Azərbaycan hərbi obyektləri 100 km-dən məhv edən silah yaradır - FOTO

Xəbərin çap versiyası
Tarix: 14-04-2017, 16:13
Azərbaycan hərbi obyektləri 100 km-dən məhv edən silah yaradır -


Azərbaycanda pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb.

SİVİL.AZ "Qaynar"-a istinadla xəbər verir k, bu barədə Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində ilin birinci rübünün yekunlarına dair kollegiya iclasında bildirilib. İclas nazir Yavər Camalovun sədrliyi ilə olub.

Söhbət Azərbaycan ötən il yaradılan, sınaqları uğurla başa çatdırılan və təqdimatı keçirildikdən sonra seriyalı istehsalına başlanılan “Zərbə-KM” (təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz uçuş aparatının yeni növü olan, düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometrlik məsafədən tam müəyyən edən və məhv etmək iqtidarında olan “Zərbə-KH” (kumulyativ başlıqlı) PUA-sından gedir.

Eyni zamanda, iki istiqaməti - zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılmasını bir arada aparan yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başlanılıb.

Yaradılması nazirliyin müəssisələrində aparılan və artıq silahlanmaya tövsiyə olunan “Yalquzaq” snayper tüfənginin, xüsusi təyinatlı əl pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, əl qumbaraatanının, müxtəlif millimetrlik avtomatların, F-1 tipli əl qumbarasının, atəş yığımının və s. məmulatların cari ildə seriyalı istehsalı nəzərdə tutulur.

Azərbaycan hərbi obyektləri 100 km-dən məhv edən silah yaradır -

“Yalquzaq” snayper tüfəngi

Kollegiyada qeyd olundu ki, ilk dəfə “ADEX-2016“ ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində maket və 3D animasiya formatında nümayiş etdirilən “Tufan” minaya davamlı milli zirehli nəqliyyat vasitəsinin üzərində aparılan işlər uğurla başa çatdırılıb və cari ilin fevral ayında Müdafiə Nazirliyi və digər güc strukturlarının aparıcı mütəxəssislərinin iştirakı ilə təqdimatı keçirilib. Sınaqlar zamanı milli zirehli nəqliyyat vasitəsi qarşıya qoyulan tələblərə cavab verib və mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.

Ağırlığı 12,3 tona çatan, 3000 kiloqrama qədər faydalı yük və 10 nəfər şəxsi heyəti tam təhlükəsiz şəraitdə daşımaq imkanına malik olan “Tufan” zirehli nəqliyyat vasitəsi 100 faiz Azərbaycan dizaynerlərinin və mühəndislərinin kreativ fikirlərini və təcrübəsini özündə birləşdirən məhsuldur.

“Tufan” milli zirehli nəqliyyat vasitəsinin üzərində quraşdırılmış 12,7; 14,5; 23 və 30 millimetrlik silahlarla təchiz edilmiş universal döyüş modulu da nazirliyin müəssisələrində istehsal olunub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz