“Bakı-2017”nin başlanmasına 25 gün qalması münasibətilə İçərişəhərdə fləşmob təşkil olunub - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 18-04-2017, 05:00
“Bakı-2017”nin başlanmasına 25 gün qalması münasibətilə İçərişəhərdə fləşmob təşkil olunub -


“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına 25 gün qalması münasibətilə Oyunların Əməliyyat Komitəsinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə İçərişəhərdə 200-dən çox gəncin iştirakı ilə fləşmob keçirilib.

“Bakı-2017”dən SİVİL.AZ-a bildiriblər ki, tədbirin məqsədi əhalinin Oyunlarla bağlı məlumatlılığını artırmaqdır.

IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə keçirilən kütləvi aksiyada bir qrup gəncə dəstək verən 50-dən çox rəqqas, Oyunlarda iştirak edəcək ölkələrin bayraqları ilə hər kəsi salamlayıb, “Bakı sizi gözləyir” mesajını veriblər. “Bakı-2017”ni təmsil edən 200-ə yaxın könüllü də fləşmobun fəal üzvləri sırasında olub.

Fləşmobun mahir memarlıq və sənətkarlıq nümunəsi olan İçərişəhərdə keçirilməsi təsadüfi deyil. Bu gün memarlığımızın və mədəniyyətimizin nadir incisi olan İçərişəhər Azərbaycanın tarixi qoruğudur. Fləşmobun məhz burada keçirilməsinin əsas səbəbi ölkəmizin Şərq ruhunu qonaq ölkələrə bəyan etməkdir. Yüzilliklərdən süzülərək bu günümüzədək gəlib çatan İçərişəhər memarlıq kompleksi tarixin bir çox sirlərini öz divarlarında, dar küçələrində qoruyub yaşadır. Ölkəmizə təşrif buyuracaq qonaqlar burada Şərqin nadir incisini, memarlıq nümunələrini görməklə yanaşı, özlərini tarixin bir parçası kimi hiss edəcəklər.

Fləşmobda iştirak edən Kamran Qədirli tədbirlə bağlı təəssüratlarını bölüşərkən deyib: “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bir hissəsi olduğuma görə çox sevinirəm. Oyunlara artıq çox az vaxt qalır və həyəcan getdikcə artır. Bu gün də bu aksiyada iştirakımızın əsas məqsədi bizim burada yaşadığımız həyəcanı hamı ilə paylaşmaqdır. Əminəm ki, Oyunlar zamanı qonaqlar Bakımızın gözəlliyinə heyran qalacaqlar”.

“Bakı-2017”nin başlanmasına 25 gün qalması münasibətilə İçərişəhərdə fləşmob təşkil olunub -
“Bakı-2017”nin başlanmasına 25 gün qalması münasibətilə İçərişəhərdə fləşmob təşkil olunub -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz