Azərbaycan Rusiyaya nota verib

Xəbərin çap versiyası
Tarix: 14-11-2025, 22:01


Azərbaycan Rusiyanın Kiyevə hücumu zamanı səfirliyə raket düşdüyünə görə Rusiyaya nota verib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb. Bəyanatda bildirilir ki, hadisə ilə əlaqədar Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov XİN-ə çağırılıb.

"Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib. Son partlayış nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib", - deyə qeyd olunub.

XİN bildirib ki, səfirə Rusiyanın Ukraynadakı müharibəsi başlayandan bəri müxtəlif vaxtlarda Azərbaycan səfirliyi və konsulluqlarının binalarına dəyən başqa zərərlər də xatırladılıb.

XİN səfirlik və konsulluq binalarına zərər vuran raket hücumlarının "məqsədyönlü olub-olmaması barədə suallar yarandığını" vurğulayıb.

"Bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb", - deyə əlavə olunub.

Ukrayna prezidenti Volodimir Zelenski də noyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyevlə danışdığını xəbər verib.

"Keçən gecə ruslar ukraynalılara qarşı yüzlərlə dron və raket, o cümlədən ballistik raketlər istifadə ediblər. Təəssüf ki, dağıntılar və ziyanlar olub, o cümlədən Azərbaycan səfirliyinə də zərər dəyib. Prezident Əliyev bu hücumu pislədi və vurğuladı ki, bu, rusların səfirlik binasını və Azərbaycana aid digər obyektləri hədəfə aldığı ilk hadisə deyil", - o qeyd edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz