Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olunub
Tarix: Bu gün, 18:28
Hal-hazırda İsveçrədə yaşayan azərbaycanlı yazıçı-dramaturq Samir Sədaqətoğlunun "Yerə-göyə sığmayan" ("NEPOSTİJİMIY") pyesi Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Musiqili Dram Teatrının quruluşunda Türkiyə Cümhuriyyətində nümayiş olunub. 38-ci Beynəlxalq Dənizli Teatr Festivalına dəvət alan səhnə əsəri 12 may 2026-ci il tarixində tamaşaçılara təqdim olunub.
Civilazerbaijan.com bildirir ki, tamaşaçıların böyük maraq və rəğbətinə, rezonansa səbəb olan səhnə əsərinin quruluşçu rejissoru və baş rolun ifaçısı Azərbaycan Respublikasının Əməkdar artisti və Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimi Sərvər Əliyevin sözlərinə görə, tamaşa anşlaqla keçib, dəfələrlə alqışlanıb.
"Tamaşamızın nümayişi gözlədiyimizdən də böyük marağa səbəb oldu. Zalda göz yaşlarını saxlaya bilməyən tamaşaçılar əsərin nümayişindən sonra bizə yaxınlaşıb ağlaya-ağlaya ürək sözlərini söyləyir, belə bir əsər ərsəyə gətirdiyimiz üçün təşəkkürlərini bildirirdilər. 38-ci Beynəlxalq Dənizli Teatr Festivalının təşkilatçıları tamaşamızın festivalda nümayiş olunan əsərlər arasında ən yaxşılardan biri, bəlkə də birincisi olduğunu xüsusi olaraq qeyd etdilər və pyes müəllifinin digər əsərləri ilə necə tanış ola biləcəklərini soruşdular. Festivalda mükafatlandırama sistemi olmadığı üçün "Yerə-göyə sığmayan" faciəsinə görə bizə xüsusi hədiyyələr təqdim olundu".
Sərvər Əliyev həmçinin bildirib ki, tamaşanın nümayişindən sonra Tbilisi Dövlət Azərbaycan Dram Teatrının rəhbərliyi və yaradıcı heyəti də bu əsərə xüsusi maraq göstərib, Samir Sədaqətoğlunun həm bu əsərini, həm də digər əsərlərini səhnələşdirmək istədiklərini söyləyiblər.
"Mən onlara bildirdim ki, Samir Sədaqətoğlu ilə əlaqə saxlayıb icazə aldıqdan sonra həm "Yerə-göyə sığmayan" faciəsini, həm də onun başqa pyeslərini onlara göndərəcəyəm" deyə Sərvər Əliyev əlavə edib.
Qeyd edək ki, tamaşanın musiqi tərtibatçısı Dağıstan Respublikasının Əməkdar artisti Sevda Bəybalayevadır. Dərbənd Azərbaycan Dövlət Musiqili Dram Teatrının direktoru isə Dağıstan Respublikasının Əməkdar Mədəniyyət işçisi Firdovsi Əsgərovdur.
Samir Sədaqətoğlunun "Yerə-göyə sığmayan" faciəsi "Azadlıq həzzi” və "Bir redaksiyada” ("Dəvədən böyük…”) əsərləri ilə yanaşı 2010-cu ildə Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin keçirdiyi "Kiçik həcmli pyeslər və hekayələr” müsabiqəsində iştirak edib və ikinci yeri qazanıb. 2011-ci ildə həmin pyeslər səhnələşdirilərək Xalq Teatrları Festifalında nümayiş olunub, "Yerə-göyə sığmayan” pyesi festifalın 2-ci mükafatının, digər bir pyesi isə "Ən yaxşı kişi obrazı” nominasiyasının qalibi olub.
2011-ci ildə "Yerə-göyə sığmayan" pyesi Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Sərvər Əliyevin mizanında uğurla səhnələşdirilərək tanınmış və sevilən aktyor Natiq Fərzəliyevin ifasında tamaşacılara təqdim olunub.
2012-ci ildə "Yerə-göyə sığmayan" əsərinin də daxil olduğu "Həbsxanada bayram” dramı Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi "Axundov dərsləri” çərçivəsində qalib elan olunaraq Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə rus dilinə tərcümə olunub və Azərbaycan Respublikası tərəfindən Beynəlxalq Teatr Xadimləri Assosasiyasının Moskvada nəşr olunan "MDB-nin ən yaxşı gənc dramaturqları” toplusuna daxil edilib.
Xartırladaq ki, Sərvər Əliyev 2017-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru vəzifəsində çalışıb. Azərbaycan Respublikası və Dağıstan Respublikası Mədəniyyət nazirliklərinin qarşılıqlı razılaşması əsasında o, 2018-cü ildə Dərbənd Azərbaycan Dövlət Musiqili Dram Teatrına Baş rejissor təyin olunub və paralel olaraq burada fəaliyyət göstərib. Bundan əvvəl isə o, 2014-cü ildən 2017-ci ilə qədər Ağdam Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində çalışıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər




















