzarətçiyə təzyiq edib. Belə bir iş planlayıblar ki, Elnarə barəsində yeni cinayət işi açılsın. Vahid adlı nəzarətçi qadınların gözünü qorxutmaq üçün dubinka ilə gəzir”, – Sevinc Vaqifqızı deyib.
Yaxınlarının sözlərinə görə, baş verənlər ictimailəşməsin deyə Sevinc Vaqifqızı ilə görüşə də mane olmağa çalışıblar. Onları saatlarla təcridxananın görüş yerində gözlədiblər. Jurnalistin anası Ofelya Məhərrəmovanın etirazından, rəis Elnur İsmayılovun ünvanına çağırışlarından sonra görüşə imkan verilib. Həmin vaxt Əhəd adlı nəzarətçi O.Məhərrəmovaya yaxınlaşaraq Sevincin əleyhinə danışaraq, “ali savadlı qızdır, ona yaraşmaz qapını döyüb səs-küy salsın” deyib.
Sevinc Vaqifqızı ailə üzvlərinə deyib ki, COP29-un keçirildiyi ərəfədə təcridxanadan hər hansı məlumat çıxarılmasın, problem yaradılmasın deyə Lənkərandan və digər bölgələrdən yeni nəzarətçilər gətiriblər. “Məsələ yayılmasın deyə Nərgizin yaxınları ilə görüşünə icazə vermirlər. Hətta kamera yoldaşlarına da icazə verilmir və hamısına deyilir ki, Nərgizə görə sizə icazə vermirik. Məqsəd içəridəki məhbusları Nərgizə qarşı qaldırmaqdır, təxribata çəkirlər. Bunları Ədalət, Vahid adlı nəzarətçilər edir”, – S.Vaqifqızı yaxınlarına deyib.
Jurnalist onları müdafiə edən bütün vəkilləri təcridxanaya çağırıb.
Vəkil Aqil Layıc noyabrın 15-də 1 saylı Bakı İstintaq Təcridxanasında Sevinc Vaqifqızı ilə görüşmək istəyib. Vəkil görüş üçün lazım olan sənədi də təqdim edib. Təcridxana rəhbərliyi görüşə icazə verməyib. Bunu kamerada sayım getməsilə əlaqələndiriblər. Ancaq Sevinc Vaqifqızı xəsarətləri görməsin deyə vəkili ilə görüşə icazə verilmədiyini deyib.
Penitensiar Xidmətdən deyilənlərlə bağlı münasibət öyrənmək mümkün olmayıb.
Bundan əvvəl “AbzasMedia”nın direktoru Ülvi Həsənli də təcridxanada ölümlə hədələnib və zorakılığa məruz qalıb. Belindən xəsarət alan jurnalistin şikayətlərini isə yerli məhkəmələr rədd edib.
Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən “Abzas Media”nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.
2023-cü ilin noyabrından etibarən sıra ilə həbs olunmağa başlayan jurnalistlərə qarşı qaçaqmalçılıqittihamı irəli sürülüb.
2024-cü il mayın 31-də isə “AzadlıqRadiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb. İyunun 1-də ona qarşı “AbzasMedia işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Elə həmin gün “AbzasMedia” bəyanat yayaraq Fərid Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.
Daha sonra bu iş üzrə həbs edilənlərlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb.
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20- yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər