Prokuror "Toplum TV işi” üzrə həbs olunanlara 13-16 il cəza istəyib
Tarix: Bu gün, 15:48
İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.
Civilazerbaijan.com bildirir ki, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən şəxslərə həbs cəzası istəyib. O, 3 il dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri Akif Qurbanovun 16, "Toplum TV" həmtəsisçisi Ələsgər Məmmədlinin 15, siyasətçi Ruslan İzzətlinin 16, IDI əməkdaşları Ramil Babayevin 14, Əli Zeynalın 15, İlkin Əmrahovun 14, "Toplum TV" əməkdaşları Müşfiq Cabbarın 14, Fərid İsmayılov və Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Eyni zamanda o, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş maşınları və evlərinin müsadirə edilərək mülki iddianın təmin edilməsini təklif edib. O, Elmir Abbasovun məhkəmə zalında həbs olunmasını istəyib.
Növbəti proses iyunun 22-nə təyin edilib.
"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













