“Bakı-2017”nin azərbaycanlı mükafatçılarının şərəfinə “Zəfər günləri” təşkil ediləcək
Tarix: 1-05-2017, 12:35
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə bu mötəbər yarışda qalib gələn və mükafatçılar sırasına düşə bilən azərbaycanlı idmançıların şərəfinə “Zəfər günləri” adlı xüsusi tədbirlər təşkil edəcək. “Zəfər günləri” silsilə tədbirləri mayın 14-dən 23-dək davam edəcək.
SİVİL.AZ xəbər verir ki, bu barədə mayın 1-də Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “Zəfər günləri” kampaniyasının təqdimat mərasimində məlumat verib.
Kampaniyanın əhəmiyyətindən və tarixindən danışan Ç.Hüseynzadə qeyd edib ki, birinci Avropa Oyunları zamanı 50-dən çox idmançımız “Zəfər günləri” tədbirində iştirak edib.
Sonra “Zəfər günləri-2015” kampaniyasına dair videoçarx nümayiş olunub.
MOK-un marketinq idarəsinin rəisi Mehman Kərimov bildirib ki, Milli Olimpiya Komitəsi tərəfindən ikinci dəfə keçiriləcək bu layihə çərçivəsində qalib idmançılarımızın, medallar qazanan atletlərimizin, onların ailə üzvlərinin, yaxınlarının, idman mütəxəssislərinin, ictimaiyyətin və KİV-lərin nümayəndələri ilə Komitədə görüşləri təşkil ediləcək. Beləliklə, MOK artıq ikinci dəfə medalçılar üçün yüksək səviyyədə mərasim təşkil edəcək. Tədbirlərdə KİV nümayəndələrinin uğur qazanan atletlərimizdən, onların ailə üzvlərindən müsahibələr alması üçün də şərait yaradılacaq.
Diqqətə çatdırılıb ki, “Zəfər günləri” vasitəsilə MOK yenə də Azərbaycan atletlərinin, KİV-lərin və idman ictimaiyyətinin doğma ocağına çevriləcək. Komitənin binasının qapıları mayın 14-dən 23-dək hər gün saat 13:00-da “Zəfər günləri”ndə IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizin atletlərini dəstəkləyən, onların qazandıqları uğurlarla bağlı sevinclərini bölüşən, qaliblərlə görüşmək istəyən və digər maraqlı, yaddaqalan anların, ümumiyyətlə, “Bakı-2017” kimi tarixi hadisənin şahidi olmağa can atan insanların üzünə açıq olacaq. Bununla yanaşı, Oyunların və idmançılarımızın nailiyyətlərinin təbliği məqsədilə sosial medianın imkanlarından da geniş istifadə ediləcək.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər