Orduxan Temirxan Baş Prokurorluğa çağırılıb

Xəbərin çap versiyası
Tarix: 17-04-2025, 19:50


Xaricdə mühacirət həyatı yaşayan bloqer, Azərbaycan hökumətinin sərt tənqidçisi Orduxan Temirxan Baş Prokurorluğa çağırılıb.

Civilazerbaijan.com
bildirir ki, Azərbaycan Baş Prokurorluğundan İTV-yə verilən məlumatda belə deyilir.

Vurğulanıb ki, O.Temirxanın Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar ) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 2020-ci il sentyabrın 7-də qərar qəbul edilib.

Hələlik, bu açıqlamaya O.Temirxanın özündən münasibət almaq mümkün olmayıb. Həmin ittihamlarla şəxsə 8 ilə qədər həbs cəzası verilə bilər.

Hələ 2018-ci ildə O.Temirxanın terrora çağırışda suçlanaraq axtarışa verildi açıqlanmışdı. Onda AzadlıqRadiosuna açıqlamasında terrorçuluğa, kütləvi iğtişaşlara açıq çağırışlara dair ona verilən ittihamların saxta olduğunu deyən bloqer Azərbaycan hakimiyyətindən özünə həmişə təhlükə gözlədiyini vurğulamışdı.

Qeyd edək ki, O.Temirxan sosial şəbəkələrdə, bloqlarında Azərbaycan hökumətini tənqid etdiyinə görə bu ölkədə yaşayan qohumlarının təqiblərə məruz qaldığını, həbs olunduğunu bildirib. Bloqerin dediyinə görə, 2017-ci ilin fevralından etibarən Azərbaycanda yaşayan 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu vurğulanırdı. Ancaq Daxili İşlər Nazirliyindən bu açıqlamaya hər hansı münasibət bildirilməmişdi. Sonradan polisə aparıldığı deyilən şəxslərdən ikisindən başqa hamısının tezliklə sərbəst buraxıldığı bildirildi.

Ardınca Suraxanı rayon Məhkəməsində bloqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı. Qərarda iddia olunurdu ki, S.Zeynalov və X.Dadaşov yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar. Onların vəkilləri ittihamın qurama olduğunu açıqlamışdı. 2018-ci ilin fevralında isə onun bacısı oğlu Tural Əliyev saxlanmışdı. Bakı Dövlət Universitetinin Kimya fakültəsinin tələbəsi olan T.Əliyevə iki ay inzibati həbs cəzası verilmişdi. O.Temirxan bacısı oğlunun da ona görə həbs edildiyini bildirirdi, AzadlıqRadiosu-nun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz