Vizasız gedə biləcəyimiz Avropa ölkələri – QİYMƏTLƏR
Tarix: 12-04-2017, 12:12
Yəqin ki, çox az adam bilir ki, Avropada elə dövlətlər var ki, Azərbaycan vətəndaşları həmin ölkələrə vizasız gedə bilərlər. Həmçinin bu ölkələr turizm xidmətlərinin ucuzluğu ilə də seçilir. Ölkə vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr isə Makedoniya, Albaniya, Monteneqro, Bosniya və Herseqovinadır.
Qeyd edək ki, bu ölkələr keçmiş Yuqoslaviyanın parçalanmasından sonra yaranıb. Məlumat üçün bildirək ki, Azərbaycan vətəndaşları Monteneqroya yalnız yay aylarında vizasız səfər edə bilərlər.
SİVİL.AZ turizm.fins.az-a istinadən azərbaycanlıların Avropada vizasız gedə biləcəkləri ölkələrə səyahət qiymətlərini təqdim edir.
Makedoniya
Paytaxt Skopyeyə səfər zamanı şəhərin müasir tikililəri ilə yanaşı, tarixi yerlər ilə də tanış olmaq olar. Belə ki, paytaxt Skopyedə Makedoniya meydanı, daş körpü, döyüşçü abidəsi, saat qülləsi - “Saat Kula”ya da tamaşa etmək mümkündür. Bundan başqa, Skopye qalası və qədim Çarşiya bazarına da tamaşa etmək olar. Qeyd edək ki, Makedoniyaya Bakıdan birbaşa uçuş olmadığından Türk Hava Yolları (THY) ilə fasiləli uçuşla biletə 410 manatdan başlayan qiymətlərlə uçmaq olar. Skopyeyə gediş-gəliş aviabileti 800 manatdan bir qədər baha başa gələcək.
Skopyedə qonaqlamaya gəlincə isə Makedoniya paytaxtında 4 ulduzlu hotellərdə qonaqlama 110-120 manatdan başlayır. Qiymətlərə səhər yeməyi də daxildir. 2-1 ulduzlu və ya ulduzsuz hotellərdə qiymətlər bir qədər də ucuz olur. Adətən, belə mehmanxanalarda nömrədə qonaqlama qiymətləri 80-90 manata və ya bir qədər də ucuz olur.
Skopyedə hostellərə gəlincə, paytaxtın mərkəzi küçələrində yerləşən bir neçə otaqlı hostellərdə 18-53 manat ödəməklə gecələmək mümkündür. Məlumat üçün bildirək ki, əgər turizm şirkəti ilə adıçəkilən ölkəyə 3 gecə, 4 günlük turpaket sifariş etsəniz, bu zaman 1 nəfər üçün 671 dollar ödəmək lazım olacaq.
Bosniya və Herseqovina
Saraevo şəhərinə səfər etmək üçün THY-dan bilet almaqla səfər edə bilərsiniz. Bir nəfərin iyun ayında Saraevo gedib-gəlməsi üçün 921 manat ödəmək lazım olacaq.
Saraevo şəhəri qərblə şərqin qovuşduğu şəhərlərdəndi. Belə ki, şəhərin şərq hissəsi Osmanlı imperiyası zamanı tikilmiş tikililərlə zəngindir. Şəhərin qərb hissəsi isə Avstriya-Macarıstan imperiyası vaxtı tikilən tarixi tikililərlə zəngindir.
Bosniya və Herseqovina paytaxtında qonaqlamaya gəlincə isə 4 ulduzlu hotellərdə 100-144 manata səhər yeməyi daxil qonaqlamaq olar. Hostellərdə isə 10 manatdan başlayan qiymətlərlə gecələmək mümkündür.
Saraevoda restoranlara gəlincə isə 13 manat ödəməklə nahar etmək mümkündür. Bu qiymətə borş+göbələkli pasta və çay sifariş etmək olar. 5 manat ödəməklə isə yerli sup növlərindən sifariş etmək olar. Qeyd edək ki, adları sadalananlar qonşu ölkələr olduğundan xərclər, demək olar ki, hamısında eynidir.
Albaniya
Tirana şəhərinə THY-dan bilet alaraq səfər etmək mümkündür. Belə ki, bu zaman aralarında bir həftəlik fərq olan gediş-gəliş bileti üçün 934 manat ödəmək lazım olacaq.
Tiranada çoxlu sayda parklar var. Bundan başqa, şəhərdə tarixi abidələrə də baş çəkmək olar. Belə ki, şəhərdə Zəngli saray, Kafedral sarayı və Süleyman Paşaya həsr olunmuş abidə var.
Məlumat üçün bildirək ki, əgər turizm şirkətlərinin birinin xidmətlərindən yararlanmaq qərarına gəlsəniz, 718 dollar ödəməklə Albaniyada 3 gecə, 4 gün istirahət etmək olar.
Tiranada 3 ulduzlu hotellərdə 50-60 manat ödəməklə qonaqlamaq olar. Hostellərdə isə 13 manat ödəməklə qalmaq olar.
Tirana restoranlarında adambaşına 10 manat ödəməklə iki cür yemək sifariş etmək olar. Şəhər ictimai nəqliyyatından isə 0,44 manat ödəməklə bir istiqamətdən digərinə getmək mümkündür.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər